İŞİD isə qüvvələrini Suriya ərazilərindən kürd bölgələrinə və İraqa doğru çəkir, Suriya hökumət qüvvələri genişmiqyaslı əməliyyatlar başladır
Suriya ordusu ölkə boyunca böyük hücum əməliyyatını başladıb. Ötən həftə ölkənin cənubundakı Dəra şəhərində və paytaxt Dəməşq ətrafında başlayan geniş miqyaslı əməliyyat Suriyanın ikinci böyük şəhəri Hələbi də əhatə edib. Yeri gəlmişkən, Suriya ordusunun yeni antiterror əməliyyatı başladacağı ilə bağlı ötən həftə prezident Bəşər Əsəd BBC-yə müsahibəsində açıqlama vermişdi.
“əl-Cəzirə” telekanalının məlumatına görə, ötən gün səhər saatlarında hökumət qüvvələri Hələbdə nəzarətdə saxladıqları Handarat və Sifat qəsəbəsindəki mövqelərindən hücuma keçərək Başköy, Harededniyen ve Ridyen kəndlərində nəzarəti ələ alıb. Bununla da ötən ilin oktyabrından Suriya ordusunun başlatdığı Hələbin mühasirəyə alınması prosesi böyük həcmdə tamamlanıb.
Ancaq şəhərin bir qismi hələ də müxaliflərin nəzarətindədir. Lakin son hücum əməliyyatından sonra Hələbi Türkiyə sərhədi ilə birləşdirən magistral yol ordu qüvvələrinin nəzarətinə keçib və bununla da faktiki olaraq şəhərin xariclə əlaqəsi kəsilib.
Son məlumata görə hazırda Suriya ordusunun Hələbin mühasirəsini qapadılması üçün daha əvvəl mövcud olan 14 kilometrlik ərazini son hücum nəticəsində 6 kilometrə endirib. Şiddətli döyüşlərdə hər iki tərəfdən itkilərin olduğu və Suriya ordusu tərəfdən Hizbullah silahlılarının döyüşlərə qatıldığı bildirilir. “əl-Cəzirə” səhər saat 5 radələrində başlayan hücum əməliyyatının Hizbullah döyüşçüləri tərəfindən gerçəkləşdirildiyini qeyd edib.
Bu arada məlum olub ki, İŞİD Hələbin şimalında olan qüvvələrinin bir hissəsini şərqə doğru çəkib. “Reuters” agentliyinin məlumatına görə, çəkilməyə baxmayaraq hazırda Hələbin şimalında İŞİD qüvvələri qalır. İslamçı qrupların verdiyi məlumata görə, İŞİD qüvvələri hazırda Hələbin 40 kilometrliyində cəmlənib və yenidən hücuma hazırlaşır. Suriya İnsan Haqları Müşahidə Mərkəzi isə geri çəkilməni İŞİD-in şərq ərazilərində kürd qüvvələri ilə döyüşlərə əlavə qüvvə cəlb etməsi ilə əlaqələndirir. Təşkilatın rəhbəri Rami Əbdürrəhman bildirib ki, geri çəkilməsinə baxmayaraq hazırda Hələbdə İŞİD-in nəzarətində olan böyük bir ərazi mövcuddur.
Yerli Maşur qəbiləsinin lideri Abdullah Samir Maşur agentliyə bildirib ki, İŞİD son günlərdə Hələb ətrafında 3 kəndi boşaldıb. İŞİD-in geri çəkilməsi koalisiya qüvvələrinin bombardmanları ilə də izah olunur. Çünki qeyd olunan bölgəni koalisiya aviasiyası sürəkli olaraq bombalayır. Hüquq müdafiəçilərinin məlumatına görə, iordaniyalı pilot Muaz Kəsəsbinin edamından sonra artan hava zərbələri nəticəsində 70-dən çox İŞİD yaraqlısı öldürülüb. Yerli sakinlərdən biri isə bildirib ki, tanıdıqları İŞİD döyüşçülərindən 90 faizi son bombardmanlarda ölüblər.
Müxaliflərin “əl-Baz” briqadasının komandiri türkmən Mahmud Hacı Həsən “əl-Cəzirə”yə bildirib ki, İŞİD daxilində ciddi münaqişələr var və qruplaşma sürətlə geri çəkilir. Ancaq bununla belə, Hələb ətrafında 150-dək türkmən qəsəbə və kəndi İŞİD-in nəzarəti altındadır. Türkmən komandir hazırda İŞİD-lə aralarında 35-40 kilometrlik bir ərazidə döyüşlərin davam etdiyini bildirib. Onu da bildirib ki, son zamanlar İŞİD-in tərkibindəki əcnəbi döyüşçüləri Rəqqaya və oradan da İraqa göndərilir.
COMMENTS