Şair Ağacəfər Həsənlinin yeni kitabı – “Ağ külək”

Şair Ağacəfər Həsənlinin yeni kitabı – “Ağ külək”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Ağacəfər Həsənlinin “Ağ külək” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə tanınmış ədəbiyyat xadimləri, ziyalılar, şairin qələm dostları, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi İlqar Fəhmi Ağacəfər Həsənlinin yaradıcılığa başladığı 70-80-ci illər ədəbiyyatından söz açıb: “Bəzən biz Ağacəfər müəllimin və onun nəsildaşlarına müəyyən mənada qibtə edirik ki, onlar şeirin, sənətin dəyər gördüyü bir zamanda ədəbiyyata gəliblər. Onların dövründə bir kitab, bir jurnal 70-80 min, bəzən 100 min tirajla çap olunub. Bir tərəfdən isə bunun özü də böyük məsuliyyətdir. Ağacəfər müəllimin də qələmi, yaradıcılığı şeirə, sözə məsuliyyət hissinin olduğu, diqqət ayrıldığı həmin dövrdə formalaşıb. Onun şeirlərinə diqqət yetirən hər kəs bu məsuliyyəti misralarda, sözlərdə də hiss edəcək”.

Xalq şairi Sabir Rüstəmxanlı müəllif və onun yeni kitabı haqqında danışarkən deyib: “80-90-cı illərdə meydana çıxan ədəbiyyatımızın əsl ədəbiyyat baxımından dəyərini bilməliyik. Onların nümayəndəsi Ağacəfər Həsənli də çox keşməkeşli və zəngin yaradıcılıq yolu keçib. Onun yaradıcılığı mütləq geniş və sanballı şəkildə tədqiq olunmalıdır. “Ağ külək” kitabında son dövr şeirləri ilə yanaşı, lirik-fəlsəfi fikirləri, poetik düşüncələri də diqqət çəkir. Bunların özü də bir şeirdir”.

Tənqidçi Vaqif Yusifli müəllif barədə bildirib ki, o, dərin lirik-poetik düşüncələrə sahib, sözə qarşı diqqətli bir şairdir: “Onun hər şeirində özünün obrazı var. Son illərdəki şeirlərində fəlsəfi düşüncələr daha da artıb. Poeziyası dil, üslub nöqteyi-nəzərdən də diqqətəlayiqdir. Onun içi Füzuli göynərtisi, Füzuli sevgisiylə doludur”.

Şair Vaqif Bəhmənli şairlə dostluğundan söz açıb, onun xarakterindəki yüksək insani keyfiyyətlərin poeziyasına da təsir etdiyini vurğulayıb: “Məndə belə bir təəssürat var ki, sanki onun bu yeni kitabı birnəfəsə yazılıb. Şeirlər müxtəlif mövzuda olsa da, onlar arasında poetik yaxınlıq, bağlılıq var. Onun xasiyyətindəki sədaqət, etibarlılıq yaradıcılığına da xasdır. Bu kitabdakı şeirlər onun indiki yaşını, məqamını, müdrik çağını əks etdirir”.

Yazıçı Seyran Səxavət deyib ki, A.Həsənli həmişə özünü yazır. Onun şeirlərinin gözəl xüsusiyyətlərindən biri də odur ki, bu şeirlər insandan xüsusi oxu tələb edir.

Daha sonra professor Elman Quliyev, şairlər Adil Cəmil, Oqtay Rza, Maarif Soltan və başqaları söz alaraq şairin yaradıcılığının məziyyətlərindən danışıb, onu yeni kitabı münasibətilə təbrik ediblər.

Aktyor Əli Nur şairin “Ağ külək” kitabında yer alan bir neçə şeirini səsləndirib.

Sonda müəllif qonaqlar üçün kitablarını imzalayıb.

COMMENTS