Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Ənvər Seyidov sədrlik edib. Məhkəmə prosesi iyulun 2-ə kimi təxirə salınıb.
Xatırladaq ki, cinayət hadisəsi bu il, fevral ayının 15-də Bibiheybət qəsəbəsi, 2-ci Bibiheybət döngəsi, ev 19-da baş verib. Hadisə nəticəsində həmin evdə yaşayan 33 yaşlı Hüseynova Türkan Elçin qızı və onun kiçik qardaşı, 24 yaşlı Elvin Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı xəstəxanaya çatdırılıb. Ağır dərəcəli bədən xəsarətləri almış Elvin Hüseynov yolda keçinib.
Məlum olub ki, bacı-qardaşı bıçaqlayan şəxs Rasim Mustafayev olub. Adıçəkilən şəxs barədə hadisədən bir müddət öncə Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsində araşdırma aparılırmış. Belə ki, R.Mustafayev xeyli müddət imiş ki, E.Hüseynlinin bacısı Türkan Hüseynova ilə münasibət yaratmağa çalışırmış. O, dəfələrlə 32 yaşlı xanıma yaxınlaşaraq ondan xoşu gəldiyini bildirib.
Lakin qarşı tərəf R.Mustafayevə rədd cavabı verib. Bundan sonra onların münasibətləri kəskinləşib və bir müddət əvvəl R.Mustafayev Türkanın evinə gələrək mübahisə edib, hətta onun anasına xəsarətlər yetirib. Bu səbəbdən ailə R.Mustafayevdən polisə şikayət edib. Araşdırmalar çərçivəsində R.Mustafayev polis tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıb.
Hadisə baş verən gecə R.Mustafayev evdə kimsənin olmadığı vaxt həyətə daxil olaraq gizlənib. Gecə saatlarında T.Hüseynova qardaşı və anası ilə evə qayıdanda R.Mustafayev onlara hücum edərək bıçaqlayıb. 24 yaşlı E.Hüseynli xəstəxanaya aparılarkən keçinib. Xəsarət alan T.Hüseynova isə ilkin tibbi yardım göstərilib.
COMMENTS