Sakinləri narahat edən məqamlar
Səhiyyəmizin bugünkü durumu, vətəndaşların xəstəxanalara müraciət edən zaman soyulub soğana çevrilmələri, həmçinin xəstələrə düzgün diaqnoz da qoyulmaması hər kəsə məlumdur.
Təbii ki, heç xoş olmasa da, durum çılpaqlığı ilə göz önündədir. Səhiyyənin bu duruma gəlməsində günahkar kimdir desəniz? Bir çox faktları sadalamaq olar. İlk növbədə təbii ki, səhiyyəmizin belə bir duruma gəlməsində səbəbkar və günahkar vəzifəsindən sui istifadə edən bəzi həkimlərimizdir.
Təkrarçılıq kimi olmasın amma, artıq həkimlərə olan inamsızlıq, özəl və dövlət xəstəxanalarındakı durum, firma dərmanları, səhv qoyulan diaqnozlar, həmçinin yanlış aparılan müalicələr bugünkü səhiyyənin vəziyyətini çılpaqlığı ilə göstərmiş olur. Bu kimi səbəblərdən vətəndaşlar həm müayinə, həm də müalicə üçün başqa xarici ölkələrə getməyə daha çox üstünlük verir.
Demək olar ki, artıq böyük bir kütlə əvvəlcədən özəl klinikaya pul köçürüb rahat olmağa üstünlük verir. Təbii ki, bu durumu hər kəsə şamil etmək olmaz. Çünki özəl klinikaların təklif etdikləri qiymətlər heç də hər kəsin cibinə, büdcəsinə uyğun olmur. Elə bu səbəbdən də, dövlət xəstəxanasına müraciət edən vətəndaşlar olur. Lakin dövlət xəstəxanası olsa da, yaşananlar, həmin xəstəxanalardakı vəziyyət tamam başqadır.
Belə ki, bu gün dövlət xəstəxanalarında şikayət edilən ilk durum, xəstəyə müalicə üçün yazılan bütün dərmanların öz hesablarına alınmasıdır. Bu kimi hallara paytaxtda yerləşən dövlət xəstəxanalarında rast gəlinsə də, bölgələrdəki dövlət xəstəxanaları da onlardan heç geri qalmır. Elə bu səbəbdən də, demək olar ki, hər həftə hansısa bölgənin səhiyyəsindən şikayətlər daxil olur.
Elə bu günlərdə də Salyan rayonundan şikayət daxil olub. Əslində bu durum artıq bizləri elə də təəccübləndirmir. Çünki bu kimi şikayətlər dəfələrlə redaksiyamıza daxil olub. Daxil olan şikayətə görə, Salyan rayon Mərkəzi Xəstəxanasında qanunsuzluq artıq dözülməz həddə çatıb. Deyilənlərə görə, sözügedən xəstəxanaya gələn xəstələrin əlləri mütləq cibində olmalıdır.
Burada olan xidmətlər, heç də özəl klinikalardan fərqlənmir. Adi rentgen müayinəsinin belə, heç olmasa 5-10 manat xərci var. Bundan əlavə bir iynənin vurulması üçün 2 manat, reseptin yazılması üçün 4-5 manat pul tələb olunur. Hələ digər xidmətləri demirik. Belə ki, deyilənə görə, xəstəxanada çalışan ağ xalatlılar həkim yox, sanki bir cəlladı xatırladırlar.
Hələ həkimə desən ki, pulum yoxdur, əlim bir az aşağıdır, nəinki xəstəyə baxmaz, səninlə bir kəlmə belə danışmaz. Hələ xəstəxanadakı antisanitariyanı demirik. Əgər xəstə həkimə müraciət edirsə və xəstənin orada qalması qərarlaşdırılırsa, o zaman xəstəyə lazım olan bütün avadanlıqlar, həmçinin, pambıqdan tutmuş, spirtə qədər hamısı xəstənin yaxınlarına aldırılır.
Bəs görəsən, belə bir şəraitdə xəstələrdən nələrinsə güdülməsi hansı məntiqə sığır? Buradakı əsas problemlərdən biri də, savadsız kadrların həkim kimi fəaliyyət göstərməsidir. Bu isə çox acınacaqlı haldır. Bu zaman ortaya belə bir sual çıxır. Savadsız bir həkim xəstəni necə müayinə və müalicə edə bilər? Təbii ki, edə bilməz.
Bu zaman xəstə ya sonradan savadlı, onu müalicə edə biləcək bir həkim tapmalıdır, ya da ən pis halda dünyasını dəyişməlidir. Hələ bu sadaladıqlarımız Salyan rayon Mərkəzi Xəstəxanasındakı bəzi nüanslardır. Ümumiyyətlə, bu xəstəxana haqqında çox ilginc söz-söhbətlər dolaşır. Həmin xəstəxanada çalışan həkimlərin savadsızlığı ucbatından dəfələrlə insan itkisi baş verib.
Sadəcə, vətəndaşlar öz ölülərinin ruhlarını narahat etməmək və itirdikləri əziz adamlarını bununla qaytarmağın mümkün olmayacağını bildikləri üçün məsələni böyütmək istəməyiblər. Bir sözlə, bu gün Salyan rayon Mərkəzi Xəstəxanasında araşdırılmalı kifayət qədər faktlar, nüanslar var. Hansı ki, illərdir mövcuddur.(gundelik-baku.com)
P.S. Biz isə öz növbəmizdə səhiyyə naziri cənab Oktay Şirəliyevdən və Səlyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Kərimovdan məsələyə müdaxilə etmələrini xahiş edirik.
COMMENTS