Süleyman Mikayılov hansı məmurun adından istifadə edir?

Qaradağ sakinləri imdad diləyir

 

Ötən saylarımızda Qaradağ rayonunun bir qrup sakininin redaksiyamıza göndərdiyi material əsasında yazı dərc etmişdik. İcra başçısı Süleyman Mikayılovun fəaliyyətindən narazılıq edən şikayətçilər rayonda baş verən haqsızlıq, acınacaqlı vəziyyətdə birbaşa onun günahkar olduğunu bildirirdilər. Qaradağdan gələn növbəti müraciətdə dövlət başçısı İ.Əliyevə üz tutan sakinlər icra başçısının rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsinin sosai cəhətdən iflic olduğunu yazıb. “Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib.

 

S.Mikayılov rayon rəhbərliyinə gəlir mənbəyi kimi baxır. İdarəetməni isə korrupsiya və saxtakarlıqda görür. Özünə vurğunluğu o həddə çatıb ki, rayona öz mülkü kimi baxır. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Bu ədalətsizlik və talançılıq insanları iqtisadi cəhətdən çökdürüb və şəxsiyyətlərinin təhqir olunması əhalini dözülməz vəziyyətə gətirib. Kriminal yolla rayon sakinlərinin talanması və onların şikayətlərinin nəticəsiz qalması insanları hakimiyyətdən narazı salır. Neçə ildir ki, bu məsələyə son qoyulmaması sakinlərdə təəccüb yaradıb: “Himayədarın gücünə bax”.
Kəmaləddin Heydərovla Ramiz Rzayevin onu müdafiə etməsi bizə məlumdur. Bunu hətta məktəb şagirdləri də bilir. Qobustan qəsəbəsində bu illər ərzində dörd dəfə qəsəbə icra hakimiyyəti nümayəndəsinin dəyişdirilməsi kadrların düzgün seçilib yerləşdirilməməsinin nəticəsidir. Onlardan biri, Lənkəranda S.Mikayılovun müavini işləmiş Nadir adlı şəxs Qobustan qəsəbəsinə icra hakimiyyətinin nümayəndəsi təyin olunandan qısa müddət sonra spirtli içkinin təsiri nəticəsində qəza törədib. Uzun müddət müalicədən sonra indi də onu təşkilat şöbəsinə müdir qoyub və sonradan tikinti-abadlıq işləri üzrə müavin vəzifəsinə təyin edib.
Rayonun əksər qəsəbələrinin icra nümayəndələri yerli kadr deyil, gəlmələri yalnız pul maraqlandırır. Abadlıq və quruculuq işləri onlarlıq deyil. Rayonu idarə edənlərin yarıdan çoxu korrupsioner, narkoman və alkoqola meyilli şəxslərdir.
Sahil qəsəbəsindəki park artıq bərbad vəziyyətə düşüb, qəsəbələrin heç bir yerində ucqar dağ rayonlarında olan şərait yoxdur. Xahiş edirik, bu məsələnin araşdırılmasında bizim də iştirakımızı təmin edəsiniz”.

COMMENTS