Sumqayıt və Gəncənin deputatı sakinlərin I Avropa Oyunları üçün səbirsizləndiklərini deyirlər

20151.jpg

2015-ci ilin 12-28 iyun tarixləri arasında Bakıda Avropa oyunları keçiriləcək. Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

Artıq Azərbaycanda Avropa oyunlarının keçirilməsi ilə əlaqədar olaraq hazırlıq işləri yekunlaşmaq üzrədir. Bəs regionlarda Avropa oyunlarının Bakıda keçirilməsinə insanların münasibəti necədir?

Modern.az saytı Azərbaycanın iri şəhərlərində yaşayan insanların Avropa oyunlarının Bakıda keçirilməsinə maraqlarının hansı səviyyədə olduğunu öyrənib.

Sumqayıtdan seçilən deputat Leyla Abdullayeva sumqayıtlıların Avropa oyunlarına xüsusi marağının olduğunu deyib.
“Avropa oyunlarının keçirilməsinə regionlarda maraq çox güclüdür. O cümlədən Sumqayıt şəhərində də əhali səbirsizliklə bu böyük idman yarışının keçirilməsini gözləyir. Bilirsiniz ki, Sumqayıt bütün dövrlərdə gənclik və idman şəhəri sayılıb. İndi də belədir. Prezident İlham Əliyevin idmana qayğısı, diqqəti, dövlətimizin idmana və idmançıya hərtərəfli dəstəyi şəhərimizdə də hiss olunur. Ümumiyyətlə, şəhərimizdə idman sahəsi bu gün ən canlı, ən aktiv sahələrdən biridir. Bütün idman növləri üzrə nümayəndələrimiz ən yüksək adlar qazanır, çempion olur, kuboklar qazanırlar. Avropa oyunlarında şəhərimizlə bağlı idmançılar iştirak edəcək. Əminəm ki, respublikamızı layiqincə təmsil edəcəklər. Eyni zamanda, bilirəm ki, xeyli gənclərimiz könüllü olaraq Avropa oyunları zamanı iştirak edəcək və qonaqlara hər bir işdə öz köməkliklərini əsirgəməyəcək. Əminəm ki, bu ölkəmiz üçün vacib tədbir olacaq. Ölkəmizin nüfuzunu yüksəldəcək, böyük dostluq və idman bayramı olacaq”.

Gəncədən seçilən deputat Musa Quliyev də gəncəlilərin oyunlara görə yüksək əhval-ruhiyyədə olduqlarını deyib.
“Azərbaycanın hər yerində olduğu kimi gəncəlilər də Avropa oyunlarının Bakıda keçirilməsinə xüsusi maraq göstərir. Hər kəs fəxr edir ki, Azərbaycan belə bir uğura nail olub və yüksək səviyyədə Avropa oyunlarını keçirəcək. Gəncədən olan idmançılar da bu yarışa hazırlaşır. Bütövlükdə dövlətimizin hazırlaşdığı böyük layihədir. Bakıda Avropa oyunlarının keçirilməsinə maraq hansı səviyyədədirsə regionlarımızda da o səviyyədədir. Ölkənimizin hər yerində olduğu kimi, Gəncədə də Avropa oyunlarının keçiriləcəyi vaxtı səbirsizliklə gözləyirlər. Bu, bizim ölkəmiz üçün böyük uğurdur. Hamı Avropa oyunlarında tamaşaçı qismində iştirak etməyə can atır. Gəncəlilər tamaşaçı qismində iştirak edə bilməsə də, evlərində oturub oyunları böyük maraqla izləyəcəklər. Hətta, regionlarımızda Avropa oyunlarına böyük tamaşaçı marağı var”.

COMMENTS