“Təsəvvür edək ki, cihadçılar Azərbaycana soxuldu…”

ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgə strukturu” kimi də tanınan “Stratfor”un direktoru Corc Fridman Obama administrasiyasının üzləşdiyi böhranlar qarşısında heç bir aydın cavab variantına malik olmadığını yazıb.

 

Virtualaz.org saytı xəbər verir ki, C.Fridmanın “Forbes” jurnalında dərc edilmiş məqaləsində Birləşmiş Ştatların “tarazlığını itirdiyini” yazır.

 

“ABŞ Suriya-İraq teatrında, habelə Ukraynada eyni vaxtda ciddi problemlərlə qarşılaşıb. Bu problemlərin heç birinə aydın cavab variantı yoxdur.

 

O, böhran arenalarında uğur əldə etməyin yollarını bilmir, eyni zamanda müəyyən edə bilmir ki, məğlubiyyətlərin nəticələri ilə necə hesablaşmaq olar” – deyə C.Fridman bildirir.

 

Müəllifin qənaətinə görə, ABŞ dünyadakı mövcud problemləri nəzərə almaqla vahid kompleks plan işləyib hazırlamalıdır. Bu plan hərbi əməliyyatlar gedən zonalarda siyasi manevrələrin və hərbi planlaşdırmanın inteqrasiyasından ibarət olmalıdır.

 

“Stratfor”un direktoru ABŞ-ın eyni vaxtda iki müharibə aparmağa hesablanmış hərbi doktrinasının da artıq köhnəldiyini yazır.

 

Onun fikrincə, eyni vaxtda bütün düşmənlərə qarşı savaşmaq da mümkün deyil, ancaq Birləşmiş Ştatlar hərbi əməliyyatlar üçün əsas ağırlıq mərkəzini müəyyən etməlidir.

 

C.Fridman hesab edir ki, bu mərkəz Qara dəniz hövzəsidir (C.Fridman bu yaxınlarda Azərbaycan da daxil olmaqla Qara dəniz hövzəsi ölkələrində səfərdə olub, araşdırmalar aparıb).

 

C.Fridman hazırda dünyada iki əsas hərbi əməliyyatlar teatrının olduğunu qeyd edir.

 

Bunlardan biri Ukrayna, digəri “İraq və Şam İslam Dövləti”nin (İŞİD, indiki adı “İslam Dövləti”dir-red.) hücuma keçdiyi, hər gen yeni ərazilər ələ keçirdiyi İraq-Suriya teatrıdır.

 

İlk baxışdan bu iki münaqişə zonası arasında birbaşa əlaqə yoxdur.

C.Fridmanın sözlərinə görə, üstəlik rusların özlərinin İŞİD-ə işləyən qafqazlı yaraqlılarla bağlı problemi var.

 

Bu baxımdan Rusiyanı Suriya və İraqda baş verənlər qane edə bilməzdi. Lakin digər tərəfdən, Suriyada və İraqda baş verənlər ABŞ-ın diqqətini Ukraynadan yayındırdığı üçün Rusiyaya sərfəlidir.

 

“Stratfor”un direktoru deyir ki, ABŞ bu iki problemi birlikdə nəzərdən keçirməlidir. Hazırda Obama administrasiyası Yaxın Şərqə müdaxiləni məhdudlaşdırıb əsas diqqəti Ukraynaya yönəltməyə çalışır.

 

Eyni zamanda administrasiya bu iki münaqişənin heç birinə hərbi müdaxilə etmək istəmir. Çünki bu müdaxiləni riskə getmədən necə həyata keçirəcəyini bilmir.

 

C.Fridman hesab edir ki, ABŞ-ın yeni strategiyasında əsas yer Azərbaycana ayrılmalıdır:

 

“Bir anlıq təsəvvür edək ki, ruslar yenidən Qafqaza müdaxilə etdilər, cihadçılar Çeçenistan və Dağıstandan Azərbaycana hücuma keçdilər və ya İran şimala doğru hərəkətə başladı. O zaman Qafqazdakı hadisələrin gedişi böyük ölçüdə Birləşmiş Ştatlar üçün həlledici əhəmiyyət kəsb edəcək.

 

ABŞ-da qərarları qəbul edənlərin indiki iki böhran qarşısında çarəsiz qalması və mövcud iki strateji problemi konseptuallaşdıra bilməməsi göstərir ki, Qafqazda yarana biləcək yeni böhran onları ümumiyyətlə çökdürəcək”.

 

“Stratfor”un direktoru yazır ki, ABŞ Qara dəniz hövzəsi üzrə yeni strategiya hazırlamalı, bu strategiyanın mərkəzində Azərbaycan dayanmalıdır.

 

Çünki Azərbaycan olmadan Qara dəniz sahilində yerləşən Gürcüstanın əhəmiyyəti azalacaq. Eyni zamanda Azərbaycan Şimali Qafqazdakı cihadçılar üçün bufer hesab olunur. Ona görə də Azərbaycan ABŞ-ın yeni Qara dəniz strategiyasında loqistik şərq lövbəri olmalıdır.

COMMENTS