Şirvan şəhəri, Xanlar küçəsi, döngə 2, ev 5-də yaşayan Vəli Vəliyev bildirir ki, şəhərdə içməli su təchizatının normal olmaması əhaliyə ciddi problemlər yaradıb.
“Bizim ərazidə əhali şəxsi mənzillərində yaşayır. Havaların isti keçdiyi vaxtda 6 ailə içməli su tapa bilmir, 3 aydır əziyyət çəkirik. Su xətti 1958-ci ildə çəkilib. Artıq həmin boru istismar müddətini bitirib. Belə ki, təzyiq olanda boru partlayır, təzyiq az olanda isə bizə su gəlmir. Dərdimiz çəkilməz olub. Problemlə bağlı aidiyyatı dövlət qurumlarına müraciət olunub. “Azərsu” ASC-nin “955” qaynar xəttinə məlumat vermişəm”,-deyə V.Vəliyev bildirib.
Şikayətçi deyir ki, müraciətlərə boş vədlərlə dolu cavablar alıb: “Bu gün düzələcək, sabah düzələcək. Ağaclar quruyub, həyətimizdəki bütün yaşıllıqlar məhv olub. 6 ailəyə həftədə bir dəfə maşında su gətirilir. Bu yetərli deyil. Həmin sudan ölməmək üçün istifadə edirik. Digər problemlərimiz qalmaqdadır”.
Problemlə bağlı olaraq “Azərsu” ASC-dən münasibət öyrənmək üçün dəfələrlə cəhd etsək də, telefon zənglərimiz cavabsız qaldı.
COMMENTS