Azərbaycan Texnologiya Universiteti və adıçəkilən təhsil ocağının rektoru Akif Süleymanov haqqında redaksiyamıza ilginc faktlar daxil olub. Xatırladaq ki, adıçəkilən təhsil ocağı Gəncə şəhərində yerləşir.
Dosye.org-un elektron ünvanına göndərilmiş şikayət məktubunda Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və digər müvafiq qurum rəhbərlərinə müraciət edilərək baş verənlərə son qoyulması istənilir.
Məktubda iddia olunur ki, Texnologiya Universitetinin rektoru vəzifəli şəxslərin adlarından sui-istifadə edərək təhsil ocağını “bazarkom” təfəkkürüylə idarə edir. İronik üslubda yazılmış şikayətdə Gəncə şəhər icra başçısı Elmar Vəliyevə “məsləhət” də verilir: “ Cənab Elmar Vəliyev! Sizdən xahişim budur ki, Akif Süleymanovu Gəncə Şəhər Kəpəz Rayon yaxınlığında yeni tikilən bazara “bazarkom” təyin edəsiniz. Çünki, onun rektorluq fəaliyyəti belə düşünməyə əsas verir ki, o bu işin öhdəsindən daha layiqincə gələr. Onsuz da Texnologiya Universitetində rektoru Akif Süleymanovu hər kəs maşın alverçisi kimi tanıyır”.
Daxil olan məlumatda daha sonra bildirilir ki, 2013 cü ilin mart ayında rektor təyin olunan Akif Süleymanov bir neçə gündən sonra köhnə “HUNDAY SONATA” markalı avtomobiliniprorektora ötürərək özünə 40 min manatlıq “LEXUS ES 20-AA-520” alıb. Rektorun oğlunun məşhur maşın alverçisi olduğunu qeyd edən məktub müəllifinin aşağıdakı fikirləri isə əsl qalmaqala səbəb ola bilər. Həmin fikirləri olduğu kimi təqdim edirik: “ Diqqətinizə çatdırım ki, Akif Süleymanovun oğlu maşın alverçisidir, elə rektorun özü də bir neçə dəfə iclaslarda bildirib ki, mənim oğlum maşın alveri ilə məşğul olur və Təhsil Naziri Mikayıl Cabbarov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru vəzifəsində işləyərkən oğlum ona maşın hədiyyə edib. O, eyni zamanda hər fürsətdə bəyan edir ki, “mən Rabitə və İnformasiya Texnologiya Naziri Əli Abbasovla bir sinifdə oxumuşam, Təhsil Naziri Mikayıl Cabbarov isə oğlumun dostudur”.
Bir qədər paradoksal görünsə də məktubda Gəncə şəhər icra hakimiyyəti başçısından bu təhsil ocağında yoxlama aparması xahiş olunur:”Hörmətli Elmar Vəliyev! Siz komissiya yaradın, yeni dərs ilində universitetin hər dekanatlığında araşdırma aparsınlar. O zaman təsdiqini tapacaq ki, universitetdə tələbələr aylığa buraxılıb, tələbələr imtahana gəlmirlər, gələn azsaylı tələbələr də imtahan verə bilmirlər”.
P.S. Şikayət məktubunda dərc etməyə etik cəhətdən lüzum görmədiyimiz digər şok ittihamlarla bağlı isə araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
COMMENTS