Şou-biznesin qalmaqallı müğənniləri

Hansı sənətçini dindirirsən “Mən qalmaqalı sevmirəm” deyir. Amma danılmaz faktdır ki, bu gün şou-biznesin əksər nümayəndələri bəzisi bilərəkdən, kimisi də bilmədən qalmaqala gedirlər. Kimisi yorğan davasına çıxır, bəzisi də… Nə isə, elə bu “bəzi”lərin siyahısını uzatmasaq yaxşıdır.

 

İndi bu şou aləmində barmaqla sayılacaq sənətçi göstərmək olar ki, emosiyalarını gizlətsin, qalmaqal etməsin. Maraqlıdır ki, son vaxtlar bu qalmaqalları məhkəmələrə qədər gedib çıxır. Bəs görəsən, şou-biznesin ən qalmaqallısı kimdir. Lent.az da elə bu məqsədlə sorğu keçirib…

Müğənni Əli Mirəliyev: “Məni qalmaqallı müğənni hesab edirlər. Amma mən qalmaqal etmirəm, öz fikrimi deyirəm ki, “ay filankəs, sənin səsin yoxdur”. Bu fikirlərim isə qalmaqala səbəb olur. İllərdir oxuyuram, amma oxumağıma qiymət verən olmadı. Başladım düz danışmağa, adımı qalmaqallı müğənni qoyub, efirə çağırdılar. Mən heç zaman öz fikrimi deməkdən çəkinməmişəm, bundan sonra da çəkinməyəcəm”.

Ayan Babakişiyeva: “Kişilərdən emosional müğənni Nadir Qafarzadədir. Onu qalmaqallı müğənni adlandırırlar. Amma əksinə, onun ürəyi təmiz olduğuna görə, hər zaman sözün düzünü deyir. Sonra da deyirlər ki, qalmaqallıdır. Qadın ifaçılardan ən emosionallı özüməm”.

Bir zamanlar adı həmkarları Elşad Xose, Hüseyn Dərya ilə qalmaqallarda hallanan ReperAnar Nağılbaz: “Qalmaqal deyəndə ilk ağlıma gələn Əli Mirəliyevdir. Qadınlar arasında qalmaqallı kimi Elza Seyidcahanın adını çəkə bilərəm”.

Şou-biznesdə qalmaqal yaşamayan Rəşad İlyasov: “Kişilərdən qalmaqallı müğənni yalnız özüməm. Sanki içimdə bir neçə Rəşad var. “Məni məndən sorma, mən, mən deyiləm. Mən də bir mən var, məndən içəri”. Xanımlar arasında isə qalmaqallı müğənni yoxdur.”.

Günay Rəhimova: “Mən şou-biznesin qalmaqallarından çəkinirəm. Bir-birlərinə nələr deyirlər, gəl görəsən. Sualınız barədə onu deyə bilərəm ki, qalmaqallı yox, sadəcə emosiyalarını tez büruzə verən Nadir Qafarzadədir. Bu insan hər zaman düz danışır deyə, deyirlər ki, qalmaqallı müğənnidir. Amma əksinə, belə deyil. Qadınlardan kim qalmaqallıdır? Ağlıma gəlmir”.

Prodüser Tolik: “Fikrimcə, Nadir Qafarzadədir. Xanımlardan isə Röya Ayxan. Onlar da mənim kimi haqsızlığa göz yuma bilmirlər”.

Aparıcı Afaq Gəncəli: “Əksər ifaçılar qalmaqallıdır. Hansına toxundunsa, qalmaqal olacaq. Ən qalmaqallı müğənni kimidir? Kişilərdən Nadir Qafarzadədir. Amma boş yerə qalmaqal etmir. Əksər hallarda düz söz dediyinə görə, qalmaqala düşür. Qadınlardan isə müğənni Günay İbrahimli qalmaqallıdır”.

Şou-biznesdə adı “qalmaqallı xanım prodüser” kimi tanınan Təranə Səmədova:“Düşünürəm ki, şou-biznesdə ən çox qalmaqal edən sənətçi Əli Mirəliyevdir. Bilmirəm indi özü bunu etiraf edib, yoxsa yox. Amma düşünürəm ki, o özü qalmaqalları bilərəkdən yaradır. Məsələn, o gün açıqlama verib ki, “həyat yoldaşımla bacı-qardaşam”. Bu açıqlamanı edən şəxs , yəqin ki, qalmaqala meyllidir. Şou aləmində qalmaqallı xanım kimidir? (Bir az düşünür) Maral Tahirqızıdır. (gülür) Onun qədər iddialı açıqlama verən xanım müğənni tanımıram. Mənə də qalmaqallı xanım deyirlər. Amma mən istəmədən qalmaqalların mərkəzində olmuşam”.

Bir neçə həmkarları ilə qalmaqal yaşamış rəqqasə Fatimə Fətəliyeva: “Mən də zaman-zaman qalmaqallarda olmuşam. Əksər hallarda da saflığımın qurbanı olmuşam. Haqsızlıqlara susa bilmirəm. Barəmdə söz deyən həmkarlarıma cavab vermişəm. Amma indi-indi düşünürəm ki, gərək bəzilərinə cavab verməyərdim. Şou aləmində qalmaqallı yox, emosional kişi müğənnisi Nadir Qafarzadədir. O, insan sözün düzünü danışır. Qalmaqal olur. Amma ürəyi təmizdir”.

Mövzuda ən çox adı çəkilən Müğənni Nadir Qafarzadə: “Adımı çəkən bütün həmkarlarıma, sənət dostlarıma təşəkkür edirəm. Hər birinə hörmətim var. Mövzu barədə onu deyə bilərəm ki, son zamanlar şou-biznes aləmini izləmirəm, izləməyə də nəsə tapmıram. Çünki yalnız boş-boş söhbətlərdir. Özümü qalmaqallı müğənni saymıram. Hər zaman sözün düzünü dediyimə görə, adımı elə qoyublar. Daim sənətimlə məşğul oluram. Barəmdə söz deyib, qalmaqalla gündəmə gəlməyən istəyənlər olub, olacaq da. Amma son dövrlər susuram. Səviyyəmə, sənətimə uyğun olmayan bəzi sənət adamlarını reklam etmək istəmirəm”.

COMMENTS