Bakının Nizami rayonunda, Qara Qarayev prospektində, “Neftçilər” metrostansiyasının çıxışında təxminən iki hektara yaxın ərazidə ağaclar qırılıb və orada tikinti işlərinə başlanıb.
Həmin ərazidə yaşayan sakinlərin sözlərinə görə, hazırda tikinti sahəsi kimi hasara alınmış ərazidə əvvəllər 50-60 ədəd çoxillik ağaclar olub. Tikintidən əvvəl yay aylarında bu ərazi kafe və çayxana kimi istifadə olunub.
Bu ilin yayında həmin ağaclar gecə ikən çıxardılıb və yerində sözügedən tikinti başlanıb.
Tikintinin kim tərəfindən aparılması və hansı məqsədlə tikilməsi heç kimə bəlli deyil. Sakinlərin sözlərinə görə, təxminən iki ay əvvəl tikinti dayandırılıb. İddialara görə, bu tikintinin bünövrəsi metronun “Neftçilər” stansiyasının üzərində tikildiyindən, metropoliten də məsələyə qarışıb və tikintini dayandırıb.
Sakinlərin sözlərinə görə, Nizami rayonu, keçmiş icra başçısının Mehbalı Əliyevin vaxtında, yaşıllıqların ən çox məhv edildiyi rayon olub. Ancaq 2010-cu ildən etibarən yeni icra başçısı Tahir Budaqov bu prosesi dayandırsa da, son bir ildir ki, yaşıllıqların məhv edilməsi prosesi yenidən başlanıb.
Məsələyə münasibət bildirən Nizami RİH-in təsərrüfat şöbəsinin müdiri Babək Tatlıyev bildirdi ki, sözügedən tikinti ilə maraqlanıb ətraflı açıqlama verəcək. Mövzunu davam etdirəcəyik.
COMMENTS