“Şimal xəbərləri”nin baş redaktoru saxlanılıb?

“Şimal xəbərləri”nin baş redaktoru, Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

Aprelin 12-də RF-nin Dağıstan Respublikasının Dərbənd şəhərindən qayıdan “Şimal xəbərləri”nin baş redaktoru, Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Samur sərhəd-keçid məntəqəsinin Rusiya tərəfində saxlanılıb. Məlumata əsasən, insident pasport yoxlanması zamanı baş verib. Ekspert deyir: “Pasportu yoxlayan sərhəd qoşunlarının zabiti mənə gözləmədiyim halda müəmmalı suallar verməyə başladı. Bundan sonra kənarda gözləməyi tələb etdi. Təxminən 25-30 dəqiqə sonra başqa zabitin müşayiəti ilə bir otağa apardılar. Orada mülki geyimli şəxs vardı. Yer göstərdi, oturdum. Yarım saat sorğu-sual etdi. Mən heç bir qanunu pozmamışdım. Səfərimlə bağlı suallar verdi. Sonra isə daha ciddi suallara keçdilər. Sorğudan sonra başqa bir otağa apardılar, pasportumu yenidən aldılar və on beş dəqiqə sonra geri qaytardılar”.

M. Mehdiyevin bildirdiyinə görə, onu dindirənin FTX zabiti olduğunu öyrənə bilib. Saxlanmasının səbəbləri barədə isə ona heç bir məlumat verilməyib.

Müqəddəs Mehdiyev onu da açıqladı ki, axır vaxtlar Rusiyadan qayıdan bəzi azərbaycanlıların da belə vəziyyətlə üzləşdikləri barədə məlumatlar yayılıb. Bundan əlavə, Dərbənddə gedən söz-söhbətlərə görə son aylar Rusiyanın Dağıstandakı sərhəd qoşunlarının tərkibində erməni əsilli zabitlərin sayı artırılıb.

“Şimal xəbərləri”

COMMENTS