Təhsil şöbələri uğrunda qızğın “savaş” başladı

Xəbər verdiyimiz kimi, ölkəmizdə təhsil şöbələri ləğv olunacaq. Belə ki, Təhsil Nazirliyinin regional idarələri yaradılıb.

 

Ölkə başçısının Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı sərəncama əsasən Təhsil Nazirliyinin bir neçə regional idarələri yaradılıb. Onlardan biri də Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında formalaşdırılacaq Sabirabad Regional Təhsil İdarəsidir. Sərəncam gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək və bununla ölkəmizdə təhsil şöbələri ləğv olunacaq.

Bu sərəncam ölkə başçısı tərəfindən imzalanar-imzalanmaz artıq bir sıra iddialılar regional təhsil idarələrinin rəhbərləri uğrunda mübarizəyə başlayıblar. Əldə etdiyimiz məlumatlara görə, belə şəxslərdən biri də Saatlı rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevdir. Belə ki, Şamil Nurəliyevin Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında formalaşdırılacaq Sabirabad Regional Təhsil İdarəsinin rəhbəri vəzifəsi uğrunda mübarizə apardığı bildirilir. Halbuki onun özünün rəhbərlik etdiyi Saatlı rayon Təhsil Şöbəsi ağır durumdadır. Təhsil Saatlı rayonunda bərbad vəziyyətdədir. Qəzetimizə verilən xəbərlərdə bildirilir ki, ölkəmizin rayonlarındakı uşaq bağçalarında bəlkədə ən bərbad, ən pis vəziyyət Saatlı rayonundadır. Burada təhsilin bərbad vəziyyətdə olması Təhsil Nazirliyinin rəhbərliyinə də məlumdur. Bunu hər il rayondan ali məktəblərə qəbul olunan məzunların sayı da təsdiqləyir. Ancaq rayonda adı olub fəaliyyəti olmayan təhsil müəssisələrindən hər ay əldə olunanlar bəzilərinin gözlərini bağlayıb, dillərini lal edib. Təhsil Şöbəsi müdirinin yaxın qohumları son anda onun köməyinə çatır, nöqsanları ört-basdır etdirirlər. Əziyyət çəkən, savadsız böyüyən isə şagirdlər olur. Şamil Nurəliyevin rəhbərliyi altında fəaliyyət göstərən məktəblərdən heç də ürəkaçan xəbərlər gəlmir. Deyilənə görə, guya müəllimlər kursa və ya ixtisas dəyişmə ilə əlaqədar ezamiyyətə göndərilirlər. Əslində isə müəllimlər heç yerə getmir. Onların adları kursda olsa da, özləri işlədikləri məktəblərdə olurlar. Adlarına yazılan ezamiyyə xərcləri isə kiməsə çatır. Müəllimlər jurnalları özləri yazır, əmək haqqını isə digər müəllimin adına yazdırırlar. Həmçinin o da deyilir ki, məktəblərdə normal dərs keçilmir, müəllimlər isə işlərinə ötəri münasibət bəsləyir. Müəllimlərin işlərinə ötəri münasibət bəsləməsi isə birbaşa Təhsil Şöbəsinin müdirinin adı ilə bağlıdır. Deyilənlərə görə, Şamil Nurəliyev etdiyi əməlləri çox açıq-aşkar edir.

Çünki onun yuxarılarda tanışı, dostu, qohumu var. Bunun üçün də heç kimdən nə qorxur, nə də, çəkinir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Saatlı rayon Təhsil Şöbəsinə ayrılan maliyyə vəsaitlərinin hara xərcləndiyi də məlum deyil. Şamil Nurəliyevin şöbə müdiri vəzifəsində çalışması, bu və digər xoşagəlməz halların yaşanması deməkdir. Əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, sentyabr ayında yeni dərs ilinin başlaması ilə əlaqədar birinci siniflər üçün sənəd qəbuluna artıq start verilib və “şirinlik” verilmədən heç bir uşaq birinci sinifə qəbul edilmir. Həmçinin o qeyd olunur ki, məktəblərin çoxunda hələ də, kompyuter yoxdur. Dövlət tərəfindən ayrılan ümumi vəsaitlərin hara mənimsənildiyi bəlli deyil. Göründüyü kimi, Saatlı rayon təhsilindəki nöqsanlar sadalamaqla bitmir. Rayonda təhsilin səviyyəsi o qədər aşağıdır ki, orta məktəbi bitirən şagirdlər attestat almaq üçün sınaq imtahanlarını belə verə bilmirlər. Son buraxılış imtahanlarında isə hər şagirddən nəsə yığmaqla məsələ həllini tapıb. Rayonda təhsil sahəsində kadr seçimində də ciddi nöqsanlara yol verilib. Təhsil müəssisələrinə mexanizatorların, sürücülərin, neftçilərin rəhbərlik etmələri adi hala çevrilib. Belə olmasaydı, rayon peşə liseyinə ixtisasca sürücü, Qıraqlı kənd uşaq bağçasına bir vaxtlar adlı-sanlı mexanizator olan bir xanım, Dədə Qorqud kənd uşaq bağçasına ixtisasca neftçi rəhbərlik etməzdi.

Göründüyü kimi, Saatlı Təhsil Şöbəsi özünün ən ağır günlərindən birini yaşayır. Amma buna baxmayaraq, Şamil Nurəliyev Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında formalaşdırılacaq Sabirabad Regional Təhsil İdarəsinin rəhbəri vəzifəsinə təyinat almaq üçün bütün vasitələrdən istifadə edir. Bu məsələdə ona yüksək vəzifədə çalışan qohumlarından biri də yardımçıdır. Şübhəsiz ki, əgər Şamil Nurəliyev məqsədlərinə çatsa, Sabirabad Regional Təhsil İdarəsi də Saatlı Təhsil Şöbəsinin aqibətini yaşaya bilər.

COMMENTS