Tanınmış vəkildən baş prokurora və daxili işlər nazirinə müraciət

Tanınmış vəkildən baş prokurora və daxili işlər nazirinə müraciət

Polis əməkdaşı və onun qohumları tərəfindən ölümcül döyülən Kürdəmir rayon sakini Piriyev Qılman Qanur oğlunun vəkili Bəhruz Bayramov ötən gün baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edərək cinayətdə iştirak edən 4 nəfərdən yalnız bir nəfərin məsuliyyətə cəlb edilməsinə etirazını bildirmişdi.

Vəkil hüquq – mühafizə orqanlarına etdiyi müraciətdə Qılman Piriyevin pozulmuş hüququnu bərpa olunmasını, Cinayət Məcəlləsinin 126.2.4-cü və 186-cı maddələri ilə cinayət işinin başlanılmasını xahiş etmişdi.

Müraciətdə bildirilirdi ki, 31.03.2016-ci il tarixdə, gecə saatlarında Kürdəmir rayon Polis Şöbəsində işləyən polis-serjantı Asif Fərəcov və onun qohumları tərəfindən Q.Piriyev vəhşicəsində döyülüb: “Qılman qonşusu A.Fərəcova iki həyət sahəsi arasında hasar çəkmək istəyini bildirib. Bu işin köməkli görülməsini təklif edib. Bunu dedikdən sonra Qılman axşam saatlarında namaz qılmaq üçün məscidə gedib. Polis əməkdaşı qohumları Kərim Kərimov, Elbrus Kərimov və Müslüm Kərimovla birlikdə məscidə gəliblər. Asif Fərəcov idarə etdiyi avtomobilini məscidin qarşında dayanan Qılmanın avtomobilinin qarşısında saxlayıb və ona zəng edib küçəyə çağırıblar. Burdahəmin şəxslər qəsdlə Qılmanın sağlamlığına ağır zərər vurublar. Yumuruq-təpiklə yanaşı onu dəmir parçası ilə də döyüblər. Bu dediklərimi məscidin həyətində olan video müşahidə kamerasının görüntüləri sübut edir”.

Bəhruz Bayramov deyir ki, Asif Fərəcov və qohumları Qılman Priyevi huşsuz vəziyyətdə qoyub hadisə yerindən uzaqlaşıblar: “Bundan öncə isə qəsdlə onun əmlakına, yəni avtomobilinə dəmir parçası ilə zərbələr endirib yararsız hala salıblar”.

Vəkil bildirir ki, zərərçəkən şəxs başından, ayağından və qollarından ağır zərbələr alıb: “Döyüldüyü gündən yataq xəstəsi olan Qılmanın ayağı beş, əli 4 yerdən sındırılıb. Əli ola bilsin kəsilsin. Kəllə-beyin travması alıb, daxili orqanları zədələnib. Müstəntiq Ramidin sözlərinə görə, tibbi ekspertiza rəy verib ki, guya ancaq qolundan zədələnib. Əslində heç bir ekspertizadan keçirilməyib, saxta rəy alnıb. Müstəntiq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə (Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) cinayət işi açıb. Dörd nəfərdən yalnız bir nəfəri cinayət məsuliyyətinə cəlb edib. Bu maddə ilə təqsirləndirlən şəxs iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

B.Bayramovun sözlərinə görə, onun Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət etməklə tələbi odur ki, dörd nəfər tərəfindən təhlükəli üsülla Qılman Priyevin sağlamlığına ağır zərər vurulduğu üçün Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) cinayət işi açılsın. Həmçinin, hüquqlarının müdafiə etdiyi şəxsin əmlakına qəsdən zədə vurulduğu üçün cinayət işinə Cinayət Məcəlləsini 186-cı maddəsinin əlavə edilməlidir.

Vəkil bir az öncə Dosye.org-la əlaqə saxlayaraq daxili işlər və baş prokurorluğa müraciətindən bir sutka keçməsinə baxmayaraq ortada videosübut ola-ola cinayətin digər iştirakçılarının hələ də məsuliyyətə cəlb olunmamasından, onun müraciətinə adıçəkilən qurumlardan reaksiya bildiriməməsindən təəssüfünbü ifadə edib.

Onun bildirdiyinə görə Cinayət Prosessual Məcəlləsinin 300-cü maddəsinin tələblərinə görə KİV-də yayılan cinayət hadisəsi ilə bağlı müvafiq hüquq-mühafizə orqanları dərhal hərəkətə keçməlidir. Amma indiki halda vəkil bu qurumların cinayəti sanki görməzdən gəlməsindən təəssüfünü bildirir və ümid edir ki, sabah məsələyə rəsmi qurumların açıqlaması olacaq və cinayətin bütün iştirakçılarının məsuliyyətə cəlb edilməsi təmin ediləcək.

Dosye.org

COMMENTS