Top.Mail.Ru

Topçubaşovun baş həkimi iradlarını bildirdi

“Bu itki tibbi nöqtəyi nəzərdən əməliyyat sayına görə əla göstəricidir”

 

Son zamanlar akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (keçmiş Klinik Eksperimental Təbabət institutu) ətrafında ittihamlar gəzməkdə davam edir. İrəli sürülən iddialara görə, burada xəstələrdən müayinə və əməliyyat üçün küllü miqdarda pul alınır, tibb müəsisəsində rüşvətxorluq halları baş alıb gedir, əməliyyata girənlərin çoxu oradan sağ çıxmır, həkimlər arasında xəstə alveri gedir və. s. Sonuncu insident isə xəstəxanada işdən çıxarılan mühafizə xidməti işçilərinin narazılıqlarıdır.

 

Belə ki, bir qrup şəxs adı cəkilən xəstəxanada özbaşnalığın qarşısının alınması məqsədiylə ölkə rəhbərinə və digər qurumlara müraciət ediblər. Bütün irəli sürülən ittihamlarda xəstəxananın baş həkimi Yusif Əliyevin adı hallanır. Məsələylə bağlı Baş həkim “Qafqazinfo”ya öz mövqeyini bildirib. Baş həkimin fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq.

“Biz belə idiksə, bu günə qədər niyə susurdular?”

 

Baş həkim əvvəlcə keçmiş mühafizə xidməti işçilərinin xəstəxana ilə bağlı fikirlərinə aydınlıq gətirir. “Bu məsələ inzibati, təssərrüfat işləri olduğundan mənim səlahiyyətimdə deyil. Amma haqqımda deyilənlərə cavab verməliyəm. Altı nəfərdən ibarət keçmiş işçilər deyirlər ki, baş həkim dərman firmaları ilə əlbirdir. Hər ay külli miqdarda qazanc əldə edir. Amma mənim əlimdə faktlar var ki, həmin gözətçilər özləri xəstəxana rəhbərliyinin xəbəri olmadan işlər görüblər. Belə ki, həmin firmalardan pul götürüb onları xəstəxanaya buraxıblar. Xəstə yaxınlarından qaydalara zidd olaraq pul götürüb, qeyri-ziyarət vaxtında içəri salıblar. Gözətçilər lazımı səviyyədə mühafizəni təmin etmirdilər. Bir də bu şəxslər saxta müqavilə ilə burada işləyirmişlər. Bunu sonradan “Riyad Mühafizə Xidməti” MMC şirkəti aşkarladı.

 

Şirkətin rəhbərliyinin bu məsələdə təqsiri olmayıb. Şirkətlə bağlanan müqaviləyə görə işlə bağlı təyinatı və işə son verilməsini yalnız şirkətlə həll edə bilərik. Çünki bütün hallarda gözətçilər şirkət vasitəsiylə bura göndəriliblər. Qaldı ki, həmin altı nəfərə, onlardan bir neçəsinin bizdə adı gedir, yəni işçimiz sayılırlar. Amma bir aya yaxındır işə gəlmirlər, biz də artıq Həmkarlar İttifaqına müraciət etmişik. Yəqin ki, bundan sonra ölçü götürüləcək. Digər məsələdə iddia olunur ki, ştat cədvəlində qeyri-qanuni işçilər var. Onların pulunu mən alıram. Axı bizə maaş kart vasitəsiylə verilir. Bunu necə etmək olar? Mənim əməliyyatları bölüşdürməyim haqqında deyilənlər isə tam cəfəngiyyatdır. Bizdə əməliyyat bütün həkimlər arasında növbə ilə bərabər bölüşdürülür. Özüm isə son vaxtlar daha çox müalicə işi ilə məşğul oluram.

 

Bir də fakt kimi irəli sürülən fikirləri deyərkən bir az dəqiq olmaq lazımdır. Onların dediyi, bu vaxta qədər xəstəxana haqqında çıxan söhbətlərin heç bir əsası yoxdur. Konkret kimin harda, necə xəstəni incitməsini desinlər. Sual verilə bilər. Bəs bu qədər nöqsan vardısa, 7 ay ərzində mühafizə xidməti işçiləri niyə susurdular? Onların öz hərəkətləri ilə bağlı əlimdə faktlarım var, ehtiyac olsa onları da lazımı orqanlara təqdim edə bilərəm” .

“Hər xəstənin ölməsinin səbəbini cərrahda axtarmaq doğru deyil”

Baş həkim bildirib ki, onlara yönəldilən ittihamlarda qeyd olunur ki, güya tək ötən iyul ayında altı nəfər ürək əməliyyatından sağ çıxmayıb. Onun sözlərin görə, məsələnin mahiyyətini bilmədən ittiham etmək doğru deyil: “Xəstəxanamızın ürək cərrahları peşəkar şəxslərdir. Bəli, ölüm halları olub. Amma nəzərə alın ki, bu kənardan göründüyü qədər asan iş deyil.

 

Dünyada ən ağır əməliyyat açıq ürək əməliyyatı hesab olunur. Və biz heç vaxt xəstəmizin ölməsini istəmərik. Əməliyyatda hər ölən xəstənin günahını həkimdə görmək olmaz axı. Bəzən xəstələrimiz çox gec müraciət etsələr də, əməliyyat istəyirlər. İndi tibbin inkişafı əməliyyatın olmasını mütləq edir. Gəlin bir az müqayisə aparaq. Dünyanın aparıcı kardeoloji xəstəxanalarında da xəstə əməliyyat zamanı ölə bilər. Hətta ABŞ-ın nüfuzlu Klivlend xəstəxanasında da hər 100 xəstədən 3-5 nəfəri əməliyyat zamanı ölür”.

“Ürək xəstəliyi, əməliyyatı çoxalmayıb, sadəcə tibbin inkişafı bunu diqtə edir”

Yusif Əliyev deyir ki, xəstəxana müasir daxili orqan əməliyyatlarını həyata keçirir. Xəstəxananın 4 ildir qurulmasına baxmayaraq, açıq ürək, damar əməliyyatlarını da həyata keçirir: “Yəni, biz bu sahədə hələ yeni mərhələdəyik. Qonşu Ukrayna, Belarusiya ilə müqayisədə bu sahədə təcrübəmizi daha tez əldə etmişik. Yeni mütəxəsislərin hazırlanması prosesi gedir. Təkcə iki il ərzində xəstəxanamızda 700-dən çox ürək stent əməliyyatı aparmışıq. Bu əməliyyatlarda cəmi bir nəfər insan dünyasını dəyişib. Bu itki tibbi nöqtəyi nəzərdən əməliyyat sayına görə əla göstəricidir.

 

Ölüm səbəblərinin çoxu açıq ürək əməliyyatatları zamanı baş verir. Bu da çox riskli, qəfildən olduğundan bunu proqnozlaşdırmaq mümkün deyil. Tək böyüklər deyil, hər gün burada təxminən 2-3 uşaq da əməliyyat edilir. Yeganə uşaq ürək cərrahımız Elnur Həsənov olduğundan hələlik gücümüz buna çatır. Yeni cərrahlar yetişməkdədir. Uşaqların çoxu doğuşdan ürək qüsuru ilə dünyaya gəlirlər. Çox vaxt deyirlər ki, getdikcə, ürək xəstəlikləri çoxalıb, xəstəlik cavanlaşır. Amma belə deyil. Sadəcə tibb sürətlə inkişaf edir. Müayinə metodları təkminləşdiyindən xəstəliklər aşkarlanır, ölüm əvəzinə əməliyyat baş verir. Təəssüf ki, bu gün də insanlar çox halda həkimə vaxtında müraciət etmirlər” .

 

“Beş saat əməliyyatda qalan cərrah haqqını niyə almamalıdır ki?”

Baş həkimin dediyinə görə, onlara qarşı sürülən ittihamlarda o da deyilir ki, buranın həkim, cərrahları pulsuz heç nə etmirlər. Yusif Əliyev beş saat əməliyyatda qalan cərrahın haqqını niyə almamalı olduğunu soruşur: “Bu o demək deyil ki, bizdə pulsuz əməliyyat olmur. Təkcə ötən il 864 xəstə göndəriş əsasında pulsuz müayinə və əməliyyat olub. Bu göstərici bu ilin yeddi ayı ərzində 432 nəfərə çatıb. Bütün xəstələri özüm qəbul edirəm. Bu barədə Səhiyyə Nazirliyinin xüsusi göstərişi var. Nəzərə alınır ki, müraciət edənlərin 80%-i maddi cəhətdən imkansızdır. Qəbul etdiyimiz xəstələri qaydası üzrə növbə ilə həkimlərə yönəldirəm.”

“Tibbi sığorta haqqında Qanun qüvvəyə minsə, xəstələrin işi asanlaşacaq”

 

“Heç bir həkim məsuliyyətdən qaça bilməz. Bizi, həmkarlarımı bəzən maddi məsələdə qınayırlar. Bəli, bu gün həkimin əməkhaqqı çox azdır. Amma bu məsələni həll etmək nazirliyin səlahiyyətində deyil. Yəqin yaxın illərdə bu problem həllini tapacaq. 2015-ci ildə “Tibbi sığorta haqqında” Qanunun tətbiqi də həkim pasiyent münasibətlərinin maddi müstəvidə həllinə yardım edəcək. Buna inanırıq.”

COMMENTS