Top.Mail.Ru

“Sumqayıt” FK-da QALMAQAL: Prezidentə şikayət olundu

“Sumqayıt” FK-da QALMAQAL: Prezidentə şikayət olundu

Redaksiyamıza Sumqayıt şəhəri, 2-ci mkr, ev 14/21, mən.51 ünvanında yaşayan, 2-ci qrup əlil Hüseynov Baləddin Mirzəkişi oğlu tərəfindən ölkə başçısına və digər dövlət qurumlarına etdiyi şikayət ərzəsinin sürəti daxil olub. Həmən şikayəti ixtiyarınıza veririk:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına,

Surəti: Azərbaycan Respublikası Birinci Vitse- Prezidenti Mehriban xanım Əliyevaya,

Surəti: Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya,

Surəti: Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova,

Surəti: Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə.

 

                                                        Ş  İ  K  A Y Ə T     Ə  R  İ  Z  Ə  S  İ  :

 

Möhtərəm cənab Prezident!

Yazıb Sizə bildirirəm ki, 1963-cü ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşam. 2-ci qrup əliləm, işləmirəm. Hələ keçmiş Sovet dövründən, özümü dərk edəndən xalqımızın dahi oğlu Heydər Əliyevin vurğunu olmuşam. Azərbaycan xalqının bir nümayəndəsi kimi müstəqillik illərində də həmişə Heydər Əliyev siyasətini dəstəkləmiş, səs vermişəm. Hər zaman Ulu Öndərimizin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözlərini rəhbər tutub bu torpağın, bu dövlətin oğlu olduğum, Azərbaycanlı olduğum üçün fəxr etmişəm. Lakin təəssüf edirəm ki, bəzi səlahiyyətli şəxslər çox çirkin niyyətlər güdür, xalqımızı parçalamaq istəyirlər.

Möhtərəm Cənab Prezident!

Öğlum Hüseynov Hüseyn Baləddin oğlu uşaqlıqdan futbola böyük maraq göstərdiyi üçün “Sumqayıt Futbol Klubu”na məşqlərə yazdırmışam. Oğlum məhz Kamran Quliyevin rəhbərliyi vaxtında futbolçu kimi çox inkişaf etdi. Lakin K.Quliyev “Neftçi” FK-na rəhbərliyə getdikdən sonra “Sumqayıt” FK-da problemlər başlandı. Məşqçi Rəşad Muradov keyfiyyətli məşq keçmədiyinə görə dəfələrlə “Sumqayıt” FK  rəhbərliyinə şikayət etsəm də nəticəsi olmadı, əksinə “Sumqayıt” Futbol Akademiyasının  direktoru Hakan Sünal oğlumu gözümçıxdıya salmağa başladı. Bütün bunlarla bağlı “Sumqayıt” FK Prezidenti Riyad Rəfiyevin qəbuluna getdim ki, narazılığımı bildirim. Mən şikayətimi bildirdikdən sonra orada olan “Sumqayıt” FK Vitse-Prezidenti Vaqif Ömərov kobud surətdə məndən soruşdu ki, “hansı zonadansan?” Bildirdim ki, “cənub zonasında anadan olmuşam”. Bu zaman V. Ömərov əli ilə məni göstərərək R.Rəfiyevə bildirdi ki, “Bunları qov getsinlər, cənub zonasının adamları yaxşı adamlar deyillər”. Şəkər xəstəsi olduğum üçün təzyiqim qalxdı, oradan çıxdım və 102 Qaynar Xətt xidmətinə müraciət etdim.

Möhtərəm Cənab Prezident!

Siz hər zaman bütün dünya azərbaycanlılarının, hər bir Azərbaycan vətəndaşının sözdə yox, konkret əməldə Prezidenti olmuş, hər zaman dünyanın harasında olsaq əlinizi kürəyimizdə hiss etmişik, güvənmişik ki, belimizdə dağ boyda, iradəli,  Ulu Öndər Heydər Əlıiyevin bizə miras qoyduğu İlham Əliyev kimi Prezidentimiz var. Bu gün düşmən dövlətlər qüdrətimizi sarsıtmaq üçün xalqımızı parçalamaq istəyirlər. Belə bir zamanda Vaqif Ömərov kimi şəxslərin niyyəti nədir ki, xalqına, dövlətinə bağlı olan insanları sırf doğulduğu bölgəyə görə ayrı-seçkiliyə məruz qoyur? Həmin gündən sonra bir neçə dəfə oğlum  intihar etmək istəyib, çünki çox sevdiyi futboldan atasının Lerikdə anadan olduğuna görə uzaqlaşdırılıb. Cənab Prezident! Mənim nə günahım var ki, ulu babalarım Azərbaycanın cənubunda yaşayıb, mən də orada doğulmuşam? Məgər cənubda doğulmaq cinayət, yaxud günah, ayıb bir işdirmi? Bu hansı təfəkkürün məhsuludur ki, futbolçu kimi bəlkə də ölkəmizə qələbə gətirə biləcək bir uşağa qarşı belə diskriminasiya həyata keçirilir? Bütün bunlar Sizin siyasətinizə, Azərbaycançılığa, hüquqi dövlətin prinsiplərinə ziddir və ona görə də qarşısı alınmalıdır.

Möhtərəm Cənab Prezident!

Yazıb Sizdən xahiş edirəm ki, “Sumqayıt” FK Vitse-Prezidenti Vaqif Ömərovun azyaşlıya qarşı diskriminasiya siyasəti həyata keçirib onun U-12 komandasından uzaqlaşdırılmasına səbəb olması ilə bağlı cinayət işi açılıb məsuliyyətə cəlb olunması və hərəkətlərinə hüquqi qiymət verilməsi üçün göstəriş verəsiniz.

DOSYE.ORG

COMMENTS