Top.Mail.Ru

Şairə Esmira Günəşin ŞEİRLƏRİ

Dosye.org saytında şairə Esmira Günəşin şeirləri yayımlanır. Hörmətli oxucularımıza şairənin sevgi dolu şeirlərini hissə-hissə təqdim edəcəyik.

“Ürəyimdən vurma məni”

Niyə baxmırsan üzümə ?
Gözlərini qaçırırsan.
Yoxsa bu son görüşdür yar,
Ürəyini uçurursan.

Danış görüm, dillən daha,
De, səbəbin neyləmişəm.
Gəl səbəb olma sən aha,
Mən ki, səni çox sevmişəm.

Buz dağısan qabağımda,
Üşüyürəm baxıb sənə.
Sevgin düşüb yanağımda,
Belə əzab vermə mənə.

Yad olmusan birdən-birə,
Sevgi belə bitərmi yar ?
Biz düşərik dildən-dilə,
Ömür sona yetərmi yar ?

Susma danış, bircə kərə,
De ki, “sevməmişəm səni”
Heyfin gəlsin o illərə,
Ürəyimdən vurma məni.

Bir insan səbəbsiz sevməzmi yəni ?

Belə sual verdin dünən sən mənə,
Niyə bu qədər çox sevirəm səni ?
Tutuldum mən cavab vermədim sənə,
Bir insan səbəbsiz sevməzmi yəni ?

Məndən uzaqdasan görmürəm səni ,
Amma ki, olmusan qəlbimin təni.
Mən necə anladım indi sevgimi ?
Bir insan səbəbsiz sevməzmi yəni ?

Səsində rahatlıq tapıram inan,
Mən sənin səsini duyduğum zaman.
Yoxdu sözlərimdə inan ki, yalan,
Bir insan səbəbsiz sevməzmi yəni ?

Gözündə kədəri hiss edəndə mən,
Biləndə üzülüb ağlamısan sən.
Bu dünya məhv olub düşür gözümdən,
Bir insan səbəbsiz sevməzmi yəni ?

Şəklini ekrana qoyub baxıram,
Dərdini qəlbimə salıb sıxıram.
Səni itirməkdən elə qorxuram,
Bir insan səbəbsiz sevməzmi yəni?

O mənim

O mənim ruhumdu, o mənim canım,
Damarda dövr edib dolaşan qanım.
Mən xəstəyəm odu bir tək dərmanım,
Mən onun yarıyam, o da cananım.

O mənim başımın şirin bəlası,
O mənim gözümün ağı-qarası.
Odu ürəyimin bir tək sonası,
Onu mənim üçün doğub anası.

O mənim aldığım nəfəsdi, nəfəs,
Onunla həyata yaranıb həvəs.
Milyon dəfə baxsam, eyləməz ki, bəs,
O mənim qəlbimdən gələn incə səs.

Gözümdə yaş deyil itirim onu,
O boş həvəs deyil, bitirim onu.
O mənim sevgimdi anla sən bunu,
Onunla gələcək ömrümün sonu.

Esmira Günəş

COMMENTS