Yağışların ölkədə, xüsusilə paytaxtda yaratdığı problemlər hazırda sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox müzakirə olunan məsələlərdəndir. Bunu nəzərə alaraq Medianews.az saytı sosial şəbəkələrdən bəzi qeydləri toplayaraq oxucuların diqqətinə çatdırır.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz:
– Magistral N1 (Heydər Əliyev prospekti) yenə də yağış səbəbindən bağlanıb. Ötən ilin oktyabr ayında da bu baş vermişdi. Problem hər yerdə ola bilir, əlbəttə. Amma eyni bir problem, xüsusən də ölkə üçün strateji əhəmiyyət kəsb edən bir problem zaman-zaman təkrarlanırsa, demək, hökumətdə məsuliyyətlə, icra ilə bağlı ciddi problemlər var.
Xatırlayıram ki, Prezident müsahibələrinin birində məmurlara xitabən “xalqdan qorxmursunuzsa, Allahdan qorxun” demişdi.
İndi görünən odur ki, məmurlarımız xeyli arxayınlaşıblar. Qanunlara və Prezidentin tapşırıqlarına sayğısız yanaşmaları, nəinki xalqdan, hətta Allahdan qorxmadıqları göz önündədir.
Düşünürəm ki, hökumətdə, Prezident Administrasiyasında yeni yanaşmalar olmalıdır, qanunların və qərarların icrasına dövlət nəzarətini sərtləşdirməyə ehtiyac var. İctimai nəzarət imkanlarını genişləndirilməlidir. Xüsusən də hər bir dövlət məmurunun məsuliyyəti, tapşırılan işə və məsul olduğu sahəyə cavabdehliyi və hesabatlılığı əsas şərt olmalıdır.
Jurnalist Xaqani Səfəroğlu:
– Yağış suyundan yenə şikayətlənirlər… “Su niyə getmir?” harayı gəlir. Bakıda drenaj sistemi yoxdur. Yeni binalar tikilib, yağış və kanalizasiya suları üçün sistem qurmaq “yaddan çıxıb”. Su hara getsin?
Rejissor Əlimürsəl Hacızadə:
– Bir balaca yağış yağdı, küçələr olur DƏNİZ. İndi də təzə şey tapıblar, sən demə, Hacıbala Abutalıbov mer olanda küçələrdəki dəmir barmaqlıqları çıxartdırıb. Bəs neyniyib onları görəsən? Yaxşı ki, özü düşməyib onların arasına. Bu bir…
Külək əsən kimi, işıqlar DADANQ, sönür. Zəng eliyirsən BİNƏQƏDİ işıq idarəsinə, deyir “PAVREJDENİ var, düzəldirik”… Bu da belə…
İndi zəng edirik QAZ YOLANLAR idarəsinə. “Qardaş, qaz niyə yoxdu?” “Bilirsiz, küləkdi, soyuqdu, ona görə qazın təzyiqi düşüb”. Eybi yox, nolar, dözərik… Nə isə… Mən bu qədər.
Jurnalist Nigar Sabirqızı:
– Oktyabrda yağış Bakını iflic edəndə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov demişdi ki, ola bilər, bəzi nöqsanlara yol verilib. Üstündən 6 ay keçib. Bu gün Bakının faciəvi yağış mənzərəsi göstərir ki, məsul şəxslər o nöqsanları hələ də aradan qaldıra bilməyib. Ola bilər ki, belə yağış Bakı üçün xarakterik deyil və normadan artıq sayılır. Amma bu vəziyyətə hazır olmağın vacibliyini oktyabrda anlamaq lazım idi. Təbii ki, hər şeyi birdən-birə düzəltmək mümkünsüzdür. Məsələ bundadır ki, bugünkü Bakı ilə oktyabrdakı Bakı arasında bir fərq görmədik. Görüntülər yenə üzücüdür. Bizim Bakımız belə olmalı deyil.
İqtisadçı Rövşən Ağayev:
– Hər dəfə güclü yağışın Bakıda, Sumqayıtda, Xırdalanda insanlara yaşatdığı fəlakəti ancaq təbiətin üzərinə qoymaq idarəetmənin məsuliyyəti üzərinə qalın bir beton tökməkdir. Onsuz da uzun illərdir üzləşdiyimiz problemlərə görə ya cəmiyyəti, ya da təbiəti günahkar çıxarmaq normaya çevrilib.
Sözüm yağışla-sellə bağlı deyil, zatən fəlakəti özünüz görüb-yaşayırsınız. Demək istədiyim başqa məsələdir: iqtisadçılar postneft dövründə ölkənin üzləşə biləcəyi potensial problemlərlə bağlı ara-sıra həyəcan təbili çalırlar, ölkənin həmin dövrə hazırlanması üçün bünövrənin indidən yaradılmasının vacibliyini dönə-dönə vurğulayırlar.
İş orasındadır ki, böyük əksəriyyətin postneft dövrü barədə təsəvvürləri mücərrəd və qeyri-müəyyəndir. Daha aydın olsun deyə bugünkü vəziyyətə baxın: ara-sıra yağan güclü yağışlar hansı fəlakətlər yaradırsa, hazırlıqsız postneft erasında təxminən oxşar mənzərənin şahidi olacağıq. Göydən başımıza yağan müftə təbii resurs pulları təbiətin biz bəxş etdiyi yaz-yay fəsli, bol günəşli havadır. Həmin pulların olmayacağı dövr isə bugünkü yağış fəlakətinin yaratdığı mənzərə…”
Siyasətçi Natiq Cəfərli:
– Allah üzümüzə baxıb ki, Bakı tropik zonada, musson yağışlarının hakim olduğu coğrafiyada yerləşməyib – seçilmiş merə həsrət qalan, belə İcra Hakimiyyəti institutu olan Bakıda hər gün faciələrlə qarşılaşardıq.
İldə 2-3 dəfə, Yasamal uşaqları demiş, “nArmAlnı” (yəni qeyri-adi deyil) yağış yağır, şəhər iflic olur…
Şair, publisist Rauf İlyasoğlu:
– Bakıya bir gün yağış yağanda paytaxtımız iflic vəziyyətinə düşür. Kanalizasiya sistemi işləmir. Aidiyyəti qurumlar öz günahlarını öz üzərindən atıb bəhanələr gətirirlər. Hər kəs öz vəzifə borcunu vicdanla yerinə yetirsə, insanlar da rahat nəfəs alarlar.
Təhsil eksperti Kamran Əsədov:
– Hər dəfə hava sərt keçəndə, yollar bağlananda, nəqliyyat iflic olanda eyni mənzərə təkrarlanır: məktəblər rəsmi bağlanmır, amma universitetlər, məktəblər dərs keçə bilmir, müəllim və tələbələr sinfə gedə bilmir. Bu artıq tək-tük hal yox, sistemli problemlərin üzə çıxdığı nöqtədir. Hər yağış təhsili iflic etməməlidir. Təhsil təsadüflərə, hava şəraitinə və logistika imkanlarına tabe olmamalıdır.
Artıq dünyanın bir çox ölkəsində fövqəladə hallarda dərslərin hibrid və ya onlayn formada keçirilməsi qanunla tənzimlənir və tətbiq olunur. Pandemiya dövründə Azərbaycanda da bu model qısa müddətdə tətbiq olundu və müəyyən nəticələr verdi. Lakin problem ondadır ki, bu sistem bir daha strukturlaşdırılmadı, davamlı tədris modelinə çevrilmədi. Halbuki bu gün Azərbaycanın təhsil sistemi üçün ən vacib çağırışlardan biri təhsilin fasiləsizliyini təmin edəcək çevik və rəqəmsal tədris mexanizmlərinin qurulmasıdır.
Fors-major hallarda dərslərin dayandırılması əvəzinə, onların dərhal onlayn və ya hibrid rejimə keçirilməsi üçün bütün məktəblərin və universitetlərin rəqəmsal platforması, ehtiyat dərs planları, texniki təminatı və hazırlıqlı müəllim heyəti olmalıdır. Bu, yalnız texnologiya məsələsi deyil – bu, təhsilin məzmununa, təşkili mexanizminə və hüquqi çərçivəsinə dair yenidən baxış tələb edən sistemli məsələdir.
Hazırda bir çox ali məktəblərdə bu imkanlar ya mövcud deyil, ya da simvolik səviyyədə tətbiq olunur. Ümumtəhsil məktəblərinin əksəriyyətində isə bu barədə heç düşünülmür. Nəticədə hava şəraiti və ya infrastruktur problemi təhsilin qarşısını alır. Bu isə xüsusilə regionlarda yaşayan şagird və tələbələrin daha da geridə qalmasına səbəb olur. Təhsil sistemində onsuz da mövcud olan sosial və coğrafi fərqlər daha da dərinləşir.
Dünyada – Estoniya, Finlandiya, Sinqapur, Kanada kimi ölkələrdə artıq məktəb və universitetlər hər hansı fors-major vəziyyətdə təhsilin davamlılığını təmin etmək üçün hibrid modelə dərhal keçə bilir. Çünki bu, artıq ehtimal yox, real ehtiyac kimi planlaşdırılıb və infrastruktur, hüquqi baza və pedaqoji yanaşma buna uyğunlaşdırılıb.
Azərbaycanda da bu dəyişiklik baş verməlidir. Elm və Təhsil Nazirliyi, ali məktəblər və ümumtəhsil müəssisələri bu sahədə fövqəladə hallara uyğun rəqəmsal təhsil protokolu hazırlamalı, müəllim heyəti üçün mütəmadi olaraq texnologiya əsaslı tədris bacarıqları üzrə təlimlər keçməli, hər məktəb üçün “B planı” – alternativ dərs formatı hazırlanmalıdır.
Əgər bu sistem qurulmazsa, hər dəfə qış gəldikcə, qar, yağış yağdıqca minlərlə şagird və tələbə bir neçə gün yox, bəlkə də həftələrlə təhsildən geri qalacaq. Bu isə təhsilin keyfiyyətinə və bərabərliyinə ciddi zərbə vuracaq.
Təhsil hava şəraitindən asılı olmamalıdır. Təhsil sistemli, çevik və rəqəmsal olanda gələcəyi də dayanıqlı olur”.
Jurnalist Rövşən Kəbirli:
– Başımızın üstə Allah var, həmişə düz danışmaq lazımdır.
Bu dəfə doğurdan da hələ də davam edən yağış nəinki bir günlük, hətta bir aylıq normadan artıqdır. O başqa söhbətin mövzusudur ki, niyə məsul qurumlar əvvəlki subasmalardan nəticə çıxarıb, zəruri tədbirlər görmür…
Toğrul Əli
COMMENTS