Təhsil nazirinin görüşdüyü müəllimə tənqid atəşinə tutuldu

Təhsil nazirinin görüşdüyü müəllimə tənqid atəşinə tutuldu

Son günlər Lənkəranın Jidi kənd məktəbinin ibtidai sinif müəllimi Leyla Qarazadə sosial şəbəkələrdə fərqli ideyaları ilə populyarlıq qazanıb. Hətta təhsil naziri Emin Əmrullayevdə Lənkərana səfəri zamanı həmin müəllimənin sinifində olub və orada müəllim və şagirdlərlə selfi çəkdirərək paylaşıb.

Şagirdlərinə qarşı isti münasibəti və fərqli dərs metodları ilə seçilən Leyla müəllimə bir neçə gün əvvəl öz sosiail şəbəkə hesabında yeni bir video paylaşıb. Həmin videoda müəllimə sinifindəki qızların saçlarını hörür, darayır və onları “8 mart” bayramına hazırlayır.

Bu görüntülər isə cəmiyyət tərəfindən bir mənalı qarşılanmayıb. Müxtəlif təhsil qruplarında həmin video paylaşılaraq, müəlliməyə qarşı təhqirlər, təndiqlər yazılır, müəllimənin məktəbi gözəllik salonuna çevrməsinin təhsilə qarşı təhqir olduğu qeyd edilir.

Məsələ ilə bağlı Medianews.az saytına açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirir ki, ümumilikdə Azərbaycan müəlliminin peşəkarlıq səviyyəsi çox aşağıdır:

“Peşəkar müəllimlərimiz var, amma ümum təhsil məktəblərində işləyən 152 minlik müəllim ordusu arasında bu rəqəm 0-ın altındadır. Bu ondan irəli gəlir ki, təhsil qurumları, Təhsil Nazirliyi, cəmiyyət o müəllimi yaxşı sayır ki, onun yanına repititorluğa gələn uşaqların sayı çox olsun, o, tədris etdiyi fənni yaxşı bilmiş olsun. Lakin bu düşüncə yalnışdır. Əsas olan isə müəllimin pedaqoji və psixoloji biliklərinin nə səviyyədə olması, müasir təlim metodlarını nə dərəcədə bilməsi və bunu səmərəli şəkildə tətbiqetmə bacarığının olmasıdır. Tarixi, coğrafiyanı bilmək, yaxşı müəllim olmaq demək deyil.
Leyla müəllimənin məsələsinə gəldikdə isə ona olan münasibət birmənalı deyil. Bilirsiniz ki, təhsil naziri də həmin müəllimin dərs dediyi sinifdə oldu, orada selfi çəkdirərək, paylaşdı və s. Bu, həmin müəlllimənin timsalında işinə daha ürəklə yanaşan müəllimlərə dəstəyi ifadə edirdi”.

Təhsil ekspertinin sözlərinə görə, əgər həqiqəti axtarırıqsa, bir müəllimin öz şagirdinə olan məsafəsi 50 sm-dən yaxın olmamalıdır və bu birmənalıdır:

“Pedaqoji baxımdan baxdıqda doğru deyil. Amma bu günkü yanaşmayla baxsaq, görərik ki, Leyla müəllimə ucqar dağ kəndində yaşayır. Leyla müəllimənin işlədiyi bölgə ilə bağlı isə illərdir deyilir ki, “qızları oxutdurmurlar”, “orada erkən nikah var” və s. Mənim gözümdə təkcə Leyla müəllimə yox, bu gün ucqar kəndlərdə işləyən müəllimlər bir qəhrəmanlıq obrazıdır. Çünki onlar çox çətin şəraitdə çalışırlar. Bundan əlavə ucqar dağ kəndlərində işləyən müəllimlər, şəhər müəllimləri kimi repititorluqla məşğul ola bilmirlər. Onlar sadəcə maaşa işləyən insanlardır. Bu müəllimlər müəllim-şagird münsibətlərinin pozulduğu dövrdə özlərini valideynlərə, şagirdlərə sevdirə bilirlərsə, bu sadəcə alqışa layiqdir.
Bir müəllim ucqar dağ kəndində şagirdlərə gigiyenik qaydaları öyrədirsə, saçlarını səliqəyə salmağı izah edirsə, burada mənfi heç bir şey yoxdur. Bundan əlavə paylaşımda da müəllimə qeyd edir ki, şagirdləri 8 marta hazırlayır. Bu cür müəllimlərə sadəcə dəstək və motivasiya vermək lazımdır”.

DOSYE.ORG

COMMENTS