Sazbənd Murad: “Mollalar deyirdi ki, saz şeytan əməlidir”

Bakının bu istisində bir hovur nəfəs dərmək üçün üz tutduq sazbənd Muradın “Neftçilər”in yaxınlığındakı emalatxanasına. Biz ora gedəndə Murad əmi bir aşıqla söhbət edirdi. Söhbətdən məlum oldu ki, ustadın qonağı Cənubi Azərbaycandan olan aşıq Muxtar Qayabaşıdır. Aşıq Muxtar bizə bir hava da ifa etdi. Onun ifasından sonra başladıq sazbənd Muradla söhbətə.

– Necə oldu ki, sazbəndliyə başladınız?

– Mən rəncbər ailəsində doğulmuşam. Rəhmətlik atam ağac ustası idi. Çox şeyi ondan öyrənmişəm. Uşaq vaxtı cır armud ağacından oyma sazlar düzəldirdim.

Əvvəlcə aşıqlığı öyrəndim. Kəndimizdə Aşıq Əhəd var idi. İki il onun yanında şagirdlik etdim. Rəhmətlik Hüseyn Saraclı bizim kəndə toya gəlmişdi. Məclisin axırına yaxın bizim kəndçilər xahiş etdi ki, bizdə bir uşaq peyda olub, yaxşı saz çalıb-oxuya bilir, icazə ver, bir oxusun. Hüseyn Saraclı da sazı verdi ki, oxu. Bir hava oxudum çox xoşuna gəldi. Dedi ki, səndən yaxşı durnaboğaz aşıq olar. Mən də bir az ürəkləndim. Sonra kəndin ağsaqqalları ilə getdik Hüseyn Saraclının evinə. O gündən sonra beş il onun evində qaldım.

O, sazı özü təmir edirdi, simləyirdi, pərdələyirdi. Elə şagird ola-ola sazbəndlik də öyrəndim. Mən əvvəllər ağac ustası idim. Dədə-babadan bu işlə məşğul olmuşuq. Artıq qırx ildir ki, bu işlə məşğulam.

– Yeriniz dardır, ancaq belə başa düşürəm ki, bu, işləməyinizə mane olmur. Hansı aşıqların sazını siz düzəltmisiniz?

– Çox məşhur aşığın sazını mən düzəltmişəm. Bayaq burada olan Aşıq Muxtar Qayabaşının 11 simli sazını mən düzəltmişəm. Deyərdim ki, əvəzsiz sazdır. Aşıq Ədalətin sazının üzünü təmir etdim.

Sazı düzəldəndə gərək aşığa uyğun düzəldəsən. İndi, məsələn, var bəmxan, zilxan sazlar. Bəmxan sazlar oxumaq üçündür, zilxanlar isə yalnız ifa etmək üçün. Aşığın səsinə baxırsan, ona uyğun da sazı bağlayırsan. Borçalı aşıqlarında səs bəm olur adətən. Mənim bütün məktəblərlə münasibətim yaxşıdır. Tovuzdan da, Şirvandan da, İrandan aşıq dostlarım var.

– Yaxşı saz üçün nə lazımdır?

– Yaxşı saz üçün ağac keyfiyyətli olmalıdır. Ağacı dağlıq və ya quraq yerlərdən kəsmək lazımdır. Sulu yerdə bitənlər saz üçün yararsızdır. Yaxşı saz əsasən tut və qoz ağaclarından hazırlanır. Onun da özəyini işlədirik. Mizrabı isə gilas qabığından düzəldirik. Onu da gərək payız vaxtı kəsəsən. Sazın ağacları da gərək su verilən vaxtı kəsilməsin.

Saz elə bir alətdir ki, ona heç bir yenilik yaraşmır. Dədə-babalarımız onu elə yaradıb ki, yenilik yamaq kimi görünür.

– Çoxları deyir ki, artıq sazın dövrü keçib. Dünyanın sürətli inkişafı ilə aşıq musiqisi ayaqlaşa bilmir.

– Onlar düz fikirləşmir. Aşıq musiqisi insanların qanına sirayət edib. Onu təmizləmək qeyri mümkündür. Bir tərəfdən də yeni aşıqlarımız yetişir. Dövlətimiz sağ olsun, aşıq məktəbləri yaradır. Mənim də şagirdlərim var. Sazbənd şagirdlərim var ki, hazırda Borçalıda işləyirlər. Uşaqlarımın biri jurnalist, digəri isə Turizm Universitetində müəllim işləyirlər. Ancaq saz musiqisini sevirlər. Bizdə bütün məclislər aşıqlarla keçir.

– Sizcə, saz çalmağı bacarmayıb, sazbəndlik etmək olarmı?

– Elə ustalar var. Ancaq xörəyi bişirib, duzuna baxmasan, bilməzsən ki, o yemək dadlı olacaq, ya yox. Mən əvvəlcə aşıqlığı öyrənmişəm, sonra sazbəndliyi. Elə olanda tam olur. Yoxsa sənətkar yarımçıq görünəcək.

– Sazın düzəldilməsi əziyyətlidir. Bəs sazı hansı qiymətə satırsınız?

– Saza qiymət qoymaq düzgün deyil. Bu, bizim milli alətimizdir. Saz almaq istəyənin vəziyyətinə baxıram. Bunun kasıbı var, imkanlısı var. İmkanlı adam gələndə deyir ki, mənə baha ver, amma yaxşı saz olsun. Yəni konkret qiymət qoyulmur.

Bir dəfə kənddə ağac kəsirdim. Qadınlar qaça-qaça gəlib dedilər ki, ağacı niyə kəsirsən? Saza görə kəsdiyimi öyrənəndən sonra isə heç nə demədilər. Sevindilər ki, saza görə kəsirəm.

– Aşıqlarla aranızda hansı zarafatlarınız olur?

– Yaxın adam olanda sazı düzəldirəm, ancaq ona başqa saz verirəm. Yoxlayıram ki, görüm bunun yaxşı sazdan başı çıxırmı? Əgər bilsə, onda ona daha yaxşı saz verirəm, yox, fərqinə varmırsa, onda elə o sazı da aparır.

– Burada on bir simli saz görürəm. Bu sazın fərqi nədir digərlərindən?

– On bir simlidirsə, deməli, on bir aşıq da qoymalıyıq. Saz üç hissədən ibarətdir. Qol, beçə, çanaq. On bir simlidirsə, səs çox çıxır. Çanağı yekə qoyanda o, bəmxan olur, balaca edəndə isə zilxan. Pərdələri dədə-babadan qoyun bağırsağından bağlayırdılar. İndi isə sintetik şeylər çıxıb, onunla düzəldirlər. Bir çox sazbəndlər çanağa səsin daha çox çıxması üçün xüsusi avadanlıqlar qoyur. Ancaq mən bunun əleyhinəyəm. Bir də qeyd edim ki, mən düzəltdiyim sazın üstünə adımı yazıram. Saz yaşadıqca adım da yaşayacaq.

Əvvəlcə çanağı düzəldirsən. Sonra sığallayırsan. Daha sonra qolu xatabənd edirsən, yəni çanağa bərkidirsən. Qol bir-iki gün bərkiyəndən sonra qapağını düzəldirsən. Bir-iki gün sonra quruyur. Onda da aşığın yerlərini açırıq. Sim bağlamağa baş və ayaq xərəyi düzəldirik. Sonda isə simləri və pərdələri bağlayırıq.

– Hüseyn Saraclı kimi ustad aşığın şagirdi olmusunuz. Bir az şagirdlik illərinizdən danışardınız.

– Müəllim kimi dərs keçirdi. Dərslər əsasən axşam başlayırdı. Axşam yeməyindən sonra yazıb-pozurduq. Səhərdən axşama qədər öyrənirdik. Axşam cavab verə bilməsəydin, yeni dərs keçmirdi.

Hüseyn Saraclı danışırdı… Bir gün səhər tezdən odun yarırmış. Görüb bir cavan oğlan gəldi. Salamlaşandan sonra deyib ki, mən sənin yanına şagirdliyə gəlmək istəyirəm. Hüseyn Saraclı deyir, gördüm bu, demir ki, ay usta ver odunu yarım. Götürmədim onu şagirdliyə.

–Keçmişdə ustad aşıqlar məclislərdə deyişərmişlər. İndi necə, bu, ənənə varmı?

– Mənim cavanlığımda da deyişmələr olurdu. Eyni qafiyə tutub sonra ona uyğun deyişirdilər. Ancaq aşıq bağlamaq yox idi. O, əvvəllər olub. Onda da aşıqlar bir-birinə düşmən idi. El adətinə görə, məclisdə görüşəndə deyişirmişlər. Elə aşıq var idi ki, aşığı bağlayırdı, ancaq sazını əlindən almırdı.

– Sazın bir də irfani tərəfi var…

– Saz böyük ilahi qüvvədir. Güclü ifaçı istəsə, gedəni yoldan saxlayar. Mollalar deyirdi ki, saz şeytan əməlidir. Onlar istəyirdilər ki, insanlar saza tərəf getməsinlər, elə onların dediklərinə qulaq assınlar. Rəhmətlik Ələsgərin özü oruc da tuturdu, namaz da qılırdı, ancaq mollalarla arası yox idi. Saz Allahla ifaçı arasında rabitədir. Bu, çalğı aləti Adəmdən gəlib. Molla Cümə də deyib ki, aşıqlıq Adəmdən icad olunub. Saz insanla yaşıddır.

 

COMMENTS