Torpağı əlindən alınan kəndli: Onu heç kəs eşitmək istəmir

Bərdə rayonunun Qaraqoyunli bələdiyyəsi Eldar Əmirova verdiyi torpağı sonra başqa adamlara satıb.

Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci ildə apardığı torpaq islahatının səsi indi çıxır.Qaraqoyunlu kəndində pay torpaqları dövlət aktında göstərilən yerdən deyil, başqa-başqa yerlərdən verilib. Nəticədə kənd sakinlərinə sənətsiz, sübutsuz torpaq paylanıbdır ki, bu da sonralar vəzifəli adamların sui-istifadəsinə gətirib çıxarıb. İslahat qonşunu-qonşuya, qohumu-qohumla üz-üzə qoyub. Patriarxal adətlər belə unudulub sanki.

Torpaq uğrunda bütün münasibətlər korlanıb, sıradan çıxır. Kənd sakini Eldar Əmirov və digər həmkəndliləri: Tağıyev Qurban Əli oğlu,Quliyev Nizami İfrat oğlu və Quliyev Vaqif İfrat oğlu ilə neçə illərdi torpaq davasına çıxıblar. Davaya səbəb də Eldar Əmirovun istifadə elədiyi torpağın üç həmkəndlisi tərəfindən ələ keçirilməsidir. Sənədlər, məhkəmə qətnamələri Eldar Əmirovun haqlı olduğunu göstərsə də faktiki olaraq torpağı başqaları əkib becərir. Eldar Əmirovun dövlət orqanlarına müraciətlər eləsədə haqqını bərpa edə bilmir. Bərdə rayon İcra Hakimiyyəti Eldar Əmirovu eşitmək belə istəmir. Gəncə Apelyasiya Məhkəməsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qətnamələri də kağız üzərində qalıb, icra edilmir. Bərdə rayonu Qaraqoyunlu kənd sakini Eldar Əmirov qanunsuz olaraq yerli hakimiyyət orqanlarının ona məxsus olan torpağı əlindən aldıqlarını bildirir.

Şikayətçi ilə söhbət zamanı məlum olur ki, o hələ islahatdan çox-çox əvvəl, SSRi adında dövlət dağılmamışdan, Qorboçovun yenidənqurma siyasəti illərində, yəni 1990-cı ildə kiçik müəssisə yaradaraq ilk dəfə torpaq alıb, müstəqil təsərrüfatçılıqla məşğul olub. 1998-ci ildə dövlətin həyata keçirdiyi torpaq islahatı zamanı ona pay torpağı qanunauyğun olaraq elə həmin kiçik müəssisəyə ayrılmış sahədən verilib. İslahat zamanı pay torpağından artıq qalan torpağı isə Eldar Əmirov Bələdiyyədən icarə müqaviləsi bağlamaqla istifadə edib.

Qanunsuz əməllərin başında Bərdə rayon Qaraqoyunlu bələdiyyəsinin sədri Nicat Məmmədovun durduğunu deyir Eldar Əmirov. Şikayətçi başına gələnləri Reportyor.info-ya danışaraq Rayon icra Hakimiyyətinin başçısı Vidadi İsayevi də günahlandırır. Bildirir ki: ” İcarəyə torpaq götürmüşdüm. Son vaxtlar rayonun başçısı həmin icarəyə götürdüyüm torpağın sənədlərinin olmasına , Ali Məhkəmənin qüvvəyə minmiş qətnaməsinin mövcudluğuna baxmayaraq zorla əlimizdən alıb başqa adamlara satmışdır. Ona görədə lazım olan yerlərə müraciət etməyə məcbur oldum. Elə bir təşkilat, qurum olmayıb ki, müraciət etməyək. Ancaq bu günə qədər heç bir köməklik olmayıb. Yalnız yalan vədlər verməklə bizi aldadırlar.Belə ki, Ali Məhkəmənin qərarı ilə sənəd əsasında 20 nəfər ailə üzvümüzün dolanışığı olan , istifadə etdiyimiz 9 hektar torpaq sahəsinin Bərdə rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayev zorla əlimizdən alıb, Qaraqoyunlu kənd bələdiyyəsinin yaxın qohumlarına satıb “deyir. Eldar Əmirov bildirir ki, məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmaq istəsələrdə buna nail ola bilməyiblər. ” Hətta bizi oradan qovmuşdur. Həmin adamların bu yer üçün sənədlərinin olmadığı halda rayonun başçısının himayədarlığı ilə mənim istifadə etməli olduğum torpaqdan istifadə edirlər.” qeyd edir. Dəfələrlə yonca əkilmiş sahəsinə traktor salıb əkdirilməsindən danışan Eldar Əmirov ona külli miqdarda ziyan vurulduğunu deyir. Bildirir ki, İcra başçısı bu işin arxasında durduğuna görə Polis , prokurorluq onların şikayətinə baxmayıb. ” Bütün cinayət işləri ört-basdır edilərək ləğv edilir. Bərdə rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayev və Qaraqoyunlu Bələdiyyəsinin sədri Nicat Məmmədov səlahiyyətlərini aşaraq Prezidentimizin torpaq zəbti ilə bağlı sərəncamı , Ali Məhkəmənin qərarına məhəl qoymayaraq 20 nəfərlik ailənin yeganə gəlir yeri olan 9 hektar torpağı sataraq bizi səfalətlə üz-üzə qoyublar. ” belə deyir Eldar Əmirov. Həm ailə vəziyyətinə, Həm siyasi fəaliyyətinə, həmdə sosial mövqeyinə görə ona qarşı olan münasibətdən inciməsi duyulur Eldar Əmirovun danışığında.” Mən üç uşaq atası, 1993-cü ildən YAP üzvü , həmin ildən partiya təşkilat katibi işləmiş , partiyanın yaradıcılarından olan şəxsin başına belə bir oyun gətirirlər.” deyir Eldar Əmirov. Pambıq əkmək üçün zavodla müqavilə bağlasada rayonun başçısının ona torpağından istifadə etməyə imkan vermədiyini deyir, Eldar müəllim. Son ümid yerinin prezident İlham Əliyev və Vitseprezident Mehriban xanım Əliyeva olduğundan onlardan imdad diləyir. Müraciətdə bildirir:” Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin və Qaraqoyunlu kənd bələdiyyəsinin sədri Nicat Məmmədovun ali məhkəmənin qərarı ilə olan torpağımızı əsassız olaraq əlimizdən alıb başqa adamlara verdikləri üçün bu adamların haqqında tədbir görülməsinə göstəriş verəsiniz. Bizim torpağımızın özümüzə qaytarılmasına köməklik edəsiniz. Ümüdümüz Prezidentimiz cənab İlham Əliyev, vitseprezidentimiz Mehriban xanım Əliyeva Sizədir”

Dosye.org

https://www.youtube.com/watch?v=t4QdZHD8G0c

COMMENTS