Son bir ayda Azərbaycanda 478 zəlzələ olub

“Cari ilin yanvar ayı ərzində Azərbaycan və ölkəyə bitişik ərazilərdə (Dağıstan, Gürcüstan, Ermənistan, Türkiyə və İran) ümumilikdə 788, sərhəd daxilində isə 478 zəlzələ qeydə alınıb”.

Bunu “Report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, baş verən zəlzələlərin içərisində ikisi daha güclü olub: “Onlardan biri yanvarın 26-da Şabranda 5 bal gücündə baş vermişdi ki, həmin təkanlar hiss olunmuşdu. Digəri isə Naxçıvanda tərəfdə müşahidə olunub. 17 zəlzələ isə Rixter cədvəli ilə götürdükdə maqnitudası 3 və 3-dən yuxarı olub. Qeyd edim ki, hər zaman ilin birinci rübü aktiv olur”.

Q.Yetirmişli, həmçinin əlavə edib ki, Şamaxı-İsmayıllı, Xəzər dənizi, Abşerondan şimala Xızı istiqamətində Xəzəryanı ərazilər, Talış zonası, Naxçıvan və cənub-qərb ərazilərində təkanlar daha çox qeydə alınır: “Lakin ümumillikdə götürdükdə Böyük Qafqazın şimal zonası, cənub-qərb bölgəsində Gəncə, Ağstafa, Qazax, Mingəçevir, Naxçıvan, Ermənistan və Zəngəzur zonasında mütəmadi olaraq təkanlar olur. Qarabağ zonası, orta və aşağı Kürdə isə tək-tük hallarda zəlzələ olur”.

COMMENTS