Top.Mail.Ru

[color=red]Telekanallarımız əxlaqsızlığı təbliğ edir” [/color]

[color=red]Telekanallarımız əxlaqsızlığı təbliğ edir” [/color]

Namiq Hacıheydərli”   Ər evində bir ay oturmayan biri ailə mədəniyyətindən danışır”

 

Ölkədə elektron informasiya vasitələrinin vəziyyəti necədir? Telekanallarımız çağdaş dövrün tələblərinə nə qədər cavab verirlər? Moderator.az Azərbaycan Yazıçılar Birliyinin Muğan şöbəsinin sədri, şair-publisist Namiq Hacıheydərlinin bu barədə verdiyi müsahibəni təqdim edir.

– Mediamızda ümumi əxlaqi-mənəvi durumu necə qiymətləndirirsiniz? Sizi, bu sahədə daha çox hansı tendensiyalar narahat edir?
– Nə acılar ki, bu sahədə durum ürəkaçan deyil. Xüsusən bəzi saytların xəbər yayımı bərbad durumdadı. Təsəvvür edin saytda on xəbər yayımlanıb. Onlardan çoxu “ata öz qızını zorladı”, “arvad öz ərini bıçaqladı”, “qardaş bacısını öldürdü” və sair bu kimi başlıqlarla verilir. Elə bəzi televiziya kanallarımız da xəbər başlığında bağıra-bağıra bu kimi xəbərləri anons edir. Bu kimi xəbərləri oxuyan və izləyən ailələr öz içində artıq bir-birinə şübhə etməyə başlayıb, qarşılıqlı güvənsizlik şəraiti yaranıb. Arvad ərinin onu öldürə biləcəyi, bacı qardaşının onu bıçaqlaya biləcəyi ehtimalları üzərində düşünür. Ümumiyyətlə televiziya məkanında durum çox acınacaqlıdı. Milli-mənəvi dəyərlərə uzaqbaşı həftədə bir dəfə zaman ayrıldığı halda, o dəyərləri hər addımında və davranışında ayaqlayan şou təlxəklərinə az qala hər gün veriliş həsr edilir. Ər evində bir ay oturmayan biri ailə mədəniyyətindən danışır, rəqqasə xalqa məsləhət verir, şoumen ciddi mövzulara ekspert qismində dəvət olunur, falçı, cindar, baxıcı və sair millət qarşısına çıxarılır, saatlarla fikirləri dinlənilir və bunun əslində izləyiciyə təhqir olduğunun fərqinə varılmır. Bəzən TV kanallarında rayonlarımızdan və ya hansısa ölkədən veriliş hazırlanır. Çox qısa girişdən sonra “Hörmətli tamaşaçılar! İndi sizə filan yeməyin necə hazırlandığını göstərəcəyik” – deyə dərhal mətbəx söhbətinə keçilir. Sanki, Azərbaycan tamaşaçısını yalnız qarın söhbətləri düşündürür.

– “Media və milli dəyərlər” – bəzən, deyirlər ki, medianın ana qanunu bütün xəbərlərə açıq olmaqdır. Dünya mediasının bir parçası olan Azərbaycan mediasının hansısa özəlliyinin olmasını qəbul edirsiniz, yoxsa, ümumi axına qoşulmalıyıq?
– Mediada nəzərə alınmayan və ya çox az önəm verilən nəsnələrdən biri milli dəyərlərdi. Öncəki sualın davamı olaraq deyə bilərəm ki, mediada milli dəyər məsələsi arxa planda qalıb. Hansısa mətbu orqan və ya TV verilişi istisnalıq təşkil edə bilər, lakin ümumi mənzərə budur. Hesab etmirəm ki, media bütün xəbərlərə açıq olmalıdı. Əksinə, ictimai əhəmiyyət kəsb edən xəbərlərin yayımına üstünlük verilməli, yasadışı və qeyri-əxlaqi əməllər içərən xəbərlərin yayımı minimuma endirilməlidi. Bu gün Azərbaycanda TV-lərin “fəaliyyəti” nəticəsində bayağı məzmunlu seriallar, meyxana və şou verilişləri kimi gərəksiz yayımlar izləyicisi olan bir ordunun “yetişdiyinin” fərqindəyik. Müqayisəni isə əsasən Rusiya və Türkiyə mediası ilə aparmaq imkanımızın daha çox olduğunu nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan mediası hələ ki, mənfi yönümlü yayımlarla və qeyri-ciddi verilişlərinə görə dünya mediasının qismən tərkib hissəsi ola bilsə də maarifləndiricilik kimi mütərəqqi missiyanı üzərinə götürmək baxımından hələ ki, dünya mediasının tərkib hissəsinə çevrilə bilməyib.

– Ötən əsrin əvvəllərində, elə sonrakı dövrdə də media, mətbuat həm də maarifləndirici vasitə idi. Hazırkı dövrdə medianın maarifləndirmə missiyasının sərhədlərini necə görürsünüz?
– Nə acılar ki, media bir zaman önə çəkdiyi ciddi məsələləri bu gün az öncə qeyd etdiyim kimi arxa plana keçirib. Yüz il əvvəl məhdud sayda mətbuat orqanı ilə dövlət quracaq bir aydınlar ordusu yetişdirildiyi halda bu gün media vasitəsi ilə dövlət və millət anlayışına biganə qalan kütlə yetişdirilir. Çox az sayda mətbu orqan və verilişlər istisna olmaqla mediamız maarifləndiricilik missiyasından çox uzaqlaşıb. Bu gün həyat tərzinin və əxlaq durumunun bu millətə aidiyyatı olmayan təlxəklərin qarderobundan daha çox veriliş hazırlanır, nəinki bu millətin tarixində əhəmiyyətli yeri olan böyük kişilərdən. Yəni bir cümlə ilə ifadə etmiş olsam mediamızda – təlxəkliyin, bayağılığın və səviyyəsiz yayımların xeyrinə olmaqla – ciddi şəkildə balans pozulmaqdadır.

– Mediamızda əxlaqi, mənəvi durumun aydınlaşması, durulaşması üçün sizcə hansı tədbirlər, layihələr həyata keçirilməlidir? Siz Nə təklif edirsiz?
– İlk öncə bu iş mənəvi durumu aydın olan insanlara həvalə edilməlidi. Medianın başına Zərdabi, Mirzə Cəlil, Əli Bəy yolunun yolçuları – millətə xidmət yolunu tutanlar və Sabir demiş “bu yolda sümüyünü də əritməyə hazır olan” kimsələr gətirilməlidi. Maqazin tipli əttökən və meyxana kimi qeyri-ciddi janrda olan verilişlərin yayımı dayandırılmalıdı. Mollaların və molla təfəkkürlü insanların, rəqqasələrin, himnimizdən xəbəri olmayan manısların verilişlərə özəlliklə qonaq və ekspert qismində (!) dəvətinə son verilməli, şou əhlinin xalq qarşısına çıxarılmasına məhdudiyyət qoyulmalı və bunun yeri tarixi, ədəbi və mədəni verilişlərlə, maarifləndirici yayımlarla doldurulmalıdır. Elə etmək lazımdı ki, xalq nadir qafarzadələri, faiq ağayevləri, röyaları deyil, Kür Şadı, Bilgə Xaqanı, Oğuzu, Qazi Bürhanəddini, Axundzadəni, Əli Bəyi, Üzeyir bəyi, Bəxtiyar Vahabzadəni, Ulutürkü… tanısın və həm də yaxşı tanısın. Təbliğat milli düşüncənin arxa plana keçirilməsi üzərində yox, milli kimlik düşüncəsinin oyanışı üzərində qurulmalıdı. O zaman millət özü ona nəyin gərəkli və nəyin gərəksiz olduğunu dəqiq müəyyən edə biləcək.

COMMENTS