“Sent-Etyen” “Qarabağ”dan çəkinir” – Mahmud Qurbanov

“Bu gün Azərbaycanda futbol bayramıdır. Çünki “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

 

Komandamızdan ən azı heç-heçə gözləyirik. Qələbə qazansaq, əla olar”

Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın məşqçisi Mahmud Qurbanov “Qarabağ”ın bu gün “Sent Etyen”lə qarşılaşacağı oyun haqda danışarkən deyib.

Veteran futbolçu “Sent Etyen”in çox ciddi rəqib olmasını vurğulamaqla yanaşı komandamızın yaxşı nəticə qazanacağına inandığını bildirib: “Nəzərə almalıyıq ki, “Sent Etyen” Avropanın ən güclü beş futbol ölkəsindən biri olan Fransanın klubudur. Bu ölkələrin komandaları yerli çempionatda hansı pillədə olmasından asılı olmayaraq, yaxşı formada olurlar. “Qarabağ”da öz gücünü Avroliqa oyunlarında göstərib. Düşünürəm ki, doğma meydan və azarkeş amili komandamıza kömək olacaq. “Qarabağ” öz meydanında bütün rəqiblərindən xal ala bilər. Məncə, komandamız bu gün “Sent Etyen”dən ən azı bir xal alacaq. Çünki “Qarabağ”ın çox yaxşı komanda oyunu var. Belə vacib, məsuliyyətli matçlarda komanda oyunu sərgiləmək əsas şərtlərdən biridir. “Qarabağ” ölkə çepionatında göstərdiyi kollektiv oyunu bu gün də nümayiş etdirməlidir”.

M.Qurbanov “Sent Etyen”in baş məşqçisi Kristof Qaltyenin oyun öncəsi keçirilən mətbuat konfransında “Qarabağ” bizdən təcrübəldir” ifadəsinə münasibət bildirib: “Rəqib komandanın baş məşqçisi və bütün komanda “Qarabağ”dan çəkinir. Çünki onlar komandamızın “Zalsburq” və “Tvente” ilə oyunlarının videoyazılarına baxıb. Yəqin ki, “Qarabağ”ın yaxşı oyun sərgilədiyini başa düşüblər. Buna görə baş məşqçi oyunqabağı ehtiyatlı danışıb”.

M.Qurbanov sonda “Qarabağ”ın qrupdan çıxmaq şansını da dəyərləndirib: “Qrupun favoriti “İnter”dir. Ümumiyyətlə, “Qarabağ” çətin qrupa düşüb. Ancaq komandamızın qrupdan çıxmaq şansı var. Məncə, “Qarabağ” ev oyunlarında rəqiblərindən xal alacaq. Ancaq bu rəqiblərlə mübarizə aparmaq çətin olacaq. Çünki hər üç komanda daha səviyyəli çempionatda mübarizə aparır. İlk oyunlardan sonra daha düzgün proqnoz verə bilərik. Hər halda “Qarabağ” da zəif komanda deyil”.

COMMENTS