Salyanın baş həkimi işə ambulansla gedib-gəlir

Salyan rayonunda fəaliyyət göstərən orta məktəblərdə qrip epidemiyası tüğyan edir. JAM.AZ-a verilən məlumata görə, valideynlər məsələ ilə bağlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənova müraciət etsələr də, onlara hər hansı bir yardım göstərilməyəcəyi cavabını alıblar. 

Baş həkim ona müraciət edən valideynlərə bildirib ki, Salyan xəstəxanasının uşaqları peyvənd etmək və ya onları hər hansı bir xəstəlikdən müalicə etmək üçün heç bir imkanı yoxdur. Halbuki sözügedən xəstəxanaya hər il dərman pereparatlarının alınması üçün 1 milyon manata yaxın pul ayrılır. Və həmin pulların nəyə xərcləndiyini isə Həsənovdan başqa kimsə bilmir. 

JAM.AZ-a daxil olan məlumata görə, Hüseynağa Həsənov Salyan rayon Mərkəzi Xəstəxanasına 2011-ci ildə baş həkim gətirilib. Həmin müddətdən bəri tibb ocağı əsaslı təmir olunsa da, bir sıra neqativ hallar da üzə çıxıb. Məlum olub ki, baş həkim bir sıra qeyri-qanuni işlərlə məşğuldur. Və bununla bağlı hazırladığımız araşdırmanı yaxın günlərdə oxuculara təqdim edəcəyik. 

Araşdırmalarımız əsnasında ortaya çıxan bir mənzərə isə həddindən artıq təəccübləndiricidir. Belə ki, Salayn Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov 2011-ci ildən bəri hər gün işə ambulansla gedib-gəlir. JAM.AZ-a verilən məlumata görə, Şirvan şəhərində yaşayan baş həkimi hər səhər «Mersedes» ambulans evdən götürüb, Salyana gətirir. Axşamlar isə işdən evə aparır. Sakinlər deiyrlər ki, Salyan-Şirvan yolu bərbad halda olduğundan qonşu şəhərə gedib-gəlmək ən yaxşı halda 3 saat vaxt alır. Əksər hallarda isə ambulans maşını Şirvanda qalır. Camaat bildirir ki, əgər gecə vaxtı və ya Həsənovun işdən çıxıb evinə gedən müddətdə Salyanda hər hansı bir ağır xəstə olsa, onu xəstəxanaya çatdırmaq və ya Bakıya aparmaq üçün gərək şəxsi avtomobildən istifadə oluna.

COMMENTS