“Sent Etyen”lə oyun qrupdakı taleyimizi həll edəcək”

Premyer Liqamızın 12-ci turunda keçirilən “Bakı” – “Qarabağ” oyunundan (2:4) sonra qonaq komandanın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem qələbə qazandıqları görüş haqda Qol.Az saytının suallarını cavablandırıb.

 

– Deyəsən, heç də asan qələbə olmadı.

– Düzdür, çox çətin oyun keçdi. Matça yaxşı başladıq. İlk qolu vurub oyunu öz xeyrimizə dəyişmək istəyirdik. Amma müdafiədəki səhvimizdən sonra qol buraxdıq. Bəzən belə oyunlarda çətinliklə qarşılaşmalı olursan. Bir oyuna çox yaxşı hazırlaşıb, qələbəyə çox köklənəndə də səhvlər olur. Amma biz səhvlərimizi sığortalayacaq gücdə bir komandayıq. Bu oyunda da bunu göstərdik. Çox vacib olan üç xalı qazandıq.

-“Bakı” necə müqavimət göstərdi?

– Bu komanda şox yaxşı oyun sərgiləyir. Gənc oyunçulardan təşkil olunmuş komandadır. “Bakı” ilə ilk görüşdə də xal itirmişdik. ”Dnepr”ə məğlubiyyətdən sonra komandada ruh düşkünlüyü var idi. Amma biz bu oyuna çox yaxşı hazırlaşmışdıq. Komandada yaranmış durğunluğu ortadan qaldırmaq üçün bu qələbə bizə çox lazım idi.

– Premyer Liqamızın növbəti turunda rəqibiniz AZAL olacaq. Həmin oyunda da bu uğuru təkrarlaya biləcəksinizmi?

– AZAL-la oyuna da yaxşı hazırlaşıb, əlimizdən gələni edəcəyik. Meydana ancaq qalib gəlmək üçün çıxacağıq. Qarşıdan “Sent Etyen”lə oyun da gəlir. Əsas məqsədimiz hər iki oyundan xal götürməkdir. Həm Azərbaycan çempionatında, həm də Avropa Liqasında uğur əldə etmək istəyirik. Bunun üçün də bütün gücümüzü ortaya qoyacağıq.

– İlk hissədən fərqli olaraq ikinci hissədə oyununda yorğunluq hiss olunurdu.

– Yox, oyunumdakı sakitlik yorğunluqdan irəli gəlmirdi. Sadəcə birinci hissəyə çox surətli başladıq. Qol vursaq da, səhvlərimiz də oldu və iki qol buraxdıq. Belə aqressiv oyunlar zamanı istədiyin alımaya bilər. Ona görə də sakit və təmkinlə oynamağa qərar verdik. İki qol vurub, istədiyimizə nail olduq. Bu qələbə qarşıdan gələn oyunlar üçün bizə çəx vacib idi.

– “Araz Naxşıvan”nın çempionatdan çəkilməsi işinizə təsir etmədi?

-Düzdür, 3 xalımız silindi, amma bu bizə heç bir problem yaratmayacaq. Biz hər bir klubla layiqli mübarizə aparmağa qadir komandayıq. Qarşıdan gələn oyunlardan da vacib olan xalları qazanıb, yolumuza davam edəcəyik.

-“Sent Etyen”lə oyun haqqında nə düşünürsən?

– Çox çətin qarşılaşma olacaq. Rəqib meydanında oynayacağıq. Bu, onlar üçün böyük bir üstünlükdür. Amma biz əlimizdən gələni edəcəyik ki, Fransadan vacib olan xalla dönə bilək. Çünki bu oyun demək olar ki, bizim qrupda taleyimzi həll edəcək.

COMMENTS