Təzminat əvəzinə ya Zəngəzur dəhlizi, ya İrəvan bazarı…

Təzminat əvəzinə ya Zəngəzur dəhlizi, ya İrəvan bazarı…

30 ilə yaxın müddətdə Ermənistan işğalçılıq siyasətini təkcə ərazilərimizi zəbt etməklə yekunlaşdırmayıb. İşğaldan azad edilən ərazilərimizin ekoloji sferası tamamilə məhv edilib. Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Kəlbəcər kimi şəhərlərimiz xarabalığa çevrilib.

Toponimlərimiz, tarixi abidələrimiz, məscidlərimiz və digər tarixi irsimiz erməni vandalizminə məruz qalıb. Ermənistan Azərbaycana 350 milyard manatdan çox ziyan vurub. Azərbaycan həmin ziyanın dəyərində təzminat tələb edəcək. Ekspertlər hesab edir ki, əgər Ermənistanın pulu varsa, pul verəcək. Yoxdursa, sovet dövründə aldıqları torpaqların bir qismini təzminat formasında bizə qaytara bilərlər. Məsələn, Zəngəzuru, Göyçəni bizə qaytara bilərlər. Çox maraqlıdır ki, Ermənistanın etdiyi vəhşiliklərin fonunda kompensasiya ödəməli olduğunu artıq  beynəlxalq ekspertlər də dilə gətirir. Bu narahatlığı dəfələrlə erməni siyasətçiləri də ifadə edib. Bunun müqabilində müəyyən ərazilərin hətta Azərbaycana verilməsi artıq beynəlxalq müzakirə mövzusuna çevrilib.

Məsələn, beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib ki, talan edilmiş abidələr, qəbirlər və dağıdılmış şəhərlər beynəlxalq hüquq normaları üzrə işğalçı ölkəyə qarşı irəli sürülmüş iddiaya daxil edilməlidir: “Fikrimcə, Azərbaycana dəyən ziyanın dəyəri daha əvvəl səsləndirilən rəqəmlərdən qat-qat çoxdur. Qeyd edim ki, İrəvanın pulu yoxdur. Əgər ona borc verilsə, bu bir neçə nəslin əsarəti olacaq. Digər tərəfdən, xatırladaq ki, İkinci Qarabağ müharibəsinin başlanğıcında dünyanın hər yerindən erməni iş adamları təklif edirdilər ki, Azərbaycandan ermənilər üçün Qarabağ torpağını satın alsınlar. Buna əsaslanaraq İrəvana Zəngəzuru və Bakı üçün vacib olan digər strateji obyektləri verməyi təklif etmək olar ki, bu da işğal dövrünün fəlakətli borclarının silinməsi ilə nəticələnər”.

Zahid Oruc: "Ali Baş Komandana xaricdən informasiya çamuru atanlar…”

Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc mərkəzin təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib ki, ermənilərin I və II Qarabağ müharibələrindəki hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır: “Əgər düşmən tərəfin 34 illik hərbi cinayətlərə görə təzminat ödəməyə imkanı yoxdursa, dünyada onun əvəzini torpaq və digər alternativ vasitələrlə tələb etmək nümunələri var. Zəngəzur dəhlizi xalqımıza qarşı edilən müharibə cinayətlərinin, vurulan mülki və iqtisadi ziyanların əvəzində tam Azərbaycanın istifadəsinə verilməlidir!” Mərkəz sədri təklif edir ki,  keçmiş köçkünlərə vurulan maddi ziyanların qiymətləndirilməsi tezləşməli, bir milyon insanın Ermənistana “Evimin təzminatını ödə” aksiyası isə ciddi hüquqi-siyasi nəticə doğurar.

Natiq Cəfərli: "80 min yeni iş yerinin açılması inandırıcı deyil”

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli isə Minval.az-a müsahibəsində deyib ki, iqtisadi nöqteyi-nəzərdən Azərbaycan yaxşı bilir ki, Ermənistanda heç vaxt belə böyük məbləğ olmayacaq – hətta böyük arzu olsa belə… “Bu vəziyyətdə, xüsusən də kasıb ölkədən söhbət gedirsə, konkret olaraq nə etmək olar? Azərbaycan tərəfinin sülh danışıqları zamanı Ermənistandan vergi və gömrük güzəştləri ilə bağlı bir sıra bəndləri tələb etmək və hətta sənədə daxil etmək hüququ var.

Azərbaycan biznesinin Ermənistan ərazisində fəaliyyətə başlamasını tələb etmək, malların rüsumsuz ixracını və Azərbaycanın iştirak edəcəyi investisiya layihələrinin tətbiqini təmin etmək lazımdır. Təbii ki, Ermənistan müqavimət göstərəcək, lakin Azərbaycan və Türkiyənin bu məsələlərdə birgə hərəkət etdiyini, o cümlədən Türkiyə əhalisinin 84 milyon, Azərbaycanın isə 10 milyona yaxın olduğunu nəzərə alsaq, sərhədlər və iki ölkə arasında iqtisadi əlaqələr yaranarsa, bir neçə ildən sonra Azərbaycan və Türkiyə Ermənistanda hakim iqtisadi mövqeyə sahib olacaq.

Ermənistan bazarı çox kiçikdir, əhali cəmi 2,5 milyon nəfərdir, bu ölkənin iqtisadiyyatı 71%  Rusiya kapitalından asılıdır və indi dünyada baş verən son geosiyasi tendensiyaları nəzərə alsaq, Ermənistan Rusiya üçün yükə çevrilir. Tamamilə mümkündür ki, zaman keçdikcə Rusiya bu yükdən qurtulmaq istəsin. Bəs Rusiya öz aktivlərini kimə sata biləcək? Ermənistanın iqtisadi inkişafında fəal iştirak edə bilən Türkiyə və Azərbaycana. Və ona görə də hesab edirəm ki, indicə müzakirə olunan məqamlar yekun sənəddə öz əksini tapsa, bu, erməni işğalçılarının ölkəmizə vurduğu ziyanın qismən kompensasiyasına çevrilə bilər”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı: “Maliyyə imkanları yoxdursa,  təzminat əvəzinə ərazi verməlidirlər”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Ermənistan Azərbaycana vurduğu zərərlərə görə gec-tez təzminat ödəməlidir:  “Ermənistanın vurduğu zərərin miqyası o qədər böyükdür ki, ödəməli olduğu buna uyğun təzminatı ödəməyə gücü çatmayacaqsa, əvəzində Azərbaycana torpaq verə bilər. Bu məsələ ilə bağlı irəli sürülən fikirlərdə məntiq var. Dünya təcrübəsində də təzminatın ərazi ilə əvəzlənməsi faktlar var. Ermənistan Azərbaycana vurduğu zərərə görə təzminat ödəməlidir. Əgər maliyyə imkanları buna imkan verməyəcəksə, bu o demək deyil ki, təzminatı ödəməməlidir. Maliyyə imkanları yoxdursa, Ermənistan özünü bankrot dövlət elan etməlidir. Bundan sonra da beynəlxalq hüquqa uyğun olaraq növbəti addım atılmalıdır. Növbəti addım isə vəsait əvəzinə Azərbaycana ərazi verilməsi olmalıdır. Ərazi isə Zəngəzur olmalıdır. Əslində hər kəs bilir ki, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. SSRİ o ərazini qanunsuz olaraq Ermənistan adlanan dövlətə birləşdirmişdi. Azərbaycan tərəfi beynəlxalq məhkəmələrdə təzminatın hansı yolla olur-olsun ödənilməsi məsələsinin üzərində ciddi dayanmalıdır. Bu məsələ Azərbaycanın gündəmində daim saxlanmalıdır. Ermənistan etdiyi cinayətlərin cəzasını beynəlxalq məhkəmələrdə də çəkməlidir. Bunun üzərindən heç bir halda keçmək olmaz”.

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə: “Azərbaycanın bunu tələb etmək hüququ var”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Ermənistanın Azərbaycana təzminat ödəməsi ilə bağlı səslənən fikirlər və irəli sürülən təkliflər tamamilə əsaslı, həmçinin beynəlxalq hüquqa uyğundur: “Azərbaycan bu məsələnin üzərində şübhə yoxdur ki, davamlı şəkildə dayanacaq. Çünki Azərbaycanın torpaqlarını Ermənistan işğal etməklə həm dövlətimizə, həm o torpaqlardan didərgin salınmış yüz minlərlə sakinə ümumilikdə dəyəri yüz milyardlarla dolarla ölçülən maddi zərər vurulub. Dövlət obyektləri tamamilə dağıdılıb, talan edilib, ekologiyaya dəhşətli divan tutulub, əhalinin mülkiyyəti talan edilib, mənimsənilib, yanıdırılıb. Eyni zamanda insanların yaşamaq hüququna təcavüz olunub. Bütün bu və digər faktların hər biri beynəlxalq hüququn, insan hüquqlarının Ermənistan tərəfindən pozulmasıdır. Ona görə də Ermənistan gec-tez beynəlxalq məhkəmələrdə, beynəlxalq arbitraj məhkəməsində törətdiyi bu cinayətlərə görə cavab verməlidir. Azərbaycan dövlətinə və əhaliyə vurduğu maddi zərərlərin əvəzinə təzminat ödəməlidir. Ermənistan təzminatı vəsait şəklində ödəmək iqtidarında olmayacaqsa, beynəlxalq hüquq və təcrübə imkan verir ki, Azərbaycan müəyyən ərazini təzminat olaraq versin. Azərbaycan dövlətinin də bunu tələb etmək hüququ var”.

Hüquq müdafiəçisi qeyd etdi ki, bir sıra beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi erməniləri müdafiə edən təşkilatların da qarşısında Ermənistanın Azərbaycan dövlətinə, yüz minlərlə vətəndaşına qarşı həyata keçirdiyi sadaladığımız və digər çoxsaylı cinayətlərə münasibət bildirilməsi məsələsinin qladırılması bu istiqamətdə atacağımız addımlardan biri ola bilər: “ATƏT-in Demokratika Təsisatlar və İnsan Hüquqları Bürosu bir neçə gün öncə Tvitter səhifəsində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən rəsmən araşdırıldığı elan edilən və montaj edilərək hazırlanan saxta olduğu ehtimalı yüksək olan bir videoya “erməni hərbi əsirlərin güllələnməsindən şoka düşdük” kimi bir rəy bildirib. Görüntüdəki faktların həqiqət olduğu, oradakı əsgərlərin Azərbaycan əsgərləri olduğu hələ təsdiqini tapmayıb. Ancaq qeyd etdiyim beynəlxalq təşkilat şübhəli, təsdiqini rəsmi tapmamış bir videodan şoka düşdüyünü yazır. Amma 30 il ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 20 faiz ərazisini işğal etməsi, işğal zamanı dinc insanlara, əsir götürülən hərbçilərə, mülki şəxslərə qarşı amansız divan tutması, işgəncələrlə qətlə yetirməsi, Azərbaycanın rayonlarının, yüzlərlə kəndinin talan edilib yandırılması faktlarından şoka düşdüyünü 30 ərzində bir dəfə olsun bildirməyib, yazmayıb. Bu cür beynəlxalq təşkilatların Ermənistanın məhv etdiyi Azərbaycan kəndlərinə, şəhərlərinə komissiya göndərmələrini də tələb etməliyik. Qoy gəlsinlər və insanı əsl şoka salan dəhşətli mənzərələri gözləri ilə görsünlər. Beynəlxalq təşkilatları mümkün qədər çox həmin ərazilərə gətirməklə və faktların öz gözləri ilə görmələrini təmin etməklə biz gələcəkdə Ermənistana qarşı qaldıracağımız təzminat davalarında həmin beynəlxalq təşkilatların mövqeyinin ədalətli olmasına müəyyən qədər də olsa nail ola bilərik”.

Etibar SEYİDAĞA

COMMENTS