Top.Mail.Ru

Sevinc Osmanqızıya şərh vermirəm – Pənah Hüseyn

Sevinc Osmanqızıya şərh vermirəm – Pənah Hüseyn

Teleqraf.com-un suallarını Azərbaycan Xalq Partiyasının lideri, keçmiş baş nazir Pənah Hüseyn cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

– Pənah bəy, hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı bu günlərdə Youtube kanalında 1990-cı ilin yanvarın 13-də Bakıda baş verən “erməni talanları”nın guya, azərbaycanlılar tərəfindən təşkil edilməsinə dair iddaalarla çıxış etdi. Həmin dövrdə cərəyan edən siyasi proseslərin aktiv iştirakçısı olmuş bir insan kimi bu barədə nə deyə bilərsiniz?

 Bu məsələ istər rəsmi səviyyədə, istərsə də parlament səviyyəsində kifayət qədər araşdırılıb. Ayrı-ayrı məhkəmə materialları var. Bu məsələdə hər hansı mübahisəli məsələ yoxdur. Sözün doğrusu, mən yenidən artıq guya, həmin hadisələri azərbaycanlıların törətməsi barədə versiyanın dirçəldilməsini, bu mövzunun bu şəkildə gündəmə gətirilməsini də təəccüblə sizdən eşidirəm. Ona görə təəccüb edirəm ki, bu hadisələrin kimlər tərəfindən, hansı məqsədlə törədildiyi və bura cəza əməliyyatı keçirmək üçün Moskvanın, daha dəqiqi SSRİ qoşunlarının göndərilməsi və s. məsələlər hər bir azərbaycanlıya məlumdur. Bu məsələlər bütün istiqamətlərdə araşdırılıb, sənədlərlə sübut olunub və bunun azərbaycanlılar tərəfindən törədilən hansısa aksiya olması məsələsi də çoxdan kənara atılıb. Daha doğrusu, elə həmin günlərdə kənara atılıb. Sizin sualınızla bu məsələnin yenidən gündəmə gətirilməsi məndə təəccübə səbəb olur.

– Bu məsələni gündəmə gətirən biz deyilik axı. 1990-cı ilin 13 yanvar hadisələrini guya, azərbaycanlıların törətdiyini jurnalist Sevinc Osmanqızı səsləndirib. O qeyd edib ki, 13 yanvar hadisələri 20 yanvar qırğınının baş verməsində, sovet qoşunlarının Bakıda yeridilməsində əsas rol oynayıb. Yəni əslində açıq-aşkar o vaxtkı Xalq Cəbhəsini və təbii ki, Azərbaycan xalqını günahlandırıb. Onun bu çıxışı sosial şəbəkələrdə kifayət qədər müzakirələrə səbəb olub. Siz bundan necə xəbərsiz ola bilərsiz?..

– Mən belə bir fikrə rast gəlməmişəm, eşitməmişəm və mən jurnalistlərə də şərh vermirəm. Sevinc Osmanqızı məsələsi mənim mövzum deyil. Mən Sevinc Osmanqızına cavab verənəm?

– Sizi qeyd etdiniz ki, bu məsələni biz gündəmə gətirmişik. Biz də deyirik ki, məsələni gündəmə gətirən biz yox, Sevinc Osmanqızıdır…

– Mənim ona görə təəccübümə səbəb olur ki, birdən-birə 13 yanvar 1990-cı il hadisələrinin azərbaycanlılar tərəfindən törədilməsi məsələsini gündəmə gətirirsiniz. İndi məlum oldu ki, siz hansısa bir jurnalistin mənim bilmədiyim hansısa fikrinə nəzərən məndən münasibət bildirməyimi istəyirsiniz. Çünki bu məsələ artıq həm tarixi, həm elmi, həm də hüquqi-istintaq baxımından həll olunmuş məsələdir. 13 yanvar hadisələrini azərbaycanlıların törətməsi barədə iddialar iftira və böhtandır.

– Sizcə, Sevinc Osmanqızının 13 yanvar 1990-cı il hadisələrini azərbaycanlıların ayağına yazmaq cəhdləri qarşıdakı dövrdə Sumqayıt hadisələrinin, həmçinin, Xocalı soyqırımının azərbaycanlılar tərəfindən törədilməsinə dair cəfəng fikirlərlə üzləşə biləcəyimizin anonsu deyilmi?

– Kim tərəfindən çıxarılıb? Bu barədə danışdıq axı… Eşitməmişəm, bilmirəm. Ümumiyyətlə, istənilən halda məsələnin bu cür gündəmə gətirilməsini, o cümlədən jurnalistlər tərəfindən gündəmə gətirilməsini Azərbaycanın maraqlarına zidd, düşmən hərəkəti hesab edirəm.

– Bəs niyə müxalifətin əsas simaları, siz özünüz də daxil olmaqla, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli Sevinc Osmanızının ermənilərin xeyrinə, bizimsə zərərimizə işləyən absurd fikirlərə açıq etiraz bildirmirlər? Nədir bu susqunluğun səbəbi?..

– Mən jurnalistlərin fikirlərinə şərh vermirəm…

DOSYE.ORG

COMMENTS