Sumqayıtda “Şərq” bazarı şökdürüləcək

Sumqayıtdakı bu ticarət mərkəzində vergidən və sosial ödənişlərdən kütləvi yayınmalar var

“Xeberinfo.com”: Redaksiyamıza Sumqayıt şəhərindəki “Şərq bazarı” ilə bağlı, daha doğrusu bazar rəhbərliyinin qanunazidd əməlləri ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatlarda bazar rəhbərliyinin vergidən və sosial sığorta ödənişlərindən ustalıqla yayınmasından bəhs olunur.
Bu məlumatlara keçməzdən öncə qeyd edim ki, “Şərq bazarı” demək olar ki, yarandığı gündən bugünə qədər söz-söhbətdən, problemlərdən yan dura bilməyib. 1988-ci il aprelin 12-də o zamankı Sumqayıt şəhər icraiyyə komitəsinin müvafiq sərəncamı ilə əsası qoyulan bazar 1997-cil 27 yanvardan RŞHT şirkəti adı ilə fəaliyyət göstərir.(Bazarın ümumi ərazisi 1 ha-dan artıqdır.) Amma rəsmi adı bir yana, bu ticarət mərkəzi əhali arasında yenə də “Şərq bazarı” adı ilə tanınır. Bazarın ilk gündən sahibi və birbaşa idarə edəni də Rəşid Babayevdir.
“Şərq bazarı” son illər, daha doğrusu 2011-ci ilin əvvəllərindən kiçik sahibkarlarla çəkişməsi ilə diqqət mərkəzinə gəldi. Bazarın de-yure sahibi Rəşid Babayevlə 66 kiçiki sahibkar arasındakı qalmaqal hələ də məhkəmə müstəvisində davam etməkdədir. Bu haqda “xeberinfo.com”a yeni məlumatlar daxil olub. Lazımı dəqiqləşmələrlə daha ətraflı sonra.

Yerpulu hara, kimin cibinə axır?

“Şərq bazarı” ilə bağlı əldə etdiyimiz məlumatlar sırasında daha çox diqqəti çəkən yerpulu adı ilə gündəlik və aylıq pul yığılması oldu. Daha doğrusu yığılan vəsaitin rəsmiləşməməsi, heç bir qeydiyyatın aparılmaması. Bu və digər məlumatlarla bağlı “Şərq bazarı”nda olub, müəyyən dəqiqləşmələr aparmağa çalışdıq. İlkin olaraq deyək ki, bazarda irili-xırdalı sahibkarlıq obyektlərinin sayını müəyyənləşdirmək mümkün olmadı. Bu obyektlərin sayının çoxluğu və pərakəndəliklə bağlı oldu: örtülü hissəsindən tutmuş kənarda meyvə-tərəvəz satış nöqtələrinə qədər geniş bir “Şərq bazarı” var. Ətrafdakı meyvə-tərəvəz satış nöqtələrində yerpulu 15 manatdan başlamaqla gündəlik yığılır. Bu sırada elə satış nöqtələri də var ki, gündəlik 30-50 manatlarından keçməli olurlar.
Bunlar bazarın əsas, örtülü hissəsində yığılan pullarla müqayisədə qəpik-quruş sayılır. Bu hissədə də obyektlər və sahibkarlar belə demək mümkünsə iki kateqoriyaya ayrılır. Birinci, nisbətən iri obyektlərdən 1500-3000 manat, 40-50 m2-lik obyektlərdən isə aylıq 500-600 manat yerpulu yığılır. İkinci, nisbətən kiçik satış nöqtələrindən -“polka”lardan-gündəlik 3 manat yığılır. Bundan əlavə isə ay ərzində müxtəlif adlarla müxtəlif məbləğdə də pul toplanır.
Əslində bütün bunları normal, qanunauyğun da hesab etmək olardı, əgər lazımı rəsmiləşmə aparılsaydı, dövlət büdcəsinə müvafiq vergi və sosial ödənişlər həyata keçirilsəydi. Bizim sabibkarlar və satıcılarla söhbətimizdən belə məlum oldu ki, “qara mühasibatlıq” “Şərq bazarı”ndan da yan keçməyib.
Bazarın əhatə dairəsində təxminən 200-dən artıq obyektlərin olduğunu nəzərə alsaq, onda toplanan və büdcədən yayındırılan vəsaitin böyüklüyü məlum olar. Hesab edirik ki, müvafiq dövlət orqanları bizim toxunduğumuz bu faktlarla ciddi şəkildə maraqlanmalıdır.

Standartdan kənar, antisanitariya və s.

“Şərq bazarı” ilə bağlı digər fakt obyektlərin, satışın təşkilinin heç bir standarta uyğun olmaması və antisanitariya ilə bağlıdır. Burada müvafiq standartlara əməl olunmamasını müəyyənləşdirməkdən ötrü peşəkar olmağa da ehtiyac yoxdur. Həm satışın təşkilində, həm də satılan mallarda standartdan əsər-əlamət belə yoxdur. Məsələn, hazırda mövsümlə bağlı vacib sayılan məşhur İran sobalarında və bu kimi mallarda sertifikat deyilən nə isə görə bilmədik. Bunun isə nə demək olduğu məlumdur.
Antisanitariya isə bu bazarda bir başqa bəladır. Hətta ən böyük yarmarkalarda (“Binə”, “Sədərək” kimi) sanitar qaydalar daha çox qorunur, nəinki, “Şərq bazarı”nda. Sumqayıt kimi bir şəhərdə bu səviyyədə antisanitariya yumşaq desək biabırçılıqdır. Eldar Əzizovun son illər Sumqayıtda apardığı abadlıq işlərinin yanında “Şərq bazarı” yamaq kimi görünür. Xüsusi ilə meyvə-tərəvəz və balıq satılan sıra əməllicə xəstəlik mənbəyinə çevrilib. Deyilənlərə görə bazara həkim (Gigiyena və Epidemologiya Mərkəzi) nəzarəti də var. Amma burada nə həkimlikdən, nə də nəzarətdən bir nəsnə görünmür. Nə isə…
Biz bütün bunlara bazar rəhbərliyinin də mövqeyini öyrənmək istədik. Bazarın sahibi hörmətli Rəşid Babayevlə telefon əlaqəsi yaratsaq da nəticə olmadı…

COMMENTS