“Satmışam, hə, nə olsun?!” – Tağı İbrahimov

Tağı İbrahimov 4,5 milyonluq villası ilə bağlı “Yeni Müsavat”a danışdı

 

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun Novxanıda yerləşən villasını satması ətrafında müzakirələr səngimir. Villanın 4,5 milyon manata satılması ilə yanaşı, bu məbləğdə evin kim tərəfindən alınması da maraq dairəsində idi.

Azpolitika.az saytı bu arada yazdı ki, T.İbrahimovun 4,5 milyon manata satdığı möhtəşəm villanın yeni sahibi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov imiş. Məlumata görə, Novxanının demək olar ki, ən gözəl yerində, üzü dənizə baxan təpənin yamacında yerləşən villa böyük ərazini əhatə edir. Bu ərazidə Azərbaycanın ən qüdrətli adamlarının – nazirlərin, iş adamlarının, generalların, polis rəislərinin və digərlərinin milyonluq villaları, bağ evləri yerləşir. İçərisində çoxlu sayda qiymətli ağacların, güllərin əkildiyi bağın dizaynının yüksək zövqlə işləndiyi də yayılan məlumatlar sırasındadır.

“Xahiş edirəm, yazın ki, jurnalistlər bu mövzu ilə bağlı bir də mənə müraciət etməsinlər”

B.Səfərov özü isə mətbuata açıqlamalarında bir-birini təkzib edən, qeyri-müəyyən açıqlamalar verməklə çaşqınlıq yaratdı. Publika.az-a açıqlamasında “lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil” desə də, ardınca “bu, yalan və ya doğru məlumat ola bilər. Məndə o qədər pul hardandır? O qədər pulum yoxdur. Villanı alğı-satqı etməmişik, ”barter” etmişik” deyib. İcma rəhbəri “Yeni Müsavat”a açıqlamasında isə “Belə bir villa var, ya yoxdur, kimə nə dəxli var ki” deyib.
Odur ki, yenidən villanın keçmiş sahibinə müraciət edib detalları aydınlaşdırmaq istədik.
Tağı İbrahimov “Yeni Müsavat”ın bu barədə sualını öncə əsəbiliklə qarşıladı: “Satmışam, hə, nə olsun?! Kimə satmışam, bunun nə dəxli var?” Ardınca iş adamı bildirdi ki, qəzəbinin kökündə bizim “Yeni Müsavat” olaraq ona telefon açmağımız dayanmır:

– Vallah, bəlkə də siz 40-cı jurnalistsiniz ki, bu məsələ ilə bağlı zəng edibsiniz. Mənim də işim-gücüm var, nə qədər eyni sualı eşitmək olar? İnan ki, mən sizə görə əsəbiləşmirəm. Özüm də 12 il media-holdinqin başında dayanmışam. Mövqeyim belədir ki, jurnalist bir məlumat aldısa, hadisə gördüsə, onu yazmadısa, o, jurnalist deyil. Amma axı bu məsələ elə də sensasiyalı şey deyil ki, ard-arda yazıla ki, filankəs bağını satdı. Satıb, satıb da, əl çəkin. (gülür)

– Tağı müəllim, amma alqı-satqı işində Bayram Səfərovun adı hallandı. Hətta Qarabağ icması sədrinin müəmmalı cavabı da çaşqınlıq yaradıb. Gah villanı aldığını, gah da o qədər pulunun olmadığını deyir. Bunu sizdən dəqiqləşdirmək istəyirdik…

– Mən bu evlə bağlı oğluma zəng etmişdim. Özü xaricdə yaşayır. Uşaqlar çıxıb gedib, o boyda bağ qalıb başsız. Dörd mühafizəçi var, onlar oturub orda, yaşayırlar. Mən də baxdım ki, o boyda ev qalıb başlı-boşuna, xarab olur, dedim götürüb sataq da. Oğlum da dedi ki, bir dostum var, ona satıram. Dedim satırsan, sat da. Vallah, heç bilmirdim kimə satıb. Sonra bildim ki, evi alan da Moskvada yaşayan Tofiq adlı biznesmendir, yaxşı da oğlandır, oğlumla dostdur.

– Bəs Bayram Səfərovun adı niyə hallanıb?

– Mən nə bilim? Onu hardan tanıyıram? İndi birini kimsə istəmir, gözü götürmür, haqqında müxtəlif şayiələr yayır. Yəqin kimsə onu istəmir, götürüb adını yazıb.

– Bəs evi 4,5 milyona satdığınızı təsdiqləyirsiniz?

– Yox, ucuz satmışıq. Əvvəllər deyirdi satım, deyirdim qalsın. Amma indi ucuz satdıq, deyilən qiymətdən yarıbayarı aşağı. Yazıblar, mən də ciddi reaksiya vermirəm. Mən 20 ildir heç kimə müsahibə vermirəm. 12 il televiziya rəhbəri oldum, bir adam müsahibə verdiyimi, ya şəklimi görüb? Yox. Mən müsahibə verməyi xoşlamıram. Ancaq adım hallanıb, mən də qısaca deyirəm, bütün bunları yaz, məsələ bağlansın. Xahiş edirəm, yazın ki, jurnalistlər bu mövzu ilə bağlı bir də mənə müraciət etməsinlər.

– Siz hazırda Türkiyədəsiniz, yoxsa Bakıda?

– Yox, Bakıdayam. Mən həm Türkiyədə oluram, həm də burda. İşlərim o qədərdir ki, başımı qaşımağa vaxtım yoxdur. Ona görə də əvvəl əsəbiləşdim. Amma Allaha and olsun sizə görə deyildi. Neçə gündür bir bağın söhbəti gedir. Mən biznesmenəm də, işim satıb-almaqdır. Yəqin camaatın yazmağa mövzusu yoxdur.

COMMENTS