Tofiq Heydərov həqiqətən də saxlanılıb

Lakin sonradan külli miqdarda pul müqabilində azadlığa çıxıb

 

Xatırlayırsınızsa, bir müddət öncə mətbuatda “AAAF Park” yaşayış kompleksində Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalardan sonra, “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun saxlanıldığı barədə məlumatlar yer almışdı.
Lakin həmin xəbərdən bir müddət keçəndən sonra Tofiq Heydərov da mətbuata müraciət edərək verdiyi müsahibəsində özünün saxlanıldığı barədə yazılanları israrla təkzib etməyə çalışıb. O özü barədə yayılan bu məlumatın təxribat xarakterli olduğunu bildirib. Amma bununla yanaşı, təxribatın hardan, kimlərdən gəldiyini açıqlamayıb və yaxud da açıqlaya bilməyib. Bunun əvəzində, “AAAF” İnşaat şirkətinin Azərbaycanda ən güclü inkişaf etmiş şirkət olması ilə öyünüb. Özünü təmizə çıxarmaq üçün müsahibəsində bu şəxs ona kimlərinsə paxıllıq etdiyini, prezidentin yaxın günlərdə Xırdalana gəlişi ərəfəsində törədilən təxribat olduğunu iddia edib. Lakin Gündəm Xəbər.az saytının bu günlərdə mötəbər mənbəyə istinadən aldığı məlumata görə, Tofiq Heydərov
heç də həqiqəti söyləməyib. Mənbə bildirir ki, “AAAF Park” yaşayış kompleksində Vergilər Nazirliyi tərəfindən həqiqətən də yoxlama aparılıb. Bu yoxlamanın nəticəsi olaraq da, verilən bilgiyə görə, külli miqdarda vergidən yatındığına görə, Tofiq Heydərov həbs olunur. Lakin həbsdə o cəmi bir neçə gün qalır. Belə ki, mənbə onun külli miqdarda xərc qoyması müqabilində azadlığa çıxdığını söyləyir.
Düzdür, mənbə bu zaman Tofiq Heydərovun nə qədər xərc çəkdiyini bilmədiyini dedi. Amma hər halda, haqqında söhbət açılan şəxsin həbs edildiyi, sonradan isə çoxlu pul verərək, azad edildiyi haqda yazılan məlumatların həqiqət olduğunu təsdiqlədi. Görünür, T. Heydərov həqiqətlərin üzə çıxması ilə özü barədə mənfi imic formalaşacağından ehtiyat edərək, bəzi mətbuat vasitələrinə haqqında yazılan və real mənzərəni əks etdirən məlumatları təkzib etməyi tapşırıb.
Qeyd edək ki, Heydərovun saxlanılmasının motivlərinə gəldikdə, onun əslində radikal dini cərəyanlara, xüsusən vəhhabilərə yaşıl işıq yandırdığına görə DİN Banditizmə və Terrorizmə qarşı Mübarizə Baş İdarəsində saxlanıldığı qeyd olunurdu. Bildirilirdi ki, onun uzun müddətdir Abşeronda və Xırdalanda vəhhabi məzhəbindən olan şəxslərə maliyyə yardımları göstərməklə yanaşı, bu dini cərəyanların nümayəndələrinin işlə, yaşayış yeriylə təmin olunmasında, eləcə, onların təhlükəsizliyinin təmin edilməsində ağsaqqallıq missiyasını yerinə yetirməsi hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Hətta iddia olunur ki, qatı dindar olan Heydərovun rəhbəri olduğu obyektlərin əksər işçiləri də məhz vəhhabi məzhəbinin nümayəndələri olublar.

Maraqlıdır ki, bu faktla bağlı olaraq, hələ cari ilin fevralında Abşeron Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov
da vəhhabi probleminin gündəmə gəldiyi bir vaxtda rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta tikinti şirkətlərinin təmsilçilərinin iştirakıyla çağırılan iclasda çox ciddi mesajlar vermişdi. Burada o, radikal dini qruplaşma üzvlərinə kömək göstərən şəxslərlə bağlı ciddi ölçü götürüləcəyi barədə xəbərdarlıq etmişdi. O zaman yazılanlara görə, xəbərdarlıq edilənlər arasında “AAAF İNŞAAT MMC”nin təsisçisi Tofiq Heydərov da olmuşdu. Qeyd olunmuşdu ki, radikal dini qruplaşma üzvləri ilə hər hansı formada əməkdaşlıq və ya onlara yardımla bağlı xəbərlər təsdiqlənəcəyi təqdirdə heç kəsə güzəşt edilməyəcək.
Bu xəbərlərdən göründüyü kimi, Tofiq Heydərovun həbsi iki amillə, radikal dini qruplaşma ilə əlaqələri və vergidən yayınma halı iə bağlı olubmuş.
Verilən məlumatda o da vurgulanır ki, “AAF park”a giriş-çıxışa da məhdudiyyətlər qoyulub: “Məsələn, adını qoyublar ki, ailəvi parkdır və yalnız ailəsi yanında olan kişilər buraxılır. Düzdür, buna əməl edirlər. Lakin bununla yanaşı bu haldan istifadə edib, oraya daha çox yanına ailəsini deyil, istənilən bir qızı salıb gedənlər daha çox olur. Hər gün belə mənzərələrin şahidi oluruq. Yəni, əslində, sözügedən park insanların istirahət mərkəzindən daha çox əxlaqsızların toplaşdığı bir məntəqəyə çevrilib. Bu isə, ora gələn sağlam düşüncəli insanları narahat etməyə bilməz”.
Həsən

COMMENTS