Serbiyalı jurnalist Bakıdan üzr istədi

Bu ilin mart ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş və nəticədə adı Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Serbiya vətəndaşı, jurnalist Slobodan Samarciya məktubla müraciət edərək adının sözügedən siyahıdan çıxarılmasını xahiş edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti mətbuata verdiyi açıqlamada deyilir.

Bildirilir ki, o, məktubunda Azərbaycan Respublikasının müvafiq icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü və üzrxahlığını ifadə edərək, bu səfərin Ermənistan tərəfinin təhriki ilə baş tutduğunu bildirib və bir də təkrarlanmayacağını vurğulayıb.

S.Samaraciya məktubunda Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul edilib.

Bundan əvvəl, Gürcüstan vətəndaşı David Turaşvilinin adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində Azərbaycan XİN-ə müraciət etmişdi. XİN bununla bağlı bu il aprelin 13-də yaydığı açıqlamada bildirilirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək “Dövlət Sərhədi haqqında” qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Gürcüstan vətəndaşı, yazıçı David Turaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Xarici İşlər Nazirliyinə məktubla müraciət edib.

Məktubda David Turaşvili bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib. O, müstəsna hal kimi arzuolunmaz şəxslər siyahısına salınması barəsində qərarın ləğvini istəyib.

David Turaşvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

COMMENTS