Sumqayıtda daha bir yol çökdü

Sumqayıtda daha bir yol çökdü

Sumqayıt şəhərində daha bir yol çöküb.

Dosye.org-un verdiyi xəbərə görə, hadisə “Dejurnıy” adlanan ərazidə, Kamran Hüseynov küçəsində baş verib. Dünən günorta saatlarında kanalizasiya xəttinin çürüməsi nəticəsində asfaltın alt hissəsində torpağın yuyulmasından sonra asfalt çöküb və çuxur yaranıb.

“Azərsu” ASC-nin Sumqayıt şəhər Sukanal İdarəsinin rəisi Darvin Hüseynov bildirib ki, hadisə baş verəndən bir neçə saat sonra su xəttində yaranan problem aradan qaldırılıb və həmin ərazidə yaşayan əhali içməli su ilə tam təmin olunub: “Kanalizasiya xəttində tutulma nəticəsində şişmə baş verib. Hazırda kanalizasiya sularının maneəsiz daşınması üçün uçqun baş verən quyudan öncəki və sonrakı quyular torpağın üstündən aparılan borular vasitəsilə birləşdirilib. Bakıdan gələn mütəxəssislərin rəyinə əsasən, bu hissədə kanalizasiya xətləri yenilənəcək. Bu ərazidə qrunt suları da çoxdur, 1,5 metr qazandan sonra qrunt sularına rast gəlirik. Buna görə də Sumqayıtda təmir işləri aparmaq Bakıdakından daha çətindir. Təxminən 5 gün ərzində biz burada işlərimizi tamamlayacağıq. Ardınca müvafiq işlər görüldükdən sonra yol istifadəyə veriləcək”.

D.Hüseynov əlavə edib ki, problem təkcə bu ərazidə deyil, ümumiyyətlə kanalizasiya xətləri istismar müddətini başa vurub: “Bunlar 1949-cu illərdə çəkilmiş kanalizasiya xətləridir və bu xətlər artıq ömrünü başa vurub. 2012-ci ildən sonra bir neçə dəfə çökmə hadisələri baş verib. Hissə-hissə olaraq xətlər dəyişdirilir”.

Dosye.org

COMMENTS