“Şeyx Mənsur” batalyonu Kiyevdə – “Rusiyadan qisas almağa gəldik”

“Şeyx Mənsur” batalyonu Kiyevdə – “Rusiyadan qisas almağa gəldik”

Ukraynada ruslara qarşı döyüşmək üçün çeçenlərin yaratdığı “Şeyx Mənsur” batalyonunun komandiri Müslüm Çeberlov Türkiyənin “Yeni Şafak” qəzetinə müsahibə verib.

DOSYE.ORG Teleqraf.com-a istinadən xəbər verir ki, Ukraynadakı müharibəni Çeçenistan-Rusiya savaşının davamı kimi gördüklərini deyən Çeberlov Ukrayna dövləti tərəfindən Kiyevin müdafiəsi üçün çağırıldıqlarını bildirib.

Çeberlov rus ordusu ilə birgə hərəkət edən Ramzan Kadırovu çeçen kimi görmədiklərini söyləyib:

“Onlar da rusdur, bizim düşmənimizdir.

2014-cü ildə Krımın ilhaqı ilə başlayan müharibəyə qatılmaq üçün Mariupola gəldik. Burada “Cövhər Dudayev” və “Şeyx Mənsur” batalyonlarını qurduq. 2015-ci ildə sülh danışıqlarının başlaması ilə fəaliyyətimiz passivləşdi. Müharibənin başlaması ilə döyüşlərə qatıldıq”.

Çeberlov Avropadakı çeçenlərin Polşadan keçərək batalyona qatıldığını deyib:

“Məqsədimiz Rusiyadan qisas almaqdır. Ukrayna çöksə, Rusiyanın yaxınlığındakı digər ölkələr də suverenliklərini itirəcəklər. Cövhər Dudayev 1994-95-ci illərdə bu barədə bir neçə dəfə xəbərdarlıq etmişdi. O, Rusiyanın Çeçenistandan sonra Gürcüstan və Ukraynanın da Rusiya tərəfindən işğal olunacağını söyləmişdi”.

Çeberlov həmçinin əlavə edib:

“Rusiya Ukrayna ordusunun 2014-cü ildə olduğu kimi hazırlıqsız olduğunu, buna görə də təslim olacağını düşünürdü. Ukraynanın verdiyi cavab rusları çaşdırdı. Bir çox rus əsgəri əsir götürülüb. Bir çox da hərbi texnikalarını qoyub qaçıb, qaçırlar. PUA-ların müharibədəki rolu da böyükdür”.

Çeberlov Putini dəstəkləyən Kadırovu çeçen kimi görmədiyini bildirib:

“Kadırov Rusiyanın ən sadiq əsgəri olduğunu bildirir. Biz onu rus kimi görürük, onlar isə bizim də düşmənimizdir. Bütün əməliyyatlarımızı Ukrayna rəhbərliyi ilə məsləhətləşərək keçiririk. Buna görə Ukraynadan pul almırıq”.

Bölgədəki son hərbi gəlişmələrə toxunan Çeberlov paytaxt Kiyevin rus qüvvələri tərəfindən mühasirəyə alınması xəbərinin doğru olmadığını vurğulayıb:

“Kiyevin mühasirəyə alınması xəbəri tamamilə yalandır. Ruslar ancaq Belarus tərəfdən gələn yolda qoşun yığırlar. Hazırda ən böyük qarşıdurmalar da orada gedir. Digər yollar açıqdır. Ukrayna müqavimətini belə davam etdirsə, Rusiya Kiyevi ala bilməyəcək. Amma ukraynalılar buranı tərk etsələr, o zaman ruslar Kiyevi ala bilərlər”.

DOSYE.ORG

COMMENTS