Sərdar Cəlaloğlu: “Müxalifət liderləri şəhidin dəfninə gedəndə…”

Sərdar Cəlaloğlu: “Müxalifət liderləri şəhidin dəfninə gedəndə…”

serdar.jpg

“Rusiya da Avrasiya İttifaqına qoşulmağın müqabilində 3-4 rayonun qaytarılmasını söz verə bilər”

ADP sədri Sərdar Cəlaloğlu cəbhə xəttində baş verən son hadisələrlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

– Sərdar bəy, cəbhə xəttində nə baş verir?

– Bunun üçün xüsusi bir müşahidəyə ehtiyac yoxdur. Rusiyanın vəziyyəti gərginləşdirmək siyasətidir, Ukrayna hadisələri kontekstində istiqaməti Cənubi Qafqaza cəlb etmək istəyir. Rusiya Qərbə mesaj verir ki, lazım olanda Cənubi Qafqazda sabitliyi poza bilər. Yəni bir növ hədə-qorxu gəlməyə çalışır.
Azərbaycan və Ermənistan da müstəqil siyasət apara bilmirlər. Odur ki, qeyri-adi heç nə baş verməyib, Rusiyanın oyunlarıdır.
Cəbhə xəttində siyasi oyunlar üçün təxribatlara həyata keçirilir. Rusiya beynəlxalq ictimaiyyətin müqavimətini bölməyə çalışır. Ona görə də cəbhədə aktivləşmə prosesini həyata keçirir. Qərbin təzyiqləri qarşısında bu addımı atmaqla onun maraqlarını təhlükə altına qoyur.
Qərbin də Azərbaycanda maraqları var və istər-istəməz təhlükə yarananda Rusiya ilə bazarlığa getməyə məcbur olacaq. Bütün bunlara ona hesablanıb. Yəni cəbhə xəttində provokasiyalar təşkil etməklə Rusiya alver üçün zəmin hazırlayır.

– O halda Soçi görüşü də əvvəlcədən planlaşdırılıbmış demək?

– Bəli. Siz Rusiyanın 200 illik siyasi tarixini müqayisə edin. İstər çar dövrü, istərsə də sovet vaxtında Amerika bir ölkəyə girəndə, ruslar başqasına soxulublar. Hadisələr bu şəkildə cərəyan edir. Rusiya Cənubi Qafqazı əlində saxlamaq istəyir.
Həmişə böyük dövlətlər balaca xalqları hədəf, qurban seçirlər. Təəssüf ki, Azərbaycan da bu problemlə üz-üzə qalıb. Üstəlik, Azərbaycan və Ermənistanda xalq hakimiyyətləri deyil. Ermənistan heç müstəqil deyil, bizimkilər isə təxribata uyurlar. Ona görə Rusiya regionu əlində saxladığını nümayiş etdirir, daha böyük hadisələr törədə biləcəyini göstərir.

– Soçi görüşündə Rusiya Azərbaycandan nə qopara bilər?

– Əvvəla, Jirinovskinin çıxışlarına diqqət yetirək. Gah Azərbaycan xalqını qoyun adlandırırdı, gah bu xalqın mövcud olmadığını, Xəzər sahillərindən gəldiyini söyləyirdi, təhqir edirdi. İki gün əvvəl isə çıxışında qeyd edib ki, Azərbaycan düz yoldadır.
Nə dəyişdi ki, Jirinovski birdən-birə Azərbaycan haqda müsbət fikirlər səsləndirməyə başladı? Deməli, Azərbaycan hakimiyyəti Rusiya ilə haradasa razılığa gəlib, onlara uyğun hərəkət edib. Hökumət Rusiyadan asılıdır, burada müəyyən adamlar Kremlin siyasətini həyata keçirir. Rusiya da Azərbaycan rəhbərliyinə bunun qarşılığında vədlər verə bilər. Avrasiya İttifaqına qoşulmağın müqabilində 3-4 rayonun qaytarılmasını söz verə bilər. Soçidə ola bilsin ki, bu məsələni müzakirə etsinlər. Ancaq bu, Rusiyanın təxribatdır. Əgər Azərbaycanın öz gücü varsa, torpaqlarını işğaldan azad etməlidir. Bu vəziyyətdə həm qurban veririk, həm də nəticəsi olmur.

– Cəbhə xəttində baş verənlər təxribatdırsa, bəs bu müharibə ovqatı, səfərbərlik söz-söhbəti nədir?

– Tamamilə yanlış siyasətdir. Sanki müharibə başlayıb. O yalan fikirdir ki, atəşkəs dövrünün ən böyük itkisi bu əməliyyatlarda olub. Bundan qabaq da olub. Sadəcə, indi şişirdiblər və siyasi məsələyə çevrilib. Hər bir vətəndaşımızın itkisi bizim üçün ağırdır, böyükdür.
Ancaq bu məsələni şişirtmək, siyasi oyun qurmaq yanlış idi. Qardaş Türkiyənin başı seçkilərə qarışıb, kimin prezident, kimin baş nazir olacağı bilinmir, o halda Azərbaycan müharibəyə başlasa Türkiyədən dəstək ala bilməyəcək.
Bir yandan Avropa institutları istirahətə çıxıblar, hamı üçün yay vaxtıdır. Belə vəziyyətdə Azərbaycanın müharibəyə getsək, suverenliyi əldən verə bilərik. Rusiya zaman və məkan faktorundan əlverişli istifadə etdi, cəbhə xəttində təxribatlar elədi. Biz zaman və məkan amilini dəyərləndirə bilməliyik. Hər halda indi Qərb bu təxribatın qarşısını almağa çalışacaq.

– Sərdar bəy, bu hadisələrdə ən çox müxalifəti qınadılar ki, şəhidlərin dəfninə getmədiniz. Niyə getmədiniz?

– Biz bir şəhidin, bir məcburi köçkünün ailəsinə gedəndə deyirlər ki, hadisəni siyasiləşdirirsiniz. Əlbəttə, borcumuzdur ki, şəhidlərimizin dəfnində iştirak edək. Türkiyədə belə bir ənənə var. Ancaq Azərbaycanda müxalifət liderləri şəhidin dəfnində iştirak etməyə gedəndə ailəsinə ya təzyiq göstərilir, ya qanqaraçılıq salınır, ya da müxalifətin əleyhinə qaldırılır.
Müxalifətə xalqla yaxınlaşmağa imkan verilmir. Reallıq bundan ibarətdir. Ona görə də getmirik ki, bir kasıbın övladı şəhid olub, bizə görə ailəsinə qarşı təzyiq, qanunsuzluq olacaq, onların dərdi özlərinə bəsdir.
Hökumət də bilir ki, şəhidin dəfnində iştirak etsəm öz fikrimi bildirəcəyəm, sözümü deyəcəyəm. Adi bir yasda iştirak edəndə 15 dəqiqədən artıq oturmaq olmur. Yaxınlaşıb soruşurlar ki, burada nə iş görür, nə danışır? Ona görə əslində rayon camaatı elliklə şəhidin dəfnində iştirak etməlidir. Amma gördünüz ki, ona da mane oldular. Şəhidləri adi vətəndaşın ölümü kimi 10-15 nəfərin iştirakı ilə dəfn etdilər.

COMMENTS