Sahibkarlar “iki od arasında” qalıblar: Manatın devalvasiyası və “vergi terroru”…

Vahid Əhmədov: “Mən qeyri-qanuni rüsumları başa düşə bilmirəm”

Nazim Məmmədov: “Təklif edirəm ki, Vergilər Nazirliyindən başqa heç bir qurum sahibkarlarla təmasda olmasın”

Dövlət büdcəsinə neftdən gələn gəlirlərin azalması, üstəlik son iki ayda manatın saxlanılması üçün büdcədən 4,5-5 milyard manat civarında vəsaitin xərclənməsi hökuməti ciddi tədbirlərə əl atmağa vadar edib. Bu tədbirlərdən biri də ölkə boyunca sahibkarlıq subyektlərindən vergi toplaması ilə bağlı təzyiqlərin artırılmasıdır.

Azərbaycanda istər iri, istərsə də orta və xırda sahibkarların vergidən yayınması hər kəsə məlum olsa da, artıq Vergilər Nazirliyi heç kimə güzəşt etmədən bütün obyektlərdə yoxlamalara başlayıb. Dövriyyəsini gizlədən, vergidən yayınan sahibkarlara qarşı çox sərt tədbirlər həyata keçirilir, yüksək məbləğdə cərimələr tətbiq olunur. Bu kimi halları bir çox sahibkarlar “Yeni Müsavat”ın redaksiyasına şikayət edərkən təsdiqləyiblər.

Digər tərəfdən, manatın devalvasiyası nəticəsində əksər məhsulların maya dəyərinin 30 faiz artması və hökumətin qiymət artıranlara qarşı gördüyü sərt tədbirlər də sahibkarları çıxılmaz vəziyyətə salıb. İş adamları onların bu vəziyyətdən çıxarılması üçün dövlət tərəfindən ediləcək güzəştləri gözlədiyi halda, onların daha çox təzyiqlə üzləşməsi, bəzilərini hətta öz obyektini bağlayıb, getməyə vadar edib.

Redaksiyamıza müraciət edən iş adamları isə dövlət başçısının vergi müfəttişlərini nəzarətə almaqla, bununla bağlı da göstəriş verməsini istəyirlər. Əks halda, ölkədə xırda sahibkarlığın yoxa çıxması təhlükəsi var ki, bu da birbaşa ölkə iqtisadiyyatına zərbə vurur.

Bu problemə münasibət bildirən millət vəkili, İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov qeyri-qanuni vergi rüsumlarının yığılmasının qəbuledilməz olduğunu  bildirdi: “Son zamanlar manatın devalvasiyası bir çox sahibkarlar üçün problemlər yaradıb. Ərzaq sahəsində ticarət normal davam etsə də, qeyri-ərzaq sahələrində durğunluq hökm sürür. Ola bilər ki, vergi borcları ilə əlaqədar vergi  müfəttişləri tələbləri artırıblar və sahibkarlar da hazırki dövrdə ödəniş edə bilmirlər. Qeyri-qanuni rüsumları isə mən başa düşə bilmirəm. Onsuz da hazırda sahibkarların vəziyyəti çətindir. Vergi orqanları qanunun tələblərinə riayət etməlidirlər”.
 
İri sahibkarların, monopolistlərin sıxışdırılmasına gəlincə, Vahid Əhmədov bildirdi ki, qeyri-rəsmi vergi toplamalarını artırmaqla bu vəsaitləri büdcəyə yönəltmək qeyri-mümkündür: “İri sahibkarların əksəriyyəti dövlətin öz adamlarıdır və onlar qarşıya çıxan problemləri özləri həll edirlər. Mən bu yaxınlarda hökumətin hesabatına baxdım və müşahidələrimə görə, iri vergi ödəyicilərinin borcları daha çoxdur. Həm hökumət təşkilatlarının, həm də özəl qurumların, iri holdinqlərin vergi borcları həddindən artıqdır. Ola bilər ki, vergi yığımlarını artırmaq üçün onlara təzyiqlər olunsun”.

Sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədov isə vergidən yayınma hallarının qarşısını almaq üçün  əmək haqlarından tutulan vergilərin faiz dərəcəsinin azaldılmasını təklif etdi: “Azərbaycanda vergi dərəcələri ümumi olaraq, dünyada qəbul olunmuş standartlara uyğundur və bu vergi dərəcələrindən şikayət olunmasını mən haqsız hesab edirəm. Bu, heç kimə sirr deyil ki, Azərbaycanda vergi vermə mədəniyyəti elə də yüksək səviyyədə deyil. Bunun da obyektiv səbəbləri var. İstənilən halda, neft gəlirləri azaldığından, büdcə gəlirlərini artırmaq üçün vergi təzyiqi artırılmalıdır. Mən bunu obyektiv hesab edirəm. Çünki büdcə kəsirlərini qapatmaq üçün daha çox vergi cəlb etmək lazımdır.

Azərbaycanda əsas vergidən yayınma əmək haqlarından tutulan vergilərdir. Çünki 25 faiz Sosial Müdafiə Fonduna, üstəgəl 14 faiz minimum gəlir vergisi ödənilir ki, bu da birlikdə 39 faiz edir. Ona görə də, sahibkarlar verdikləri əmək haqqını ikili mühasibatlıq qaydasında ödəməyə daha çox üstünlük verirlər. Çünki əmək haqqından 39 faiz tutulması çox yüksək məbləğdir. Qonşu Gürcüstanda da vergi dərəcəsi belə idi. Ancaq bir neçə il öncə sosial müdafiə fondunu ləğv etdilər və oraya verilən vergini birləşdirərək sosial vergi adı altında 20 faizə endirdilər. Bundan sonra isə heç kim ikili mühasibatlıq yolu ilə əməkhaqqını gizlətməyə çalışmadı”.

N.Məmmədov vurğuladı ki, əslində sahibkarı pis vəziyyətə salan vergi orqanları yox, ona qədər gələn müfəttişlər və digərləridir: “İkinci bir məsələ odur ki, müxtəlif dövlət orqanlarının nümayəndələri sahibkarların üzərinə yürüyürlər,  qeyri-qanuni tələbləri irəli sürərək, sahibkardan haqq tələb edirlər. 16-dan yuxarı yoxlama orqanları var ki, il ərzində onlar hərəsi bir dəfə sahibkarın üzərinə gəlsələr, bu həmin sahibkara nə qədər maddi və psixoloji zərbə vurar. Mən təklif edirəm ki, Vergilər Nazirliyindən başqa heç bir qurum sahibkarlarla təmasda olmasın. Hər gün bir qurum, abadlıq-quruculuq adı altında icra hakimiyyəti nümayəndələri və digərləri sahibkara müdaxilə etməməlidir. Xüsusən də bölgələrdə yerli icra orqanları sahibkarlara çox təzyiqlər göstərirlər. Sahibkar onlara haqq ödəməkdən müflisləşir və ödəyəcəyi vergini belə, ödəyə bilmir. Mənə elə gəlir ki, Vergilər Nazirliyi daha çox iri holdiqnlərin üzərinə getməlidir. Nazirliyin özünün açıqladığı siyahıya görə, dövlət müəssisələri, iri vergi ödəyiciləri, holdinqlər, dövlət investisiyalarını həyata keçirən şirkətlər daha çox vergidən yayınırlar. Kiçik sahibkarlar heç vaxt vergidən yayınmırlar və onlara edilən təzyiqlər doğru deyil. Bunu həyata keçirən Vergilər Nazirliyi deyil, başqa qurumlardır. Bu sahədə ciddi islahatlar aparılmalıdır. Burada yalnız Vergilər Nazirliyini günahlandırmaq düzgün deyil”.

Günəmuzd işçilərin işə götürülməsi istiqamətində edilən təzyiqlərə gəlincə, Nazim Məmmədov bildirdi ki, bir çox koteqoriyadan olan peşə sahibləri – fəhlələr, təmirçilər, sürücülər, ev təsərrüfatında çalışanlar və digərləri vergiyə cəlb olunmurlar və burada problemlər mövcuddur: “İnsanlar baxırlar ki, iri holdinq sahibləri vergi vermir və onlar da vergidən yayınmağa çalışırlar. Vergi mədəniyyətinin olmaması nümunələrin pis olmasından qaynaqlanır. Cənab prezident bir neçə il öncə dövlətin cari xərclərini vergilər hesabına formalaşdırmaq haqqında qərar qəbul edib. Ancaq bu il bizim cari xərclərimiz 11 milyarda yaxındır. Lakin onun cəmi 7,8 milyard manatı vergi və gömrük rüsumlarından formalaşır, qalan hissəsi isə Neft Fondundan transfer olunur. Ona görə də, vergi bazasını artırmaq lazımdır. Bu da sahibkarlıq fəaliyyətinin artırılmasından və monopoliyanın aradan qaldırılmasından  keçir. “Baku Still Company” adlı bir şirkət bir neçə il öncə 20-dən artıq kiçik şirkəti bazardan çıxararaq, monopoliya yaratdı. Bu da ölkənin iqtisadiyyatına çox ciddi ziyan vurdu. Nəticədə iqtisadi dözümlülüklə bağlı beynəlxalq iqtisadi reytinqində Azərbaycan daha çox gerilədi. Bu, o deməkdir ki, Azərbaycan yaxın gələcəkdə ciddi islahatlar aparmasa, neft gəlirlərinin azalması fonunda ciddi iqtisadi problemlərlə üzləşə bilər. Bunun üçün inhisarçılıq aradan qaldırılmalıdır, məmur özbaşınalığına son qoyulmalıdır, dövlət vəzifəsində oturub, öz bizneslərini idarə edən şəxslər ya vəzifədən getməlidirlər, ya da biznesə son qoymalıdırlar. Çünki onlar vəzifələrindən istiadə edib, başqa sahibkarların biznesini çökdürürlər”.
 
Ekspertin fikrincə, Vergilər Nazirliyi yığımları artırmaq üçün səslənən təklifləri nəzərə alaraq, islahatlar aparmalıdır: “Dediyimiz kimi, sosial vergi dərəcəsi müəyyən olunmalıdır. Sosial Müdafiə Fondu ləğv edilməli, onun yığımla bağlı səlahiyyətləri Vergilər Nazirliyinə verilməlidir. Gömrük Komitəsi, DSMF, Meliorasiya və Su Təsərrüfatı kimi qurumlar isə ləğv olunmalıdır. Bu islahatlar aparılmasa, vəziyyət getdikcə pisləşəcək”.

Qeyd edək ki, məsələ ilə bağlı Vergilər Nazirliyinə rəsmi sorğu göndərilib və veriləcək cavab qəzetimizdə işıqlandırılacaq.  

COMMENTS