Şamaxının keçmiş başçısı su mənbələrini və örüş sahələrini satıb

Şamaxının keçmiş başçısı su mənbələrini və örüş sahələrini satıb

Rayonda içməli su pulla satılır; Nəsiminin qardaşı Şaxəndan türbəsi isə təmir edilir, Buğurd qalası bərpa olunur, Safari qoruğu tikilir…

Şamaxıda olarkən “Nəsimi ili”ndə  şairin qardaşı Şahxəndanın məzarına getməmək qəbahət olardı. Şəhərin mərkəzində yerləşən və elə Şaxəndanın adını daşıyan məzarlıqda şairin qardaşının qəbri əsaslı şəkildə təmir olunmaqdadır.

Seyid Əzim Şirvaninin də məzarı olan bu qəbiristanlıqda sürətli yenidənqurma işləri gedir. Seyid Əzim şeirində də orada dəfn olunmağı vəsiyyət edibmiş:

Mən öləndə Şaxəndanda basdırın,

Çünki onun Şahi-Xəndanı vardır.

Şaxəndan məzar-türbəsinin abadlaşdırılması şamaxılılar tərəfindən də təqdir olunur. Alimlər XV əsrdə inşa edilən bu türbənin Azərbaycanın görkəmli şairi, mütəfəkkir (1369-1417) İmadəddin Nəsiminin böyük qardaşı Şaxəndana (Şahi Xəndan) məxsus olduğunu bildirir.

Türbənin içində iki yanaşı qəbir var. Məlumata görə, məzarın biri Nəsiminin qardaşı Şaxəndana, o biri isə həyat yoldaşına aiddir. Digər versiyalara görə, məzarda uyuyan qadın Şaxəndanın nişanlısı olub. Nəsiminin Şaxəndan adlı böyük qardaşı vaxtsız vəfat etdiyindən bu ölüm onu sarsıtmış, bir çox qəzəllərində onu anmışdı.

Şaxəndan el-obada güclü təsirə və hörmətə malik olduğundan onun dəfn olunduğu qəbiristanlığa onun adını veriblər.

Türbədə sovet dövrü və sonrakı illərdə aparılan təmir-bərpa işləri böyük fəsadlar yaradıb. Sement qatışıqlı məhlulların və Xəzər dənizi qumunun istifadə edilməsi daşların zərər görməsinə, duzların yaranmasına və bakteriyaların fəallaşmasına, daxildən deqredasiyanın güclənməsinə səbəb olub.

Hazırda “Nəsimi ili” ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə abidənin ətrafının abadlaşdırılmasına başlanılıb. Sakinlər bildirirlər ki, uzun müddət Şaxəndanın türbəsi baxımsız qalıb, bərbad vəziyyətə düşüb. Şamaxının keçmiş rəhbərliyinə müraciətlər də səmərəsiz olub. Əhali bunu tarixə qarşı hörmətsizlik hesab edirdilər. Ancaq yeni rəhbər Tahir Məmmədovun gəlişindən sonra görülən işlərdən biri də türbənin rekonstruksiyasıdır. Biz orada olarkən xeyli sayda işçi qüvvəsinin cəlb olunduğunu gördük.

***

Amma Şamaxıda təmirə ehtiyacı olan təkcə Şaxəndan türbəsi deyil. Eləcə də rayonun yollarının abadlaşdırılması, asfaltlanmasına ehtiyac var. Məsələn, mərkəzi yerlərdən olan Babasəlim Əzizov küçəsi çala-çuxur, kələ-kötür vəziyyətdədir. Sakinlər ümid edirlər ki, yollar tezliklə təmir olunacaq.

Şamaxıda digər küçələr də B.Əzizov küçəsindən fərqlənmir. Yollarla bərabər şəhərdə abadlıq-quruculuq işləri aparılması, səliqə-sahman yaradılması gözlənilir.

Rayondakı əsas problemlərdən biri də içməli su məsələsidir. Sakinlər içməli suyu pulla almaq məcburiyyətindədirlər. Onların dediyinə görə, keçmiş icra başçısı Asif Ağayevin dövründə su mənbələri varlılara peşkəş olunub, insanlara içməli su çatmır, ciddi bir qıtlıq yaranıb.  Ona görə də Şamaxını gəzərkən tez-tez içməli su satan maşınlarla qarşılaşırsan. Camaat şikayətlənir ki, Şamaxının içməli su ilə təchiz olunması üçün “Azərsu” ASC tərəfindən layihə reallaşmalıdır: “Suya pul verməkdən yorulmuşuq. İndi hansı zəmanədir ki, pulla su alasan? Şamaxı kimi yerdə içməli su problemi olmamalıdır.  Bulaqlar zəbt edilib, kimlərinsə villalarına tökülür. Həyətlərə Pirsaatçaydan texniki su vururlar, onlar da içməli deyil, ona görə pulla alırıq”.

Şamaxılılar deyirlər ki, rayonun vaxtilə avtomobil və televizor zavodları olub. Amma bu zavodların heç biri fəaliyyət göstərmir. Bu müəssisələr fəaliyyətini bərpa eləsəydi, iş yerləri daha çox olardı. Şamaxının kəndlərinə gəlincə, fermerlər örüş yerləri tapmırlar. Keçmiş icra başçısının vaxtında otlaq yerləri qarış-qarış satılıb. İmkanlı şəxslər tərəfindən alınan otlaq yerlərinə görə heyvanları otarmağa yer tapmırlar. Xüsusən də Avaxıl, Məlhəm, Əngəxaran, Çuxuryurd kəndlərində örüş yerləri qalmayıb. Bu da kəndlilərin işini çətinləşdirib.

Amma bir müsbət xəbər öyrəndik ki, Şamaxıda konserv zavodu, süd zavodu tikilir. Çuxuryurda gedən yolda, dağların arasında tikilən müəssisədə sutkaya 20 litr süd verən inəklər olacaq. Şamaxıda gəlir gətirən bir sektor isə turizmdir. Əsasən də ərəblər Pirquluya, Məlhəmə, Çuxuryurda axışırlar. Buradakı istirahət mərkəzləri, evlər ərəblərin “cəngindədir”.

Sakinlər bildirirlər ki, turizmin daha çox inkişaf etdirilməsi, turistlərin Şamaxıya təşviq edilməsi üçün işlər görülməlidir. Onlar deyirlər ki, rayon turizm potensialına malik olması ilə bərabər tarixi bir şəhərdir.

“Turistlərə Xaqani Şirvani, Seyid Əzim, Fələki Şirvani, Nəsimi, Sabir haqda məlumat verə, tanıda bilərik. Ərəb turist yeyib-içməyə gəlir, amma avropalı, rus, yapon, hind turist gələrsə, Şamaxının tarixi, mədəniyyəti, ədəbiyyatı ilə tanış olar. Belə bir imkanımız var, niyə də təbliğ etməyək?! Yaxşı olar ki, Şamaxı ilə bağlı ayrıca turizm layihələri həyata keçirilsin. Həm iş yerləri çoxalacaq, həm canlanma olacaq, həm tarixi şəxsiyyətlərimizi tanıyacaqlar” deyə, rayon sakini Rahib söyləyir.

Onu da öyrənirik ki, Şamaxı ilə Qubanı birləşdirən Qızmeydan deyilən yerdən dağlarının arasına yol çəkilir.

Bundan əlavə, Şamaxının ucqar Sis, Qaladərəsi, Keçməddin kəndlərində alban mədəniyyətinə aid Buğura qalasının qalıqları tapılıb.

Həmin tarixi abidənin bərpası üçün işlər görülür, turizm yerinə çevrilməsi istiqamətində addımlar atılır. Eyni zamanda kəndə körpü, yol çəkilib.

Sakinlər deyirlər ki, Buğurd qalasının bərpası ilə turizmin inkişafı mümkündür. Habelə, Dəmirçi kəndində park salınıb, yol çəkilib, Safari qoruğu tikilib. Ümumiyyətlə, bu projelər gələcəkdə Şamaxıda turizmin inkişafı üçün hesablanıb.

Rayon sakini Kamal Əbilov isə bildirir ki, Şamaxıda indi bir sıra dəyişikliklər var. Onun sözlərinə görə, T.Məmmədov icra başçısı kimi əvvəlkilərdən seçilir: “İstənilən vətəndaş qəbuluna gedə, dərdini deyə bilər. Əvvəlki icra başçılarının qəbuluna düşmək olmurdu. Tahir müəllim camaata açıq adamdır, ağsaqqal yeri bilən insandır, kimin nə problemi varsa, ya özü, ya müavinləri dinləyəcək, araşdıracaq.  Əgər onun səlahiyyəti çərçivəsindədirsə, həllinə tapşırıq verəcək. İntəhası, bir günün işi deyil, Şamaxıda çoxlu problemlər həllini tədricən tapmalıdır”.

Biz də ümidvarıq ki, bütün işlər yoluna qoyulacaq və bu arzu ilə dahi şairlərin vətənini tərk edirik…

P.S. Sərlövhəyə çıxarılan misra İmadəddin Nəsiminindir.

DOSYE.ORG

COMMENTS