Orxan Kərimov Ali Məhkəməyə müraciət edəcəyini və ədalətli qərar gözləyəcəyini bildirib
Təhsil Nazirliyinin keçmiş əməkdaşı Orxan Kərimov Ali Məhkəməyə müraciət etməyə hazırlaşır. Bu barədə musavat.com-a o, özü məlumat verib.
O.Kərimov bildirib ki, əvvəlki iki instansiya məhkəməsində uduzub. Bununla belə, o, Ali Məhkəmədən ədalət gözləyir.
O.Kərimovun sözlərinə görə, hüquqlarını sonadək müdafiə edəcək: “Onsuz da Avropa Məhkəməsinə qədər gedəsi olsam, günahsız olduğum sübuta yetiriləcək və mən qalib gələcəm. Ancaq istəyirəm ki, bu ədaləti ölkə məhkəmələrindən görüm. TQDK sədri Məleykə Abbaszadə son olaraq 27 saxta diplom aşkarlandığı barədə məlumat verib. Bu cür faktlar əminəm ki, onlarladır. Tutaq ki, qanunsuz köçürülmələrdən, diplomlardan ikisi və ya üçü mənim adıma çıxılsın, sonra..? Başqa faktları kim edib? Əslində bu işi heç kim kökündən araşdırmayıb. Ümid edirəm ki, Ali Məhkəmə ədalətli qərar çıxaracaq. Mən mübarizəmi sonadək davam etdirəcəm”.
Əvvəlki iki instansiyada iddiasının təmin olunmamasına rəğmən, Təhsil Nazirliyinin keçmiş əməkdaşı hüquqlarını sonadək müdafiə edəcəyini vurğulayır: “İstəyirəm ki, bu məsələ sivil qaydada, məhkəmə yolu ilə həll olunsun. Bu işin Avropa Məhkəməsinə gedib, çıxması ayıbdır. Bilirəm ki, Avropa Məhkəməsi mənim xeyrimə qərar verəcək. Ancaq niyə bu addımı ölkə məhkəmələri etmir? Niyə əlimdə kifayət qədər faktlar ola-ola günahsız olduğumu sübut edə bilmirəm?”
Orxan Kərimov
Onun sözlərinə görə, günahsız olduğu bəlli olduğu halda, hakimlər bunu rəsmiləşdirmək istəmirlər: “Necə olur ki, Apellyasiya Məhkəməsinin hakimi buna baxır, sözümüzlə razılaşır, amma sənədə qol çəkmir? Vəzifəli şəxs olmadığım halda, tələbə köçürmələri ilə bağlı mənə qarşı ittiham irəli sürülüb. Bu, gülməli bir işdir. Hüquq fakültəsinin birinci kurs tələbəsi də başa düşür ki, bu maddənin subyekti deyiləm. Həmçinin həmin dövrdə Azərbaycanda olmamışam, bunu təsdiq edən rəsmi sənədlər var. Tələbə köçürmələri ilə bağlı sənədlərdə isə başqa adamların imzası, qolları var. Mənə cinayət işi açıldığı halda, onların heç adını çəkən yoxdur. Bu boyda biabırçılıq olmaz”.
O.Kərimov həbsində hansısa qüvvələrin, kimlərinsə maraqlı olduğunu da vurğulayıb: “Məni həbsdən buraxanda da bunu çətinliklə etdilər. Ölkə prezidenti müdaxilə etdikdən sonra həbsdən çıxdım. Heç əməliyyat olunmağıma imkan vermək istəmirdilər, kimlərsə bunda maraqlı idi. İndi də ədalətli hökmün verilməsi üçün sanki bir sehirli çubuq gözləyirlər”.
O, qeyd edib ki, hazırda üstündə cinayət işi olduğu üçün işləyə də bilmir: “Üzərimdə cinayət işi, şərti cəza var. Dövlət qulluğunda işləməyimə məhkəmə qərarı ilə iki illik məhdudiyyət qoyulub. Bu cinayət işində qanunsuzluqlar çoxdur, mənə aid bir şey yoxdur”.
O.Kərimov həmçinin ehtiyac olarsa, xarici mətbuata da problemini çıxaracağını bildirib.
Qeyd edək ki, Təhsil Nazirliyinin korrupsiyada ittiham olunaraq, həbs edilən əməkdaşı Orxan Kərimov iki il əvvəl sensasiya yaradacaq sənədlər açıqlayıb. “Yeni Müsavat”a açıqlamasında onunla bağlı çıxarılan məhkəmə qərarından narazı qaldığını da vurğulayıb.
Nazirliyin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov 3 il sınaq müddətinə şərti cəzaya məhkum olunub. Onun sözlərinə görə, indiyədək verilən məhkəmə qərarları qanunsuz və ədalətsizdir: “Eyni zamanda, bu, cinayətkarların himayə edilməsidir. Düşünürəm ki, ölkə başçısı bu məsələdə öz mövqeyini bildirəcək. Mənim Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə ittiham olunmağın tam qanunsuzluqdur. Bu maddə rüşvətxorluqdur, bu maddəni mənə vermək olmaz. Çünki mənim tələbə köçürmək sahəsində səlahiyyətim yoxdur. Deməli, bu rüşvəti ala bilmərəm, buna görə mənə belə ittiham irəli sürülə bilməzdi. Onlar bu qanunsuzluğa getdilər. Görünür, məqsəd kimlərinsə himayə olunmasıdır. Gerçək iştirakçılar kənarda qaldılar və bu işə aidiyyəti olmadığım halda, mən faktiki olaraq, mühakimə olundum”.
O.Kərimovun əlində olan sənədlərdə isə qanunsuz tələbə köçürmələrində əli olan şəxslərin imzası var: “Həmin rəsmi sənədlərdə universitet rektoru nazirliyə yazır ki, tələbələrin sənədləri araşdırılıb, nazirliyin təlimatına uyğun olduğu yoxlanılsın. Əvvəlki təhsil naziri Misir Mərdanov də işçisinə tapşırıq verir və bu, yoxlanılır. Nazir daha sonra rektora cavab verir ki, məsələ araşdırılıb və köçürməyə etiraz etmirik. Ancaq sonradan həmin köçürülən tələbələrin bir neçəsinin köçürməyə qədər heç bir universitetdə oxumadığı məlum olub. Bu, cinayətdir. Bu zaman kimdir, günahkar..? Mən nə araşdırmada iştirak etmişəm, nə də həmin sənədlərdə imzam var. Bu, cinayətdir və elə isə cinayətdə iştirakı olan adamlar hanı..? Biz məhkəmədə onların da ifadə verməsini istədik, ancaq məhkəmə bunu etmədi. Hətta mən xaricdə əməliyyat olunduğum zaman tələbə köçürməsi baş verib. Həmin adam Təhsil Nazirliyinin qəbul otağında oturub, özünü Orxan Kərimov kimi təqdim edib, insanlardan pul alıb. Qəbul otağında onun rahat rüşvət almasına kim şərait yaradıb? Bu işlə bağlı maraqlar bəzi dairələrdə o qədər güclüdür ki, hətta prezidentin xoş niyyətindən sonra da istədiklərini etdilər və mən cəza aldım”.
Qeyd edək ki, O.Kərimovun redaksiyamıza təqdim etdiyi sənədlərdə qanunsuz tələbə köçürmələrinə sabiq nazir Misir Mərdanovun şəxsən razılıq verdiyi və sənədləri imzaladığı əks olunub.
Rəsmi sənədlərdə göstərilir ki, “Köçürülmə üçün müraciət edən və siyahıda olan tələbələrin sənədləri qüvvədə olan əsasnamənin və təlimati sənədlərin tələbləri gözlənilməklə Təhsil Nazirliyində universitetin tədris şöbəsi ilə birlikdə araşdırılmış və onların köçürülməsinin mümkün olduğu müəyyən edilmişdir. Təhsil Nazirliyi qeyd olunanları nəzərə alıb, adları göstərilən tələbələrin Bakı Dövlət Universitetinə qeyd olunan-ixtisaslar üzrə köçürülmələrinə icazə verir”.
Həmin sənədlərdən görünür ki, köçürülmə ilə bağlı araşdırma prosedurunda bütün sənədlərdə sabiq nazir M.Mərdanovun imzası var. Həmçinin nazirliyin əməkdaşları, ilk növbədə müavin İ.Pirməmmədov araşdırma prosesində iştirak edərək tələbələrin qanuni olaraq təhsil aldıqlarını və test üsulu ilə daxil olub-olmadığını “dəqiqləşdirir”. Bu araşdırmalara bəzi universitetlərin rektorları da qatılıb.
Xatırladaq ki, Təhsil Nazirliyində şöbə müdirinin müavini işləyərkən həbs edilmiş Orxan Kərimov 2011-ci il iyunun 6-da saxlanılıb. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma – passiv rüşvətxorluq) maddələri ilə ittiham olunub və 3 il sınaq müddətinə şərti cəza alıb.
COMMENTS