Şeyxin qudası hacı Qalibə deyin ki…

 

Az qalıram, kürsüyə mən dırmaşam,

İstəyirəm mən də müsəlmanlaşam

Həmdi-xuda bir dənəyik dində biz,
Həccə gedib-gəldi bütün bəndəmiz
Kim ki deyir, indi mənəm ən təmiz,
Qüsl oxuyub, səcdə düşüb anlaşam
İstəyirəm, mən də müsəlmanlaşam

Rüşvət alıb toplamışam – var para,
Beh verəcəm bicbala zəvvarlara
Tövbə deyib, girməyəcəm barlara,
Amma gərəkdir ki, bir az mallaşam
İstəyirəm, mən də müsəlmanlaşam

Bir neçə təsbeh qoyacam vitrinə,
Qabda gülab, xalq gələcək ətrinə
Əclaf olam arvad-uşaq xətrinə,
Evdə öküz, tövlədə insanlaşam
İstəyirəm, mən də müsəlmanlaşam

Kəblə Vəli tezdən alır dəstəmaz,
Düz dayanıb, əyri qılırmış namaz
Bircə kərəm haqqa üzün tuşlamaz,
Bax belə səccadəyə xub yanlaşam
İstəyirəm, mən də müsəlmanlaşam

Bir klanın zülmünü tündləşdirən,
Zikr eləyib, şeytanı cütləşdirən
Dəbbələyib ölkəni bütləşdirən,
Şeyxüli-İslam kimi imkanlaşam
İstəyirəm, mən də müsəlmanlaşam

Ümməbətimiz ciddi qalıb gülməsin,
Qayda budur: şah yaşayıb, şah yesin
Haqq sözü zindanda yatanlar desin,
Qoysana məsciddə şişəm, canlaşam
İstəyirəm, mən də müsəlmanlaşam.

COMMENTS