Şimal bölgəsində KORONAVİRUSla bağlı son durum: DEPUTATLAR DANIŞDI

Şimal bölgəsində KORONAVİRUSla bağlı son durum: DEPUTATLAR DANIŞDI

Koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə demək olar ki, bütün qurumlar vətəndaşlara kömək məqsədilə səfərbər olunub.

Virusun qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün vətəndaşların sağlamlığı üçün qaydaları bir az da sərtləşdirir.

Belə olan halda günəmuzd çalışan və evdən çıxmaq imkanı olmayan şəxslər var ki, bu günlərdə onların daha çox köməyə ehtiyacı var.

Milli Məclisin deputatları var ki, onlar bu günlərdə seçicisinin problemlərinin yanında ola bilirmi? Ehtiyacı olan seçicilərinə dəstək üçün deputatlar hansı addımları atırlar?

Modern.az  bu dəfə Milli Məclisin Şimal zonasının deputatları ilə əlaqə saxlayıb.

54 saylı Şabran-Siyəzən seçki dairəainin deputatı Sadiq Qurbanov deyir ki, belə günlərdə daha sıx birləşməliyik:

“Koronavirus infeksiyası dünya ölkələrinin səhiyyə sistemini bərbad vəziyyətə salıb. İnfeksiyaya yoluxma halları sürətlə yayıldığından xəstəxanalarda yer belə, yoxdur. Təəssüf ki, ölkəmizdə də bu virusa yoluxma halları müşahidə edilir. Deputatı olduğum bölgədə də virusa qarşı insanların maarifləndirilməsini həyata keçiririk.

Hesab edirəm ki, bu günlərdə daha sıx birləşməliyik. Ehtiyacı olan insanların yanında olmalıyıq. Nazirlər Kabineti yanında Operativ Qərargah infeksiyanın yayılma arealını azaltmaq üçün qaydaları hər gün bir az daha sərtləşdirir. Mütəmadi olaraq Rayon İcra Hakimiyyətinin rəhbəri ilə əlaqə saxlayıram. İndiki halda insanların ehtiyacları da çoxalıb. Gücümüz çatdığı qədər bütün müraciətləri həll etməyə çalışırıq”.

55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov seçiciləri ilə mütəmadi saxladığını söyləyib:

“Koronavirus infeksiyası bəşəriyyət üçün qorxulu həddə çatmaqdadır. Virusa qarşı hər hansı vaksin hazırlanmadığından insanların yoluxması sürətlə baş verir. Bu gün bütün ölkə rəhbərlərinin vətəndaşlardan bir xahişi var ki, evdə otursunlar. Mən də deputat olaraq seçicilərimə elan olunan müddətə qədər evdə oturmalarını tövsiyə edirəm. Şimal zonasında da karantində olan vətəndaşlarımız çoxdur. Əsasən Rusiyadan ölkəmizə gələn insanlar həmin bölgənin məşhur otellərində yerləşdiriliblər. Nabran istirahət mərkəzi karantin dövrünü keçən insanların ixtiyarına verilib. Karantində olan vətəndaşlarımızın vəziyyəti ilə hər gün maraqlanır, ehtiyacları olan məsələləri həll edirik. Bu gün daha çox insanların tibbi maskaya ehtiyacı var. Çalışırıq ki, gün ərzində minimal sayda olsa da, aptekləri tibbi maska ilə təmin edək.  Mütəmadi olaraq Xaçmaz rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlayır, insanların ehtiyacı olan digər problemləri həll edirik”.

51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamov seçicilərinin yanında olduğunu vurğulayıb:

“Koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabinetinin yanında Operativ Qərargahın xüsusi karantin rejimi Qusar rayonunda da çox yüksək təşkil olunub. Hazırda Qusardayam və müəyyən məsələlərlə maraqlanıram. Bütün yaşayış məntəqələrdə postlar qurulmuş, insanların hərəkətinə məhdudiyyətlər qoyulub. Rayon sakinləri evdə qal çağırışına əsasən əməl edirlər. İnsanların evdə qalması özü ilə bağlı müəyyən çətinliklər də yaradıb. Qusarda son illər turizm sahəsi inkişaf etdiyindən rayonda gənclərin işlədiyi əsas sahə restoranlar və istirahət mərkəzləridir ki, bu yerlərdə günəmuzd işləyən insanların gəlirlərində çətinliklər yaranıb. Həm də Qusar dağlıq rayon olduğundan indi də istilik sistemlərindən istifadə olunur ki, məhdudiyyətlərin tətbiqi və insanların evdə oturmaqları kommunal sərfiyyatlarını iki dəfədən çox artmasına gətirib. Rayon sakinləri bizimlə əlaqə saxlayaraq işıq və qazın limitlərindəki məhdudiyyətin aradan qaldırılması məslələsini xahiş edirlər. Həm də apteklərdə tibbi maska çatışmamazlığından rayon sakinləri şikayətlənir. Hamı tibbi maska geyinmək istəyir. Amma təəssüf ki, apteklərdə yoxdur və ya az miqdarda gəlir. Gələn kimi də növbələrlə tez bir zamanda satılıb qurtarır.Onu da qeyd edim ki, martın əvvəllərində tibbi spirtlə bağlı problem var idi . Amma Qusarda fəaliyyət göstərən AzeriRus SPİRİTS zavodu sutkada 30 min litr tibbi spirt istehsal etməyə başlamış və bu, rayon təlabatını tam ödəmiş və ölkəmizin apteklərini də təchiz edib. Küçələr və müəsisələr dizenfeksiya olunur və demək olar ki, gigiyenik tələblərə riayət olunur. Qusar rayon seçiciləri dövlətin koronavirus pandemiyasına qarşı mübarizə addımlarını alqışlayır və tezliklə epidemiyanın başa çatmasını arzulayırlar”.

53 saylı Quba-Qusar seçki dairəsinin deputatı Anatoli Rafaelovun sözlərinə görə, insanların müraciətləri hər zaman olub:

“Bildiyiniz kimi, hazırda parlament aktiv fəaliyyət göstərmir. İnsanların zərurət olmadığı halda evdən çıxması qadağandır. Həm yolların bağlı, həm də yaşımın 65-dən yuxarı olması səbəbindən deputatı olduğum rayona gedə bilmirəm. Ancaq seçicilərim tərəfindən müraciətləri alıram. Qaldı ki, sosial problemlərə bu cür müraciətlər hər zaman olur. Rayon rəhbərliyi, köməkçim vasitəsilə ehtiyacı olan insanlara köməklik göstərilir”.

DOSYE.ORG

COMMENTS