Sel suları Samuxun 8 kəndində fəsadlar törədib

Leysan yağışın səbəb olduğu sel suları Samuxun 8 kəndində fəsadlar törədib

Gecədən yağan leysan yağış və Bozdağ istiqamətindən gələn sel sularının çoxalması Samuxun 8 kəndində fəsadlar törədib. Əkin sahələrinə və istixanalara ciddi ziyan dəyib. Bu barədə Trend Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir.

Samuxda Kür çayının sol sahilində yerləşən ümumilikdə 8 yaşayış məntəqəsində – Qırmızı Samux, Yenikənd, Lüksemburq, Burunqovaq, Salahlı, Qarabağlı, Kəsəmən və Poyluda daşqınlar olub. Daşqınlar nəticəsində Qırmızı Samux və Poylu qəsəbələri ilə gediş-gəliş kəsilib. Bəzi işıq dirəkləri qəzalı vəziyyətə düşüb.

Kəndlərin ərazisində əkin sahələrinə və istixanalara ciddi ziyan dəyib. Bu bölgədə yaşayan əhali xüsusi ilə qarpız əkini ilə məğul olur. Sel suları qarpız şitillərini demək olar ki, tamamilə məhv edib.

Axşam saat 23:00-dən başlayan yağış yalnız səhər saatlarında səngiyib. Kənd sakinlərinin dediyinə görə, onlar bu cür təbii fəlakətlə ildə ən azı 2-3 dəfə qarşılaşırlar”.

Gecə saat 3-dən Rayon İcra Hakimiyyətində yaradılan fövqəladə komissiya həmin ərazilərə ezam olunub. Səhər saatlarında hər iki yaşayış məntəqəsinə aparan yollar qismən bərpa edilib. Əraziyə 20-yə yaxın texnika cəlb olunub. Selin yaratdığı fəsadlar aradan qaldırılır.

COMMENTS