Şirkət rəhbərindən Baş Prokurorluğa müraciət edildi

Ötən ilin martında həbs olunan, hazırda qaldırılmış iddialar əsasında barəsində Gəncə Ağır Cinayətlərə Dair Məhkəmədə məhkəmə porsesi keçirilən Müqayis Verdiyevin vəkilləri Baş Prokurorluq və Mingəçevir Şəhər Prokurorluğuna müraciət ediblər.

M.Verdiyevin vəkili Fuad İsgəndərlinin JAM.AZ-a verdiyi məlumata görə, belə bir addım atmalarına səbəb hüquqlarını müdafiə etdikləri şəxsə istintaqda və məhkəmədə böhtan atmış “Fəqan Xidmət” MMC-nin rəhbəri Fəyyaz Məmmədovla bağlı araşdırmalara başlanılması və haqqında cinayət işinin qaldırılması olub. “Fəyyaz Məmmədov həm istintaqı, həm də məhkəməni aldatmağa cəhd edib. Onun verdiyi ifadələrin heç biri təsdiqini tapmayıb. Gəncə Ağır Cinayətlərə Dair Məhkəmədə də bu məsələ təsdqiləndi və məlum oldu ki, F.Məmmədov M.Verdiyevə böhtan ataraq, onun uzun müddət həbsdə qalmasına səbəb olub”. 

F.İsgəndərli qeyd edib ki, hal hazırda bütün sübutlar və dəlillər toplanaraq, Baş Prokurorluğa və Mingəçevir Şəhər Prokurorluğuna göndərilib. “Bu adamın adı “Fəqan Xidməti”in rəhbəri gedir. Amma özü Goranboyda aparılan heç bir tikinti işində iştirak etməyib. Onun işi əsasən “obnaliçka” olmaqla yanaşı, eyni zamanda aldıqları müqabilində gözə görünməmək olub. Nə ofisi var, nə mühasibatlığı. Sənədlərini də məhkəmədə etiraf etdiyi kimi, aparıb Şəkidə məhv edib. Bu adam dövlət əmlakını mənimsədiyinə görə, bir dəfə məhkumluq həyatı yaşayıb. Onun yenə də eyni əməllə məşğul olduğu istisna deyil. Bununla əlaqədar, Baş Prokurorluq və Mingəçevir Şəhər Prokurorluğuna müraciət edərək, bütün dəlil və sübutları onlara göndərmişik ki, bu şəxs haqqında cinayət işi qaldırsınlar”. 

M.Verdiyevin vəkili sonda vurğulayıb ki, o, etdikləri müraciətə müsbət cavab veriləcəyinə inanırlar. 

 

COMMENTS