Tərtərin ən böyük kəndində 375 şagird tövlədə təhsil alır Təhsil Nazirliyi isə məktəbin təmirinin Dövlət proqramına salındığını bildirir
Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbi təhsil üçün yararsız vəziyyətdədir. Bu barədə “Bizim Yol”a müraciət edən bir qrup kənd sakini təhsil ocağının təmir-bərpa işinə ehtiyacı olduğunu bildiriblər.
Tərtərin ən böyük kəndi olan Azad Qaraqoyunlu kənd məktəbinə qonşu – İlxıçılar, Köçərli və Qapanlı sakinləri olan məktəblilər də təhsil almağa gəlirlər. Bərbad vəziyyətdə olan bu ikimərtəbəli məktəbin 50-55 müəllimi və 375 sagirdi var.
Məktəbin bəzi otaqlarında məcburi köçkünlər yaşayır. Onlar burada fermer təsərrüfatı ilə məşğuldur. Onlar heyvanları məktəbin otaqlarında saxlayırlar. “Məktəb təhsil üçün yararsız vəziyyətdədir. Otaqlar təmirsiz, pəncərələrin şüşələri qırıq, partalar sınıq-salxaqdır. İllərdir ki, başqa məktəblərdə sinif otaqları kompüterlə təmin olunub. Camaat kompüterlə dərs keçir, bizim məktəblilər də qoyunla. Belə olan halda təhsil təşkilatları hansı nəticəni gözləyirlər? Tələbə Qəbulu üzrə Dövlət Komitəsi hər il açıqlama verir ki, rayonlarda məktəblilərin bilik səviyyəsi aşağı düşüb. Bu vəziyyətdə normal tədris prosesi həyata keçirilə bilərmi? Bəyəm hər şey təkcə Bakı məktəblərindən, bahalı kurslardan, liseylərdən ibarətdir?
Onların səviyyəsilə bu uşaqların səviyyəsini bir tutub necə eyni nəticə istəyə bilərlər axi? Ali məktəbə qəbul olmaq üçün repetitor yanında getməyə hamının maddi imkanı olmadığı üçün çoxlarının tələbə olmaq arzusu arzu olaraq qalır. Çoxu Bakını sadəcə televizordan görürlər”, deyə müraciətdə bildirilir.
Müraciətdə vurğulanır ki, orta məktəbin hər il təxminən 50 nəfər məzunu olur: “Hər ildə təxminən 5-6 məzun tələbə adını qazanır. Hansı ki, onlar yüksək ödənişlə rayon mərkəzində repetitor yanında hazırlaşan şagirdlər olur. Hər ailənin büdcəsi imkan vermir ki, övladını rayon mərkəzinə repetitor yanına göndərsin.
Məktəbdə davamiyyət yaxşı deyil. Çünki məktəbin pəncərəsi, qapısı yoxdur. Payız-qış fəsillərində şagirdlər soyuqlayıb aylarla evdə xəstə yatırlar. Bəzən məktəbdə aylarla qrip virusu dolaşır”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya cavab verilib. Cavabda bildirilir ki, “Prezidentin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Tərtər rayonunun Azad Qaraqoyunlu kənd tam orta məktəbində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.
COMMENTS