POSAT kooperativinin üzvləri deyirlər ki, deputat onlara məxsus torpaq sahəsini mənimsəyib
Hacı Qalib Salahzadə: “Parlament seçkiləri qabağı mənə qarşı təxribat planlaşdırılıb”
“Bələdiyyələrin hüquqları ilə bağlı deputat Qalib Salahzadənin çıxışlarını oxuyuruq. Qalib Salahzadəni yaxşı tanımayan insanlar onun mətbuatdakı müsahibələrindən belə nəticə çıxara bilər ki, deputat prinsipial, ədalət tərəfdarıdır”.
Bu sözlər redaksiyamıza şikayətə gəlmiş POSAT bağ-tikinti kooperativinin üzvlərinin yazdığı müraciətdən götürülüb.
Kooperativ üzvləri iddia edirlər ki, deputat özgə torpaqlarını mənimsəməklə məşhurlaşıb: “Salahzadə özünün qanuna zidd əməllərini rəsmiləşdirmək üçün bələdiyyələrdən istifadə edir.
Bu sözlərin iftira və yalan olmadığını, biz POSAT bağ-tikinti kooperativinin 28 üzvü öz nümunəmizdə sübut edə bilərik. Biz sənədlərlə isbatlaya bilərik ki, Bilgəh qəsəbəsində bizim kooperativə məxsus 4 hektar torpaq sahəsi və əlavə olaraq 1,3 hektar qonşu torpaq sahəsinin (cəmi 5,3 hektar) Bilgəh bələdiyyəsinin keçmiş sədri Fazil Mustafayev Q.Salahzadənin neçə illər əvvəl ölmüş nənəsinə ”həyətyanı torpaq sahəsi “ kimi satılması barədə tam saxta sənəd hazırlayıb. Və sonradan həmin rəhmətə getmiş qadın guya ki, bu torpaq sahəsini deputat Qalib Salahzadənin Sabunçu Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsini tutan oğlu Əliabbas Salahzadəyə vəsiyyət edib. Təkcə Bilgəhdə Q.Salahzadənin yüzlərlə belə ”qəhrəmanlığı” barədə faktlar mövcuddur.
Bilgəh bələdiyyəsinin bizim torpağımızla bağlı əməlində olan ciddi qanun pozuntularına diqqət yetirin: bu torpaq dövlətə məxsus olduğu üçün bələdiyyə tərəfindən kiməsə satıla bilməzdi. Bələdiyyənin bu torpağın özəlləşdirilməsi (satılması) barədə qərarı guya 2005-ci ildə verilib. Halbuki o dövrdə bələdiyyələrin torpaq satmaq səlahiyyətləri yox idi. Bizə məxsus torpaq sahəsinin satılması haqqında saxta sənəd guya ki, 2005-ci ildə tərtib olunmuşdur, lakin faktiki olaraq o 2013-cü ildə o zamankı bələdiyyə sədri Fazil Mustafayev tərəfindən primitiv üsulla kserosurət vasitəsi ilə hazırlanıb və imzalanıb. Qanunla bələdiyyələr torpaqları yalnız müsabiqə (tender) üsulu ilə sata bilər və müsabiqə keçirilmədən torpağın kimə satılması yolverilməzdir. Deputat Q.Salahzadənin bələdiyyə “sevgisi”nin əsl səbəbi və məqsədi budur. O, ərazidəki bütün bələdiyyələrə öz adamlarını yerləşdirmək və onların əlləri ilə özünün torpaq zəbtlərinə hüquqi don geyindirməyə çalışır.
Qəribəsi budur ki, bu sənədlərdəki saxtakarlıqlara baxmayaraq, qanunla torpağın özəlləşdirilməsi tələb olunan bütün lazımi sənədlər və ən əsas da “Kadastr planı” olmadan Dövlət Əmlak Komitəsinin Baş Reyestr Xidmətinin Bakı ərazi İdarəsi (xalq arasında BTİ kimi tanınır) tərəfindən bu torpaq sahəsinə Q.Salahzadənin çox illər əvvəl ölmüş nənəsinin adına “Çıxarış”, yəni ki “kupça” verilib. Özü də qanuna tam zidd olaraq bu sənəd bizim kooperativlə Q.Salahzadə mübahisəsi məhkəmədə baxıldığı zaman verilib. Və bu təşkilatdan adi hallarda çıxmayan operativlik nümayiş edilib – saxta sənədlər təqdim olunmuş gündən 3 gün sonra verilib! Bakı sakinlərinin əksəriyyətinin bu təşkilata işi düşdüyündən onlar bu operativlik möcüzəsinin sirrini yaxşı bilirlər. Halbuki bizim kooperativin sənədləri tam qaydasında olmasına baxmayaraq, onlara 1 il ərzində baxılmamış, sonra bizə “Çıxarış” verilməsindən imtina edilmiş və bu məsələnin yuxarılardan asılı olduğu bildirilmişdir”.
Kooperativ üzvləri qeyd edirlər ki, üzləşdikləri qanunsuzluqlar barədə bir çox dövlət orqanlarına məlumat veriblər. Lakin məmurlar müraciətlərinə tam laqeyd yanaşaraq ərizələrini digər orqanlara göndərməklə kifayətləniblər: “Biz məhkəmələrə də müraciət etmişik və əgər hər hansı məhkəmə bizim xeyrimizə qərar çıxarırsa, deputat Qalib Salahzadənin səyləri nəticəsində digər məhkəmə bizim xeyrimizə olan qərarı ləğv edir. Hətta iş o yerə çatıb ki, Bakı Şəhər İcra Hakimiyyəti, Q.Salahzadənin şöbə müdiri olan oğlu Əliabbasın müraciəti əsasında cəmi bir gün ərzində, heç bir araşdırma aparmadan, yenə də işə məhkəmədə baxılan zaman, bizim kooperativə aid qərarı ləğv edib!.
Görünür Q.Salahzadənin imkanları çox böyükdür ki, Dövlət Əmlak Komitəsini və Bakı Şəhər İcra Hakimiyyətini özünün xeyrinə olan qanunsuz qərarlar qəbul etməyə məcbur edə və mənafeyinə uyğun gəlməyən məhkəmə qərarlarını ləğv etdirə bilir. Biz 28 nəfər, böyük əksəriyyəti bütün ömrü boyu dövlətə xidmət etmiş və hazırda təqaüddə olan POSAT bağ-tikinti kooperativinin üzvləri deputat Qalib Salahzadəyə müraciət edirik: Siz Azərbaycan qanunlarına və adi insanı qanunlara, özünüzün deputat statusunuza hörmət etmirsinizsə, heç olmasa ziyarət etdiyiniz müqəddəs yerlərə, daşıdığınız hacı statusuna hörmət edin. Biz hörmətli Şeyx Allahşükür Paşazadəyə həzrətlərinə müraciət edirik – heç olmasa qudanıza başa salın ki, o, öz bəd əməllərinə görə Allah qarşısında cavab verməli olacaq. Bilirik ki, deputat Qalib Salahzadə, bu məktubda adları çəkilmiş təşkilatlar öz geniş imkanlarından istifadə edərək bizi müxtəlif vasitələrlə cəzalandırmağa çalışacaqlar. Bununla əlaqədar biz Baş Prokuror cənab Zakir Qaralovdan xahiş edirik ki, bizim yazdıqlarımızın araşdırılması barədə tapşırıq versin.
Biz yazdığımız bütün sözləri həqiqətən müstəqil, obyektiv araşdırma qarşısında sübut edə bilərik. Xəbərdarlıq edirik ki, bu yoldan dönməyəcəyik, axıra qədər, hətta Avropa Məhkəməsində mübarizə aparacağıq. İnanırıq ki, hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən respublikamızda haqq-ədalət qalib gələcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar”.
Kooperativ üzvlərinin iddialarına deputat Qalib Salahzadənin münasibətini öyrəndik. Q.Salahzadə ittihamların əsassız olduğunu, bu şəxslərin arxasında kiminsə dayandığını və təxribat yaradaraq onu nüfuzdan salmağa çalışdıqlarını bildirdi: “Hazırda bu POSAT-ın arxasında müəyyən qüvvələr dayanıb və mənə qarşı təxribat törətmək istəyirlər. Bunlar 26 il bundan qabaq – 1989-cu ildə Şaumyan rayonunda özləri üçün kooperativ təşkil ediblər. Üstündən 26 il keçəndən sonra gəliblər ki, bizim burada yerimiz var. O adamların içində POSAT kooperativinin hazır ki sədri Tofiq adlı şəxs var. Həmin bu Tofiqin adı ilə bu şəxslər 4 hektar yeri öz aralarında paylaşdırıblar. Mənim torpağımın divarının arxasında boş torpaq var. Bura mənim ata-baba torpağımdı və təkcə mənim deyil. Bu şəxslərin dediklərinin heç bir əsası yoxdur. Bu şəxslər Ali Məhkəməyə də müraciət etmişdilər. Ali Məhkəmənin qərarı var ki, 26 il ərzində bunların biri gəlib desin ki, mən həmin torpaqda, ərazidə bir dənə ağac əkmişəm və ümumiyyətlə göstərsinlər ki, hansı sahə onlara verilib. Bunlar öz aralarında kooperativləri olan torpaqlarını başqa şəxslərə satıblar. Buranı alan şəxslər də hazırda orada yaşayır. Bu şəxslərdən biri Nazim İsmayılov, o biri isə Mahir Qocayevdir. Bu şəxslər hazırda ordadırlar. Nə vaxt istəsəniz araşdıra bilərsiniz. İndi Bilgəhdə torpaq bahalaşıb deyə bu cür yalan uydururlar.
Axı artıq torpaqlarını satıblar. İndi deyirlər ki, guya mən torpağı oğlumun adına yazmışam. Tamamilə yalandır. Qarşıdan parlament seçkiləri gəlir. Mənim adımın hallanması, nüfuzdan düşməyim üçün POSAT kooperativinin arxasında dayanan var və mənə qarşı təxribat etməyə çalışırlar. Amma mən belə şeylərə fikir vermirəm. Kimin üçün maraqlıdırsa, kiməsə nəyisə sübut etmək lazımdırsa elə bu dəqiqə gedib məsələni araşdıra bilərik. Bunlar kişiyə yaraşan hərəkətlər deyil. Mən bilirəm onların arxasında kim dayanıb. Belə bir qərar var ki, əgər kimsə 1-2 il ərzində sahibi olduğu bağ sahəsində bir ağac əkməyibsə, bir tikinti inşa etməyibsə, onun sənədləri avtomatik qüvvədən düşür. Halbuki bu şəxslərin əlində heç bir sənəd də yoxdur. Bu şəxslər kiminsə əlində oyuncaqdır”.
COMMENTS