Salyan və Bərdədə 3 azyaşlının faciəli ölümü

Salyan və Bərdədə 3 azyaşlının faciəli ölümü

Payız, qış aylarında dəm qazından boğulma can alırdısa, havalar isindikcə suda boğulanlarla bağlı faciəvi xəbərlər eşidirik. Xüsusən də, rayon və kəndlərdə, valideyn nəzarətindən kənarda qalan azyaşlıların su quyusuna, evin yaxınlığından keçən arxa və ya kanala düşərək həyatını itirməsilə bağlı statistika günü-gündən artır.

Virtualaz.org xəbər verir ki, təkcə son 3 gün ərzində ölkədə 3 uşaq su quyusuna yıxılaraq həyatını itirib.

Belə ki, mayın 5-də Bərdə rayonunda 3 yaşlı uşaq su quyusuna düşərək ölüb. Hadisə rayonun  Çələbilər kəndində baş verib. Valideynlərinin gözündən yayınması Səlimzadə Xaliq Şəmistan oğlunun həyatının faciə ilə bitməsinə səbəb olub. Kəndin bələdiyyə sədri Vahid Allahverdiyevin virtualaz.org-a verdiyi məlumata görə, ailənin ondan başqa daha bir azyaşlı uşağı var. Valideynlərin başı iş-gücə qarışdığından uşaqdan xəbərləri olmayıb.

“Ailə bizim qohumumuzdur, uşağın atası mənim yanımda işləyir. Ana da oruc tutan, namaz qılan qadındır. Kənd yeridir də, valideynlər tərəvəz ştilləri əkiblər, həmin vaxt uşaq diqqətdən yayınıb və quyuya düşüb. Sözsüz ki, böyük faciədir, heç bir valideyn uşağının belə olmasını istəməz. Hamı hər şeyi qismətin üzərinə yıxır, amma hadisəni də qabaqcadan görmək lazım idi. Əgər həyətdə quyu varsa, və ya qapan it varsa, uşaqlara xüsusi nəzarət olunmalıdır”.

İki gün əvvəl isə Salyan rayonunda da analoji hadisə baş vermişdi. Rayonun Peyk kəndində iki azyaşlı qardaş su quyusuna düşərək faciəvi şəkildə həlak olmuşdu.

Kənd sakinlərinin məlumatına görə, İsmayılovlar ailəsinin cəmi iki övladı olub. Hadisə baş verən vaxt uşaqların atası, 27 yaşlı Rahin İsmayılov heyvan otarmağa gedibmiş: “ 2016-cı il təvəllüdlü Nahid və 2017-ci il təvəllüdlü Nail İsmayılovlar evin yaxınlığından keçən su arxına yıxılıblar. Həmin vaxt uşaqların anası bostanda çalışırmış və uşaqları nəzarətsiz buraxıb. Uşaqların düşdüyü arx əslində çox da dərin deyil, dərinliyi çox olsa 50 sm olar. Güman edirik ki, əvvəlcə böyük uşaq yıxılıb, 3 yaşlı qardaşı da kömək üçün ona əlini uzadarkən suya düşüb və hər ikisi boğulublar. Əgər birinci kiçik qardaş yıxılaydı, böyük səs-küy salar, qonşuları çağırardı”, – sakinlər bildiriblər.

Çox vaxt təsadüf, qəza kimi təqdim olunan bu hadisələrin arxasında isə açıq-aşkar valideyn səhlənkarlığı, məsuliyyətsizliyin dayandığı aydındır.

Qeyd edək ki, virtualaz.org saytı analoji hadisələrin çoxluğu ilə bağlı bu mövzuya dəfələrlə müraciət edib. Bir neçə il əvvəl  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideyn məsuliyyətini tənzimləyən qanun layihəsi hazırlandığını bildirmişdi. Komitədən verilən məlumata görə, sözügedən qanunda uşaqların nəzarətsiz qalmasından tutmuş erkən ərə verilməsinədək bütün nüanslar nəzərə alınmalı idi. Lakin qanun layihəsi hansısa arxivlərdə itib-batıb, nəticədə isə illərdir valideyn səhlənkarlığının qurbanı olan azyaşlıların həyatı faciəvi şəkildə sonlanır. Hələ indiyə qədər heç bir valideyn uşağını nəzarətsiz buraxdığına görə məsuliyyətə cəlb olunmayıb….(Virtualaz.org)

DOSYE.ORG

COMMENTS