Suriyada öldürülən İŞİD üzvündən xəbər var

“Suriyada həlak olma xəbəri yayılan Rövşən Bədəlov (“Bədəl” adı ilə tanınırdı) Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvü olub, Tərtərdən nümayəndə kimi QAT-ın 1-ci qurultayında iştirak edib”. Bunu Modern.az-a QAT sədri Akif Nağı bildirib.

 

O, deyib ki, Rövşən Bədəlov vaxtilə Qarabağda partizan dəstəsi yaratmaq cəhdləri edib. Sonralar Çeçenistanda, Pankisi dərəsində döyüşlərdə iştirak edib. 2003-cü ildə dəstə yaradaraq cəhbə xəttini keçib Qarabağda partizan hərəkatını başlamaq istəyib. 2003-cü ilin avqustunda o başda olmaqla dəstənin 23 üzvü Bakıda həbs olunub. Rövşən Bədəlova 10 il həbs cəzası verilib. 2013-cü ildə azadlığa çıxıb, QAT rəhbərliyi ilə söhbətlərində yenə də Qarabağda döyüşmək istədiyini bildirib.

“Görünür, bu arzusunu həyata keçirə bilmədiyinə görə Türkiyəyə, oradan da Suriyaya gedib. Biz Rövşən Bədəlovun, onun kimi digər insanlarımızın yad ölkələrdə həlak olmalarına təəssüf edirik. Onlar yad ölkələrdə deyil, Qarabağda döyüşməli, ya qalib gəlməli, ya da şəhid olmalı idilər.
Allah rəhmət eləsin”.

A.Nağının sözlərinə görə, bu hadisə ilə bağlı hamını düşünməyə dəvət edir. “Bizim oğullarımız döyüşmək üçün niyə yad ölkələrə getməlidirlər? Nə üçün onların döyüşməsi üçün Qarabağ müharibəsini başlamırlar? Onlar müharibə adamlarıdırlar, döyüşmək istəyirlər. Onların öz ölkəmizdə, Qarabağ uğrunda döyüşmələri üçün şərait yaratmağın vaxtı çatmayıbmı? İnsanlarımızın yad ölkələrdə həlak olmağının günahı kimdədir? Biz 20 ildir ki, Qarabağda savaşın başlanmasını tələb edirik! Hakimiyyətdən soruşuruq: Müharibəni nə üçün başlamırsınız?”.

COMMENTS