Tofiq Zülfüqarov Elmar Məmmədyarova qarşı

Sabiq nazir xələfinin fəaliyyətini tənqid etdi; XİN-dən reaksiya gəldi; ekspert: “Nazir prezidentlə razılaşmayanda Tofiq Zülfüqarov kimi istefa verməyi də bacarmalıdır”

Bir müddət öncə Latviyadan səfir vəzifəsindən geri çağırılan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov uzun fasilədən sonra sükutu pozaraq mətbuata müsahibə verib və xeyli ilginc fikirlər söyləyib. Haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevə müsahibəsində T.Zülfüqarov Azərbaycanın xarici siyasəti, Qarabağ münaqişəsinin tənzimlənməsi, nazir Elmar Məmmədyarovun fəalliyyəti barədə gözlənilməz açıqlamalarla çıxış edib.

 Qeyd edək ki, T.Zülfüqarov  1999-cu ildə məşhur İstanbul sammiti ərəfəsində Qarabağın təslimini özündə ehtiva edən sülh razılaşmasının masa üzərinə çıxarılmasına etiraz əlaməti olaraq komandanın digər üzvləri, mərhum dövlət müşaviri Vəfa Quluzadə və prezidentin köməkçisi Eldar Namazovla birgə istefa vermişdi. Lakin sonrakı dönəmlərdə digər iki nəfər hər hansı post tutmasa da, T.Zülfüqarov Baltikyanı ölkələrə səfir təyinatı aldı.

T.Zülfüqarov müsahibəsində deyib ki, onun səfir təyin olunması prezidentin özünün qərarı olub. “Hərçənd ola bilsin o başqalarının da mövqeyini dinləmişdi… Mən KİV-lərdə tez-tez çıxış edirdim, ancaq xarici siyasətə dair qiymətləndirmələrlə. Bütün fəaliyyətim ölkənin milli maraqları ilə uzlaşmışdı. Görünür, bu amil dəyərləndirildi. Fikrimcə, əgər insanın dəqiq vətəndaş mövqeyi varsa və milli maraqlardan çıxış edirsə, onu gec-tez qiymətləndirəcəklər”  – deyə, sabiq nazir əlavə edib.

“Son 10 ildə aparılan danışıqlarda nə baş verib? Sizdə hansısa yeni informasiya varmı? Sizin danışıqlar apardığınız vaxtdan bu yana nə dəyişib” – suallarına cavabında T.Zülfüqarov XİN-in fəaliyyətinə tənqidi yanaşaraq bunları deyib: “Təəssüf ki, danışıqlar barədə informasiyalar çox məhduddur. Və mənə elə gəlir ki, ictimaiyyət hansısa nüanslar barədə daha çox bilsə, yaxşı olar. Təsəvvür edin ki, mən danışıqlar barədə informasiyanı öz Xarici İşlər Nazirliyimizdən deyil, hansısa Qərb diplomatlarından alırdım. Bəziləri etimad göstərib informasiyaları bölüşürdülər. Mən bu və ya digər formada danışıqlar prosesinə cəlb edilmiş insanlarla görüşmüşəm. Merzlyakovla (rusiyalı həmsədr), Anjey Kasprşiklə, digər diplomatlarla. Biz səfirlərlə uzun qış gecələrində görüşəndə söhbət istər-istəməz Qarabağdan da düşürdü”. Sabiq səfir bildirib ki, rəsmi qəzetlərdə yayılan informasiyalardan başqa heç bir məlumat ala bilməyib. “Mən hesab edirəm ki, bu düzgün deyil. Təkrar edirəm, mənim informasiyam var. Ancaq Azərbaycandan alınmış informasiya deyil” – deyə, vurğulayıb.

Qarabağ danışıqlarına gəldikdə, T.Zülfüqarov prosesin dalana dirəndiyini də vurğulayıb: “Madrid prinsiplərinin irəli sürülməsindən sonra danışıqlarda heç nə baş vermir”.

XİN-də baş verənlərlə, “üsyançı” diplomatlarımızla bağlı isə T.Zülfüqarov daha konkret fikirlər söyləyib: “Bizim XİN-dəki problemlər adi gözlə də görünür. Və belə görünür ki, bu problemlər təkcə bizə yox, prezidentə də məlumdur. Ancaq nöqsanların aradan qaldırılması üçün artıq hansısa addımlar atılır. Hərçənd ki, nəticələr haqda danışmaq tezdir. Başa düşmək lazımdır ki, XİN-in avtoriteti toxunulmaz olmalıdır. Çünki bu nazirlik milli və dövlət maraqlarını qoruyur. XİN-dəki situasiya ictimaiyyətin müzakirəsinə açıla bilməz. Əgər XİN haqda çox danışırlarsa və yazırlarsa, deməli, bu strukturda böhran yetişib. Mən həyatımın xeyli hissəsini bu nazirliyə həsr etmişəm. Müstəqilliyin ilk günlərindən orada işləmişəm, milli maraqların təmin olunması üçün çox enerji sərf etmişəm. Ona görə də indi orada baş verənləri ağrı hissi ilə izləyirəm”.

Göründüyü kimi, keçmiş nazir vaxtilə rəhbərlik etdiyi qurumun indiki durumuna təəssüflənib və tənqidlərini maksimum ehtiyatlı şəkildə çatdırıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, T.Zülfüqarov XİN-i tənqidində haqlıdır: “Xarici İşlər Nazirliyi həqiqətən böhran yaşayır. Əlbəttə, indiki ağır iqtisadi və sosial durumumuzda digər nazirliklər də böhran içindədir. Ancaq XİN-dəki böhran Azərbaycanın imicinə təsir edir. İl ərzində xaricdə çalışan nə qədər diplomatımız geri qayıtmaq istəmədi. Bəli, bunun bir səbəbi onların siyasi baxışlarının dəyişməsi ilə bağlıdır. Ancaq başqa səbəb də var. Onlar geri qayıdıb işsiz qalmaq istəmirlər. Məsələ burasındadır ki, XİN-də diplomatların rotasiya prinsipi tanışlığa və ”dayday” sisteminə əsaslanır. Neçə diplomat tanıyıram ki, gəncdir, enerjilidir, neçə xarici dil bilir, ancaq arxa-dayağı olmadığına, orta təbəqəli ailələrə məxsus olduqlarına görə çalışdıqları ölkədən geri qayıtdıqdan sonra XİN-də başqa vəzifəyə təyin olunmayaraq işsiz qalıblar. Onların yerinə telefonla tapşırılanlar XİN-də işə götürülüblər”. E.Şahinoğlu qeyd etdi ki, bunu görən xaricdəki diplomatlarımız geri qayıtmaqdansa, siyasi sığınacaq almağı doğru yol hesab edir: “Bu isə beynəlxalq aləmdə Azərbaycanın imicinə mənfi təsir edir. Nazir olan kəs illik geniş mətbuat konfransı keçirər, jurnalistlərin ən müxtəlif suallarına cavab verməklə həm şayiələrin qarşısını alar, həm də daxili və xarici auditoriyaya lazımi mesajlar yollayar. Vilayət Quliyev xarici işlər naziri olanda ondan ən azı 3 dəfə müsahibə aldığımı xatırlayıram.

Azərbaycan dilində səlis müsahibələr verir və çalışdığım ”Azadlıq” qəzetini maraqlandıran heç bir sualı cavabsız buraxmırdı. Ondan əvvəlki nazir Tofiq Zülfüqarov da mətbuata açıq idi. O da aktual məsələlərlə bağlı mütəmadi müsahibələr verir, ictimaiyyəti bilgiləndirirdi. İndiki nazirin doğma dilində necə danışdığı hamıya bəllidir. Mən razıyam, qoy rus dilində müsahibə versin, ancaq mütəmadi ictimaiyyəti məlumatlandırsın. Yoxsa, jurnalistlərimiz Elmar Məmmədyarovu ayaqüstü hansısa tədbirin girişində və ya çıxışında tutan zaman açıqlamalar almaq məcburiyyətindədirlər, ya da gözləməlidirlər ki, nə vaxt hansısa ölkənin xarici işlər naziri ilə birgə mətbuat konfransı keçirəcək. Halbuki Azərbaycanın xarici siyasəti, yaxın və uzaq dövlətlərlə münasibətlərlə bağlı o qədər suallar yığılıb ki, bunları cavablandırmaq lazımdır”. Ekspert bildirdi ki, məlumatsızlıq problemləri dərinləşdirir, şayiələrin çoxalmasına şərait yaradır: “Bu isə artıq ölkənin təhlükəsizliyi üçün ciddi təhdidə çevrilir.

Nazirimiz Türkiyəni demirik, heç olmasa dilini mükəmməl bildiyi Rusiyanın xarici işlər nazirindən örnək götürsün, heç olmasa hər ilin sonunda geniş mətbuat konfransı keçirsin. Azərbaycanın müstəqillik tarixində Elmar Məmmədyarov qədər zəif xarici işlər nazirimiz olmayıb. Doğrudur, Azərbaycanda xarici siyasəti prezident formalaşdırır, ancaq nazir bu siyasətin yerinə yetirilməsində də aciz görünür. Məsələn, rəsmi Bakı balanslaşdırılmış xarici siyasət elan edib. Ancaq bu siyasət o demək deyil ki, ABŞ-ın ünvanına döşəməli, Rusiyanın Ermənistana dəstəyinə seyrçi qalmalıyıq. Bunun harası balansdır? Rusiya XİN-dən açıqlama verilir ki, Türkiyənin baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsin, bizim nazirlikdən səs də çıxmır. İki cür insan var: yaradıcı və əmr qulu olanlar. Elmar Məmmədyarov ikincilərin zəifindəndir. Halbuki xarici işlər naziri yaradıcı ağlını da işlətməli, gərəkli hallarda prezidentə təkliflər verməyi də bacarmalıdır. Nazir prezidentlə razılaşmayanda Tofiq Zülfüqarov kimi istefa verməyi də bacarmalıdır”.

Maraqlıdır, bəs sabiq nazirin dedikləri XİN-də necə qarşılanıb?

XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Bu, Tofiq Zülfüqarovun şəxsi mülahizələridir, biz onun şəxsi mülahizələrini şərh etmirik”. T.Zülfüqarovun hazırkı statusuna gəldikdə, XİN rəsmisi dedi ki, diplomat səfir vəzifəsindən geri çağırılıb və konstitusiyaya görə, ölkə prezidentinin sərəncamındadır. Maraqlıdır, keçmiş səfir geri çağırılandan sonra nazir tərəfindən qəbul olunubmu? H.Hacıyev bu barədə məlumatlı olmadığı üçün şərh verə bilməyəcəyini qeyd etdi. XİN sözçüsü T.Zülfüqarovla birgə geri çağırılan digər sabiq səfirlərin müvəqqəti də olsa, nazirlikdə işlə təmin olunub-olunmayacağı barədə də suala cavab verə bilməyəcəyini dedi.

COMMENTS