“Sevil Massivi”ndən zərər çəkənlərin pulu verilmir

İcra hakimiyyəti payçılara səhralıqdan torpaq sahəsi təklif edir
Rəhbərliyinə cinayət işi açılan “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) zərərçəkmiş payçılarına Abşeron rayon İcra Hakimiyyətinin və Hökməli Bələdiyyəsi “Sonalı sahəsi” adlanan ərazidən torpaq sahəsi təklif edirlər.

Adı çəkilən dövlət qurumları payçılara dəymiş zərəri ödəməyə çalışacaqlarını desələr də, son 3 ayda zərər ödənmir. Payçıların “Sevil Massivi”nə ödədikləri vəsaitin dəyərində onlara “Sonalı sahəsi”ndən torpaq sahəsi təklif olunur. Payçılar isə bu ərazidə yaşamaq üçün şəraitin olmadığını bildirirlər.
“Bizə təklif olunan sahədə infrastruktur yoxdur. Belə ki, əraziyə nəqliyyat yolu çəkilməyib, qaz, işıq və su xətti mövcud deyil. Səhralıq kimi ərazini bizə vermək istəyirlər. “Sevil Massivi”dən aldığımız torpaq sahəsindən baha qiymətə ərazini bizə satmaq istəyirlər. Halbuki, “Sevil Massivi”ndə yaşamaq üçün hər cür şərait var. Yaşamaq üçün bircə evimizi tikmək lazım idi”, – deyə payçı Kənan Ağayev bildirdi.

Hazırda “Sevil Massivi”ndən zərərçəkən payçıların hüquqlarının müdafiəsi üçün Abşeron Rayon İcra Hakimiyyətinin və Hökməli Bələdiyyəsinin üzvlərindən ibarət komissiyanın nümayəndələri onları qəbul etməkdən imtina edirlər.

Son aylara qədər komissiya payçıların MTK-da olan daşınmaz əmlakının əvəzinə bəzilərinə pul, bəzilərinə torpaq verib.

Baş Prokurorluq məlumat verib ki, Vergilər Nazirliyi “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.
Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər. O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər.

İstintaq hesab edir ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıb.

Maraqlı məqamlardan biri budur ki, “Sevil Massivi”nin payçılarını aldatmaqda ittiham olunan Hökməli bələdiyyəsinin sabiq sədri Mirnemət Miradiyevin yerinə oğlu Mirəziz Miradiyev sədr olub.

COMMENTS