Şəmkir icra başçısının şəxsi qanunları

Məlum olduğu kimi bu gün ölkə ictimaiyyəti tərəfindən daha çox müzakirə olunan mövzulardan biri də məmur özbaşınalığı, vətəndaşların vəzifəli şəxslər tərəfindən incidilməsi problemidir.

 

Hətta ölkə prazidenti tərəfindən harınlamış məmurların kəskin şəkildə tənqid olunması da gözlənilən nəticələriverməyib. Bəziləri isə bu tənqiddən ümumiyyətlə heç bir nəticə çıxarmayıblar. Həm də bu tip problemlər daha çox bölgələrdə öz aktuallığı ilə diqqəti cəlb edir. Bu xüsusda Şəmkir rayonu da məmur özbaşınalıqlarının xüsusilə çox müşahidə olunduğu bölgələrdən biri kimi seçilir. Redaksiyamıza daxil olan məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, əhalisi 200000 nəfərə yaxın olan bu rayonun sakinləri icra başçısının fəaliyyətindən son dərəcə narazıdırlar. Son vaxtlar ölkə mətbuatında da Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysovun qeyri-qənaətbəxş fəaliyyətinə dair müxtəlif tənqidi materiallar dərc olunmaqdadır. Xüsusilə bu materiallarda icra başçısı tərəfindən rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara qarşı yolverilməz münasibət göstərildiyi qeyd olunur. Belə ki, bir müddət əvvəl Nazim Veysovun rayondakı bazarların fəaliyyətlərini nəzarətə götürmək və imkan dairəsində onları ələ keçirmək üçün müxtəlif üsullara əl atdığı barədə xəbərlər yayımlanmaqda idi. Mənbələr bildirirdilər ki, sahibkarlarla icra başçısı arasındakı problemin yaranmasının səbəbi bazarlardan əldə olunan gəlirdən ona pay verilməməsi ilə bağlıdır.

Həmçinin kütləvi informasiya vasitələrində müxtəlif vaxtlarda Şəmkir RİH-nin rəhbərliyi tərəfindən dövlət vəsaitlərinin mənimsənilməsinə yol verildiyinə dair məlumatlara da kifayət qədər rast gəlmək olur. Məsələn, ötən ilin sonlarında rayondakı mənbələrin təqdim etdiyi məlumatlarda göstərilirdi ki, Şəmkir-Kür qəsəbəsi yolunun bərpasına 3 milyon manat ayrılsa da, rayona həmin vəsaitin ancaq tən yarısı çatıb: “Əslində bu pulla da yolda təmir işlərini başa çatdırmaq olar. Amma icra başçısı Nazim Veysov ələ düşən fürsəti fövtə vermək niyyətində deyil. Odur ki, Şəmkirdə də bu ilin fevral ayından etibarən yolun inşası ilə əlaqədar pultoplama kampaniyasına başlanılıb”.

Bundan başqa redaksiyamıza daxil olan məlumatlarda da Şəmkir rayonu ərazisində fəaliyyət göstərən müxtəlif müəssisə rəhbərlərinin yol verdikləri qanun pozuntularına məhz N.Veysov tərəfindən rəvac verildiyi qeyd olunur. Nümunə kimi 107 saylı liseyin direktorunun RİH başçısı ilə əlbir olaraq məktəbyanı ərazilərin müxtəlif vətəndaşlara satması faktını göstərmək olar.

Aldığımız son məlumatlarda isə Nazim Veysovun Çinarlı qəsəbəsinin bəzi sakinləri ilə qeyri-sağlam “işgüzar” münasibətlərindən bəhs olunur. İlk növbədə qeyd olunur ki, bu Çinarlı sakinləri rayonda kifayət qədər tanınmış doqquz qardaşdır. İcra başçısı isə bu qardaşlardan biri olan Salman adlı şəxslə biznes əlaqələri qurub. Belə ki, əsas gəlir mənbələri Rusiya Federasiyasında qurduqları biznesdən olan bu qardaşlar Nazim Veysovun köməkliyi ilə Şəmkirdə böyük torpaq ərazilərini ələ keçirirlər. Bunun müqabilində isə icra başçısı qardaşların vasitəçiliyi ilə Peterburq şəhərindəözünə geniş biznes şəbəkəsi yaradır.

Lakin Nazim Veysovun ölkə daxilində malik olduğu biznesi də kifayət qədər tanınmış və etibarlı insanlarla ortaqlıq əsasında qurulub. Məsələn, icra başçısının belə iş ortaqlarından biri kimi, daxil olan məlumatlarda, Milli Məclisin Şəmkir rayonundan deputatı olan Məlahət İbrahimqızının adı çəkilir…

COMMENTS