Sumqayıt Dövlət Universiteti inkişafının yeni mərhələsini yaşayır

“Azərbaycan Respublikasında təhsilin inkişafı Dövlət Strategiyası ” bilavasitə ölkəmizdə qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması üçün başlıca istiqamətləri müəyyənləşdirmişdir. Bu gün Sumqayıt Dövlət Universiteti inkişafının yeni mərhələsini yaşayır.

Hazırda universitetimizin kollektivi rəhbərliyin iradəsinə və dəstəyinə arxalanaraq bu yöndə böyük səylə çalışır. Eyni zamanda pedaqoji və mühəndis kadrları hazırlayan yeni ixtisaslar açılmışdır. Xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə qəbulu həyata keçirilmişdir. Bundan əlavə dörd fakültədə rus dili bölməsi açılmışdır.

Son 1 il ərzində təhsil ocağında yüksək tələblərə cavab verən, dünya əmək bazarına çıxa biləcək kadr hazırlamaq üçün sanballı işlər görülmüşdür. Artıq yüksək texniki tələblərə cavab verən və Avropa təhsil sisteminin standartlarına uyğun gələn laboratoriyalar təşkil olunub. Hazırda universitetin mühəndislik fakültəsində TEMPUS layihələri üzrə də laboratoriyalar yaradılıb və yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunub.

Bundan başqa, 37 auditoriyada proyektorlar quraşdırılıb, elektron lövhələr yerləşdirilib. Bunlar həm vaxta qənaətin, həm də tədrisin keyfiyyətinin yüksək səviyyəsini göstərir. Universitetdə təmir və yenidənqurma işləri gedir. Auditoriyalar səliqəyə salınmış, texniki avadanlıqlarla təchiz olunmuşdur. Yeməkxana genişləndirilmiş və şəraiti yaxşılaşdırılmışdır.

Bundan başqa, müəllim və tələbələri narahat edən bir çox məsələlər öz müsbət həllini tapmışdır. Fakültələrin komplektləşdirilməsi başa çatdırılmışdır. Tələbələrin bir korpusdan digər korpusa gedib-gəlmələrinin qarşısını almaq məqsədi ilə bu cür təşkilati işlər aparılmışdır. Bu da vaxt itkisinin qarşısını almaqla tədrisin səmərəliliyini artırır.

Müəllim və tələbələr kompüter sistemindən də yararlana biləcəklər. Yeni qazanxana quraşdırmaqla istilik sistemi tam qaydaya salınmışdır. SDU-da təhsil sisteminin informasiyalaşdırılması istiqamətində də ciddi işlər görülür. Sürətli internet şəbəkəsinə qoşulma imkanı müəllimlərə tədrisi prosesini yeni texnologiyalar əsasında aparmağa şərait yaradır. Tədris laboratoriyalarının modernləşdirilməsi “LABVieW” proqramı ilə işləyən laboratoriyalar təşkili heyata keçirilmişdir.

Tədrisin keyfiyyətinin qaldırılması üçün kitabxananın müasir səviyyədə qurulması və zənginləşdirilməsinin də olduqca vacib məsələdir. Son dövr ərzində respublika milli kitabxanasından və digər qurumlardan 3000-nə yaxın dərs vəsaiti, monoqrafiyalar alınmışdır. Hazırda isə elektron kitabxana sistemi yaradılmaqdadır.

Gələcəkdə elektron kitabxanaların mərkəzləşdirilməsi də nəzərdə tutulur. SDU-nun mühüm uğurlarından biri də onun beynəlxalq əlaqlərinin müasir dövrün tələblərinə uyğun qurulması və inkişaf etdirilməsidir.Hazırda universitetimiz Avropa İttifaqının 4 TEMPUS layihəsində iştirak edir.

Proqramda ən vacib işlərdən biri Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılmasıdır. Burada məqsəd mühəndis ixtisasını Avropa standartlarına uyğunlaşdırmaq və onların sertifikatlarını almaqdan ibarətdir.

Avropa-Asiya və Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyalarına üzv qəbul olunmağımızla bağlı həmin qurumlara müraciət etmişik. Sentyabr-oktyabr aylarında keçiriləcək konfransda SDU-nun və Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasına üzv seçilməsi gələcəkdə aparıcı elm və ali təhsil müəssisələri ilə təcrübə mübadiləsinin aparılmasına, iş birliyinin qurulmasına geniş imkanlar yaradacaqdır.

Biz Tələbə Gənclər Təşkilatı olaraq keçirdiyimiz hər bir tədbirdə, hər bir layihədə rektorumuz cənab Elxan Hüseynovun dəstəyini hiss edirik, onun tapşırıq və tövsiyələri bu gün tədbirlərimizin daha səmərəli, daha maraqlı alınmasında mühüm rol oynamaqla yanaşı, gələcək həyatımız üçün böyük bir məktəbdir.
SDU TGT Sədr, Elvin Gülməmmədov

COMMENTS